Termin hoqqabazlığı: Nevroloq blogerin cahilliyini göstərdi

  Termin hoqqabazlığı:  Nevroloq blogerin cahilliyini göstərdi
  13 İyul 2021    Oxunub:3804
Sosial şəbəkələrdə "Pantural" adı ilə tanınan azərbaycanlı blogerin İnstaqramda paylaşdığı video böyük müzakirəyə səbəb oldu. O, videoda açıq-saçıq geyinən qadınlara qarşı zorakılıq törətməyə çağırış edir. Amma işin təhlükəli tərəfi budur ki, bloger bu "ideologiya"nı saxta elmi faktlarla "əsaslandırmağa" çalışır.
- Elə qadınlar var ki, özləri buna şərait yaradır. Elə geyinirlər ki, istəyirsən keçəndə vurasan onu. Qayıdıb sənə nəsə deyəndə, cavab verəsən ki, göstərirsən, vururam. Yaxşı edirəm, kor gəzməliyəm?- Pantural sözlərinə bəraət qazandırır. - Həyatda bizi yaşadan serotonin və endorfin hormonlarıdır. Həmin hormanları siz bizdə aktivləşdirirsiniz. Biz sizə baxanda şəhvət hissimiz oyanır. Testosteronumuz qalxır. Serotoninimiz endorfin ifraz edir.

Bəs əslində nə baş verir? Kişi açıq-saçıq geyimli qadın görəndə beynində hansı neyrofiziolji proseslər gedir? Bunlar doğurdanmı, nəzarət edilə bilinməyəcək qədər çətin proseslərdir? Bu, insan xarakterindən asılıdır, yoxsa bütün kişiləri birləşdirən fizioloji məsələlərdir?

Bu suallara Azvision.az-a açıqlamasında həkim-nevroloq Qalib Əsədov aydınlıq gətirib.

- Hissləri şüurunun üzərində hakim olanlara biz ağılsız, axmaq adamlar deyirik. Məsələn, tutaq ki, acdır və vəhşi kimi yeyir. Küçədə qəşəng qız görəndə söz atır. Hisslərini idarə edə bilmir. Ağlı hissləri üzərində hakim olan adamlara isə biz ağıllı adam deyirik. Ağıllı insan olmaq ali təhsil almaq, institut oxumaqla ölçülmür. Ola bilər ki, insan ucqar dağ kəndində yaşayır, amma müdrik, ağıllı bir şəxsdir. Yəni öz hisslərini cilovlaya bilir. Təbii ki, açıq-saçıq geyimli qadın görəndə kişidə hansısa proses gedə, hansısa bir istək əmələ gələ bilər. Ancaq insan ağıllıdırsa, ən azından, küçədə və ya yolda olduğunu unutmayacaq. Hətta gözəl qadın şəkli görəndə də bu hisslər yarana bilər. Bunlar tək kişilərdə deyil, qadınlarda da baş verir . Bu hisslərin yaranması təbiidir. Sadəcə olaraq, açıq-saçıq geyimə görə hisslər o dərəcədə ola bilməz. İnsan şüurlu haldadırsa, hansısa içkinin və ya dərman maddəsinin təsiri altında deyilsə, istənilən halda ağıllı adam öz səviyyəsini qoruyub saxlayır. Bəzən qadınlar kişi həkimə müraciət edir. Ona qalsa, həkim desin ki, bağışla, mən hisslərimə qalib gələ bilmədim? Və ya özümü saxlaya bilmirəm? O, düşünür ki, həkimdir, vəzifəsi müayinə edib, diaqnoz qoymaqdır. Hisslər olsa belə, onu cilovlaya bilir.

Bütün bu proseslər kişinin səviyyəsindən, uşaqlıqdan beyninə yeridilən informasiyadan, savadından, biliyindən, mədəniyyətindən asılıdır, - deyir həkim. - Uşaqlıqdan kitab oxuyan, böyüdükcə elm öyrənən, inkişaf edən, valideyinləri tərəfindən əxlaqi dəyər aşılanan adam heç vaxt bu cür tərbiyəsizlik etməyəcək. Hamımız küçədə oluruq və ətrafımızdan müxtəlif geyimli qızlar keçir. Bu, o demək deyil ki, kimsə tərbiyəli adamdırsa, onun hissləri yoxdur. Sadəcə, həmin adam hisslərini idarə edir. Çünki uşaqlıqdan ona valideyinləri, müəllimləri aşılayıblar ki, bu şeyləri etmək olmaz. Nə olsun ki, qarşındakı açıq-saçıq geyinib? Bəs şüur, ağıl insana nə üçün verilib? Bütün bunlar insanın mənəviyyatından, aldığı tərbiyədən, özünə qarşı qoyduğu əxlaq kodeksindən, dünya görüşündən asılı olan bir şeydir.

Qalib həkim blogerin ifadə etdiyi hormonlar məsələsinə də toxunub:
- Serotonin və endorfin tamamilə başqa şeylərdir. Onların qadına heç bir dəxli yoxdur. Qadın görəndə həvəs yaradan faktor dofamin hormonu dur. Bunun isə ümumiyyətlə, serotoninə dəxli yoxdur. Serotonin endorfin əmələ gətirmir. Endorfin tamamilə başqa bir yerdə əmələ gəlir və funksiyaları tam fərqlidir. Ciddi olmayan sözlərdir. Bəzən savadsız adamlar hansısa tibbi və elmi terminlərdən istifadə edərək, çıxışlarına elmi don geyindirməyə çalışırlar. Ancaq serotoninin nə olduğunu bilən adam bu sözləri işlətməz. Onun bu sözü tibbi qruplarda lağ hədəfinə çevrilib. İnsan yemək yeyəndən sonra da endorfin əmələ gələ bilər. Bunun söhbətə dəxli yoxdur.
Bu cür fikirləri bloger Əfqanıstanda desəydi, bəlkə də alqışlarla qarşılanardı. Cəmiyyətdən cəmiyyətə fərq var. Ona görə də mütləq oxumaq, dünyagörüşünü artırmaq, təfəkkürü inkişaf etdirmək lazımdır”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Elm  



Xəbər lenti