Azərbaycan XİN-dən Ermənistana tutarlı cavab

  13 İyul 2021    Oxunub :357
   Azərbaycan XİN-dən Ermənistana tutarlı cavab
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin iyulun 9-da Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə bağlı Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota təqdim etməsi ilə bağlı yayılan məlumatlara dair KİV-nümayəndələrinin sorğusunu cavablandırıb.
Azvision.az xəbər verir ki, Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin həmin addımının bu ölkənin hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgiləməsini bir daha göstərdiyini qeyd edərək deyib: “Bir daha vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı. Artıq Şuşa azad olunub, azad edilən digər bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq. Bir sözlə, mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq”.

L.Abdullayeva bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi nota tərtib edərkən ən azından nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir. Görünür, Ermənistan Xarici İşlər Nazirliyində rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də təsirini göstərir.

Ermənistan Xarici İşlər Nazirliyi artıq bölgədəki yeni vəziyyəti dərk etməlidir. Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir.

Azvision.az

Teqlər: XİN   Ermənistan   Şuşa  






Xəbər lenti