Ad günlərini əsgərlərilə keçirərdi... Raquf Orucovun doğum günüdür

 Ad günlərini əsgərlərilə keçirərdi... Raquf Orucovun doğum günüdür
  12 İyul 2021    Oxunub:2699
Bu gün aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. Yaşasaydı, 49 yaşını qeyd edəcəkdi.

Azvision.az "Murov qartalı" ləqəbini daşıyan komandirin həyat yoldaşı Sevinc Orucova ilə söhbətləşib.
- Raquf ölümü ilə tarix yazan, ölümün öldürə bilmədiyi qəhrəmanlardandır. Ölümsüzlük hər kəsə nəsib olan bir zirvə deyil. Bu zirvəyə o, hələ sağlığındaykən ucala bilmişdi.

- Hərbçilər adətən sərt insanlar olurlar. Doğum günlərini qeyd etməyi sevmirlər. Bəs, Raquf bəy necə, doğum günlərini qeyd edirdimi?
- Heç vaxt doğum günlərini qeyd etmirdi. Xatirəmdə ad günü mərasimi ilə bağlı heç nə yoxdur, çünki heç vaxt özəl gününü qeyd edə bilməmişik. Hətta ən axırıncı doğum günündə də evə çox gec, gecə gəlmişdi. Ad günlərini əsgərləri ilə keçirməyi xoşlayırdı. Onlara sovqat aparardı. Deyərdi, “doğum günümdür, qoy, onlarla bir yerdə olum”.

- Ona hədiyyə etdiyiniz hansı əşyalar hələ də qalır?
- Ağdamda hərbi hissə komandiri idi. Uşaqlarımız kənd mağazalarının birindən öz pulları ilə Raqufa bozqurd heykəli hədiyyə almışdılar. Bu günə kimi o hədiyyə bizim evin pəncərəsində durur.



- Uşaqları ilə münasibəti necə idi? Onlara vaxt ayıra bilirdimi?
- Çox ciddi insan idi. Hisslərini biruzə verməzdi. Onun uşaqlarla doyunca deyib-gülməyi, haradasa istirahət etməyi yadıma gəlmir. Komandir kimi komandir idi. Övladlarımız sözlərini atalarına birbaşa demirdilər. Mənə pıçıldayırdılar, mən ona çatdırırdım. Raqufun sərt qaydaları var idi. Amma, biz alışmışdıq, onu olduğu kimi sevirdik. Mənim nəzərimdə evin kişisi elə onun kimi zabitəli olmalı idi.

- Raquf Orucova deyə bilmədiyiniz hansı sözünüz yarımçıq qaldı? Ürəyinizdə ona deyiləsi nələr qalıb?

- Kaş ki, deyə biləydim... Onu Ağdamın, Şuşanın azad olması münasibəti ilə muştuluqlayardım. Məzar daşına deyil, özünə pıçıldayardım. Deyərdim, Raquf, yaşadığın ev, ananın məzarı azaddır.

Kaş Vətən Müharibəsində də iştirak edə biləydi... Ağdamda döyüşüb, orada şəhid olardı. Amma bilərdi ki, anasının məzarı azad olunub. Onun anasını ermənilər öldürmüşdü. Həmişə anasının qisasını almaq istəyirdi.



- Övladlarınız atalarını necə xatırlayırlar?

- 5 il ərzində bizim balaca övladımızla bu haqda heç vaxt söhbət etməmişəm. O, atasının yoxluğu ilə barışmır. Deyir, “Atam niyə məni tək qoyub getdi?” Atasına çox bağlıydı.

- Uşaqları ilə bağlı hansı arzuları var idi?
- Yaxşı təhsil almalarını arzulayırdı. Deyirdi, ”nəyi bacarırsınızsa, onun arxasınca gedin. Bacardığınız işdən yapışın”. Elə insan idi ki, heç kimi istəmədiyi işlərə məcbur etmirdi.

Öz qaydaları, tərbiyə metodu vardı. Həyata, insanlara özünəməxsus yanaşırdı. Hər sözü deməzdi, abır saxlayardı. Səbirli davranardı. Dinləməyi xoşlayardı. Müşahidə qabiliyyəti əla idi, insanlara düzgün dəyər verməyi bacarırdı.





Şahanə Rəhimli

Azvision.az



Teqlər: RaqufOrucov   Murovqartalı   şəhid  



Xəbər lenti