Cəbrayılda ermənilərin istifadə etdiyi ağ fosforlu sursatlar aşkarlanıb

 Cəbrayılda ermənilərin istifadə etdiyi ağ fosforlu sursatlar aşkarlanıb
  09 İyul 2021    Oxunub:1902
Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olmuş müraciətə əsasən 2021-ci il 3 iyul tarixindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılıb.
Bu barədə Azvision.az -a ANAMA-dan məlumat verilib. Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmiləri aşkar edilib. Ermənistan silahlı qüvvələrinin ağ fosfor tərkibli sursatlardan mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı istifadəsi həm 2016-cı ilin aprel döyüşləri zamanı, həm də 44 günlük Vətən Müharibəsi zamanı faktlarla təsdiqini tapıb. Aşkar olunan 17 ədəd ağ fosfor tərkibli minaatan mərmiləri Ermənistanın dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha sübut edir.



Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il "Adi silahların konkret növləri haqqında konvensiya"nın Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair III Protokolu ilə qadağan edilir. Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə Dördüncü Cenevrə Konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur.



Ağ fosfor hava ilə təmas edən zaman öz-özünə alışır, maye halında olduğu üçün istənilən səthə asanlıqla yapışa və yanğın törədə bilər. Yanma temperaturu 1200 C°-ni ötür ki, bu da dərin, gec sağalan yaralara səbəb olur. Yanma məhsulu olan tüstü nəfəs yollarını qıcıqlandırır ki, bağlı məkanda bu tüstünün çox miqdarda udulması ağır zəhərlənməyə və ölümə gətirib çıxara bilər.

Azvision.az


Teqlər: DSX   Cəbrayıl  





Xəbər lenti