Gənc nəsil bilməz: Ərzaq talonlarının tətbiqindən 38 il keçir

  Gənc nəsil bilməz:  Ərzaq talonlarının tətbiqindən 38 il keçir
  16 İyul 2021    Oxunub:10934
“Şərikli çörək” adlı Azərbaycan filmini hamımız xatırlayırıq. Ağır müharibə illərinin Bakısı, insanların qapqara, daş kimi “kərpic” çörəyi talonla alması, növbələr, dava-dalaşlar, çığır-bağır… Və anası ezamiyyətə gedən balaca Vaqifin çörək talonunu itirib, ac qalmaq təhlükəsi ilə üzləşməsi…
Kart sistemi qıtlıq zamanı əhalinin istehlak malları ilə təmin olunmasına xidmət edir. Bu sistemdə mal alarkən onun müqabilində təkcə pul ödəmək kifayət deyil, gərək bir dəfə, yaxud, bir həftə, bir ay istifadə olunan talon da təqdim edəsən. Talonlar insanların bir aylıq istehlak normasını müəyyənləşdirir.

Kart-talon sistemi ilk dəfə Birinci dünya müharibəsi zamanı bir sıra döyüşən dövlətlərdə, eyni zamanda, bizim də daxil olduğumuz Rusiya İmperiyasında tətbiq olunub. Talon sisteminin tətbiqinə Rusiyada ilk dəfə 1916-cı ildə müharibənin səbəb olduğu ərzaq qıtlığı ilə əlaqədar başlanılıb. Sonradan, 1917-ci il aprelin 29-da Müvəqqəti hökümət də bu praktikadan istifadəyə start vedib. Talonlarla əhaliyə taxıl məhsulları – buğda, çovdar, pərinc (buğda növü), darı, qarabaşaq və s. verilib.

Talonlar Oktyabr inqilabından sonra 1918-ci ilin avqust-sentyabr aylarında meydana çıxıb və 1921-ci ilədək davam edib, elə həmin il NEP-ə (Yeni İqtisadi Siyasət) keçidlə əlaqədar ləğv olunub.

1929-cu ildə NEP siyasətindən imtina ediləndə bir çox şəhərlərdə yenidən mərkəzləşmiş kart sisteminə keçilib. Aprel ayında çörək talonları tətbiq olunmağa başlayıb, ilin sonuna doğru kart sistemi bütün ərzaq məhsullarını əhatə edib, daha sonra da sənaye mallarına çatıb. Birinci kateqoriya “kartoçka”lar gündə 800 qram çörək yeyə biləcək fəhlələr üçün nəzərdə tututlmuşdu. Onların ailə üzvlərinin hər birinə də gündə 400 qram verilirdi. Qulluqçular ikinci kateqoriyaya aid idilər və hər gün 300 qram çörək alırdılar. Onların ailə üzvlərinin hərəsinə də o qədər çörək verilirdi. Üçüncü kateqoriya olan işsizlərin, əlillərin, pensiyaçıların gündəlik norması 200 qram idi. “Müftəxor elementlərə” – alverçilərə, din xadimlərinə isə kartoçka verilmirdi. 56 yaşına qədər evdar qadınlar da talondan məhrum idilər, onlar gərək işə düzələydilər.

Bu sistem bütün kollektivləşmə və sənayeləşmə dövründə, Azərbaycan da daxil olmaqla bütün SSRİ-də 1935-ci ilədək mövcud oldu və 40 milyondan çox insanı əhatə etdi.

1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar mərkəzləşdirilmiş kart sistemi yenidən dövriyyəyə girdi. Ərzaq məhsulları və bəzi sənaye malları kartoçkaları Moskva və Leninqradda 1941-ci ilin iyulunda peyda oldular. Talonlar çörəyə, yarmaya, şəkərə, şirniyyat məhsullarına, yağa, parçalara, tikiş məmulatlarına tətbiq olunurdu. 1942-ci ilin noyabrında artıq SSRİ-nin 58 iri şəhərində, o cümlədən Bakıda talonlar dövriyyədə idi.

SSRİ-də ərzaq və sənaye mallarına tətbiq olunan kart sistemi 1947-ci ilin dekabrına qədər davam etdi.

SSRİ-də son talon sistemi 1983-cü ilin iyulun 15-dən tətbiq olunmağa başlayıb. Əvvəllər olduğu kimi, budəfəki sistemin mahiyyəti də defisit malları satmaq üçün pulla yanaşı, xüsusi talonların tələb olunmasından ibarət idi. Əvvəlcə talonlar bəzi qıt olan xalq istehlakı malları üçün verilirdi, ancaq sonradan bir çox ərzaq məhsullarına (tütünə, arağa, kolbasaya, sabuna, çaya, yarmaya, duza, şəkərə, bəzi hallarda çörəyə, mayonezə, yuyucu toza, qadın alt paltarlarına və s.) tətbiq olunmağa başladı.

Amma praktikada tez-tez talonlardan istifadə etmək mümkün olmurdu, çünki müvafiq mallar mağazalarda tapılmırdı. Bunun səbəbi, şübhəsiz, əhaliyə talonla verilən məhsulların düzgün və ədalətli bölüşdürülməsinə cavabdeh şəxslərin, dövlət məmurlarının korrupsiya əməlləri, digər müxtəlif neqativ hallar idi. Aydın məsələdir ki, nəzarətin zəif olduğu yerlərdə mağazalara verilməli olan mallar cürbəcür yollarla yayındırılır, mənimsənilir və “qara bazarda” satılırdı.

1990-cı ildən başlayaraq, qiymətlərin artması və inflyasiya, sərbəst ticarətin yayılmasıyla bağlı talon sistemi aradan qalxmağa başladı. Lakin bir sıra mallar 1993-ci ilədək talonla satılırdı.

SSRİ-də tətbiq olunan talon sistemi, təbii olaraq, Azərbaycandan da yan keçməyib və yaşı 40-dan yuxarı olan nəsil talonlu günləri yaxşı xatırlayır. Sovet hakimiyyəti illərində SSR-nin böyük şəhərlərində tətbiq olunan talon sistemi bütün parametrlərilə və xirda yerli istisnalarla Bakıda və Sumqayıtda da qüvvədə idi. Azərbaycan digər şəhər və rayonlarında, bildiyim qədəriylə, o qədər də geniş yayılmayıb. Nisbətən iri şəhərlər olan Gəncədə, Mingəçevirdə, Naxçıvanda, Lənkəran qismən tətbiq olunması ehtimalı var, ancaq qeyd etdiyim kimi, olsa da, məhdud xarakter daşıyıb. Təəssüf bu barədə, İnternet resurslarında heç bir məlumata rast gəlmədim.

Yadımdadır, 80-ci illərdə yeniyetmə ikən Bakıdakı qohumlara qonaq gələndə onların qastronomlardan talonlarla ət və kərə yağı aldıqlarına şahid olmuşam. Hətta nənəmin buyuruğu ilə özüm də Yasamalda “Bafadarın dükanından” (yəqin ki, Vəfadarın dükanından), “Sevil” kinoteatrı yaxınlığındakı qastronomdan ət və yağ almışam. Adətən dondurulmuş vəziyyətdə olan talon əti bazardakı təzə ətdən 2,5-3 dəfə ucuz olurdu. Yəni talonla kilosu 2 manata satılan ət, bazarda 5-6 manata idi. Kərə yağı isə, talonla 3 manat 60 qəpiyə satılırdı. Dövlət müəssisələrində (yağ-pendir zavodlarında) istehsal olunduğundan kolxoz bazarlarına ayaq aça bilməyən bu vacib məhsulu da ərzaq mağazalarında “altdan” 5-6 manata satırdılar. O zamanlar marqarin yağları və duru yağlar xalq arasında populyar olmadığından, insanlar əsasən kərə yağından istifadə edir, yeməyi onunla bişirirdilər. Kərə yağı eyni zamanda Azərbaycan xalqının səhər yeməyinin ayrılmaz tərkib hissəsi idi. Xalqımız şirniyyat, Novruz bayramında şəkərbura, paxlava, qoğal bişirəndə də kərə yağına üstünlük verirdi. Çünki başqa yağlar həm az idi, həm də qəbul olunmurdu.

Bu səbəbdən, dövlətin ayda adambaşına verdiyi 1 kiloluq kərə yağı talonu ehtiyacları ödəmir, xalq öz yağ təminatını müxtəlif dolayı yollarla, tanışlıqla, əldən, anbarlardan, piştaxta altından almaqla qarşılayırdı. Əvvəllər illeqal yolla 5-6 manata satılan yağın qiyməti sonralar 10-12 manata qalxmışdı. Bazarlarda satılan “nehrə yağının” qiyməti nisbətən ucuz idi ki, bu da onun “çıxarının” zavod məhsuluna nisbətən çox olmasıyla bağlıydı. Yəni əridəndə daha çox ayranı və suyu çıxırdı.

İstər talonla, istərsə də gizli yollarla satılan kərə yağlarının keyfiyyəti də müxtəlif idi. Rusiyadan, Ukraynadan, Belorusiyadan, Pribaltikadan gətirilən yağlar yerli istehsala nisbətən daha keyfiyyətli olur və daha baha satılırdı. Mağazalarda bəzən Avropa ölkələrindən idxal olunan, səliqə ilə qablaşdırılmış “paçka” yağlara da rast gəlinirdi. O zaman Fransa istehsalı olan keyfiyyətli kərə yağları gördüyüm yaxşı yadımdadır.

Azərbaycanın əyalətlərində talon tətbiqi həyata keçirilmədiyindən, rayon əhli yağ tələbatını bir qayda olaraq qeyri-leqal yollarla və bazar qiymətinə mağazalardan, bir də kolxoz bazarından nehrə yağı almaqla ödəyirdi. Bu mənada ailədə adam başına talonla 1 kq yağ alan şəhər əhli daha şanslı idi.

Ancaq ət məsələsində durum bir qədər fərqli idi. Rayon əhalisinə ət talonları da verilmirdi, bununla belə, ayda-ildə bir dəfə, bayram ərəfələrində rayondakı mərkəzi mağazalara kilosu 2 manata dondurulmuş ət də gətirilirdi. Ancaq qiyməti ucuz olsa belə, rayon camaatı dövlətin satdığı buzlu ətə çox da maraq göstərmirdi. Əlbəttə, alanlar vardı, ancaq əksəriyyət haqlı olaraq həmin ətin keyfiyyətini bəyənmirdi.

SSRİ-nin dağıması ərəfəsində qənd və şəkər təminatında müəyyən problem yaransa da, Azərbaycanda bu məhsula talon sistemi tətbiq olunmadı. Artıq sərbəst ticarət öz kövrək addımlarını atmağa başladığından, əhali bu məhsulu baha qiymətə və dolayı yollarla olsa da öz gücüylə əldə edir, dövlətdən nəsə gözləmirdi. Şəkər qıtlığı müstəqilliyin ilk illərinə qədər davam etsə də, bu məhsul talonlaşdırılmadı.

İkinci dünya müharibəsi illərindən fərqli olaraq, son qıtlıq zamanı Azərbaycanda çörək talonları da olmayıb və 1 illik AXC-Müsavat hakimiyyəti dövrü istisna, heç çörək problemi də olmayıb. Bəli, həmin dövrdə ölkədə ciddi çörək qıtlığı, çörək növbələri, “başyardı” vardı, ancaq nə talon tətbiq olundu, nə problemin həlli tapıldı.

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Talon-sistemi   Ət-talonu   Yağ-talonu  





Xəbər lenti