Adını soruşdum, "Etibar" dedi... Fakt-yoxlamasının yaratdığı etibarsız mənzərə

      Adını soruşdum, "Etibar" dedi...    Fakt-yoxlamasının yaratdığı etibarsız mənzərə
  20 İyul 2021    Oxunub:5409
Etibar Hüseynovla bağlı son günlərdə yetərli yazılar, facebook statusları, “Telegram” postları paylaşılıb. Həmin yazıların yalnız sərlövhələrini qeyd edək: “Etibar Hüseynov niyə “yumurtlayır”? “Söyüş makinasınının “düymə”sini kim basıb?”, “Etibar Hüseynov deyəndə ağlınıza nə gəlir?”, "Sitatın sonu"ndan Etibarın sonuna: "Söyüş maşını"nı guruldadan nədir?”, "Onun kimilərin mahiyyətini, xislətini ifşa eləmək, açıb hər kəsə göstərmək lazımdır ki...", “Etibar Hüseynov, sənin buqələmun sifətini xalq yaxşı tanıyır!”, “Hikmət Hacıyevin özünüreklamı heç inandırıcı gəlmir”...
Yalnız adları qeyd edilən yazılarda Etibar Hüseynovun psixoqrafikası tam çəkilib deyə, təkrarçılıqdan uzaq olmaq üçün diqqətçəkən iki məqama aydınlıq gətirəcəyik. Xəbəri olmayan oxucular üçün qısa məlumat verək ki, E.Hüseynovun paylaşımlarında H.Hacıyevin özünüreklamla məşğul olduğunu, hətta bunun üçün “facebook”da hesab açdırıb, trollar vasitəsilə özünə qarşı olanlara cavab verdiyi iddia edir.
Əvvəla, hələ 44 günlük Vətən savaşı dövründə Hikmət Hacıyev facebookda hər hansı səhifə, qrup və ya profili olmadığını dəfələrlə bildirib. Prezidentin köməkçisi bəyan etmişdi ki, Twitter-dən başqa heç bir sosial media hesabı yoxdur.
Gəlin, həmin məlumatı bir daha xatırlayaq.

02 noyabr 2020-ci il tarixində mediada Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılması haqda məlumatlar yayıldı. Bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat vermişdi.




Prezidentin köməkçisi bildirirdi ki, “Hörmətli izləyicilər! Mənim adıma “Twitter”də @hikmet_hajiyev və “Telegram” kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl “Instagram” və “Facebook”da belə saxta profillər yaradılıb. Mənim yalnız “Twitter”də @HikmetHajiyev adlı hesabım vardır”.

Xatirimdədir, müharibə dövründə sosial şəbəkələr və informasiya təhlükəsizliyi mövzusunda yetərli biliyi olan bir mütəxəssislə söhbət edirdik. Söhbət əsnasında Hikmət Hacıyevin adına facebook-da qrupların, profillərin, səhifələrin açıldığını və bunun bir sıra baxımlardan çox təhlükəli olduğunu dedik. Həmin şəxs bildirdi ki, gündə onlarla belə qrup, səhifələrdən şikayət edilsə də, xeyri yoxdur. Bu məsələdə sosial şəbəkə istifadəçiləri, media dəstək verməli, saxta səhifələr bloklanmalıdır. O vaxtdan bəri əksər sosial şəbəkə istifadəçiləri, situasiyanın təhlükəsini anlayanlar facebook-da H.Hacıyevin adıyla rastlarına çıxan heç bir hesabı-səhifəni, qrupu izləmir, iqnor və şikayət edirlər.
Elədirsə, bəs Etibar Hüseynovun davamlı olaraq israr etdiyi nədir?

Burada iki versiya var. Birincisi, ermənilərlə Etibar Hüseynovun eyni mövqedən çıxış etməsi və ya Etibar Hüeynovun erməni mənbələrinə daha çox inanıb, məlumat paylaşması versiyasıdır. Belə ki, elə həmin gün yəni, 02 noyabr 2020-ci il tarixində Hikmət Hacıyevin paylaşdığı digər tvitdə çox diqqətçəkən məlumat var idi. Azərbaycan Prezidentinin köməkçisi onun adına açılan saxta profildən Ermənistan XİN-in səhifəsində şərhlər yazılmasını da qeyd edirdi: “Erməni təbliğat maşını mənim adımdan belə saxta profillər yaradır və sonra Ermənistan Xarici İşlər Nazirliyinə şərhlər yazır. Bu, cəfəngiyyatdır”. Bu qədər aydın və sadə izah.



İkinci versiya. Gəlin, əvvəl bunun elmi izahını verək, sonra fikirlərimizi əsaslandırarıq. Bildiyimiz kimi, kütlə şüuru ilə manipulyasiyada yetərli qədər çirkli metodlar var. Bunlardan beyin yuyulması, proyeksiya, qazlaytinq, qara PR, eyniləşdirmə (birləşdirilmə), mövzu müstəvisinin sürətli dəyişdirilməsi, təhqir, böhtan və s. -i misal göstərə bilərik. Bu metodlardan “proyeksiya” söhbətimizə, daha doğrusu, haqqında söhbət açdığımız şəxsin fəaliyətinə real uyğun gəldiyi üçün, mülahizələrimizi onun üzərində yürüdəcəyik.
Bu metoda görə, manipulyator diqqəti özündən yayındırmaq (və ya əksinə, yaddan çıxmış şəxs diqqəti öz üzərinə çəkmək) üçün neqativlərini, xarakterindəki pislikləri, yaramazlığını digərlərinin adına çıxır, onlar haqqında böhtan xarakterli məlumat formalaşdırır və sonradan informasiya basqısı edir. Dr.Martines-Levinin qənaətinə görə, narsist və sosiopatlar öz neqativlərini, iyrənc hərəkətlərini heç nədən xəbəri olmayan şəxsə yükləyə, ona böhtan ata bilərlər. Bu zaman sosiopat və narsistlər digərlərini öz bəd əməllərinə görə utandırmağa, xəcalət çəkdirməyə çalışırlar.

Etibar Hüseynovun iddiasına görə, Hikmət Hacıyevin özünə guya facebookda qrup və ya profillər yaratdıraraq, özünü təriflədir. Bu iddiaların irəli sürüldüyü 4 statusun hər birində müxtəlif peşə sahibləri, jurnalistlər tərəfindən dəfələrlə əks-arqument gətirilməsinə, fakt göstərilməsinə baxmayaraq E.Hüseynov dediyindən dönməyib. İlk baxışdan səbəb bəlli olmur, qaranlıq, anlaşılmayan situasiya yaranır. Kiçik araşdırma aparmaqla situasiyaya aydınlıq gətirməyə çalışdıq.

Əvvəlcə təqdim edəcəyimiz ilk skrinlərə diqqət edin. Birinci skrində özlərini “milli fədailər”(?) adlandıran qrupun rəhbəri, daha çox Qazaxlı Alikin oğlu kimi tanınan Fuad Muradovun şərhini görürsünüz. Az qala hər sözdə orfoqrafik, qrammatik səhvlər var, bunları kənara qoyuruq. “Qrup rəhbəri” açıqlamasında qeyd edir ki, “Hikmət Hacıyev”in adına açdığı qrupun adını qarşı tərəfin israrından sonra dəyişməyə məcburdur. Siz təsəvvür edirsiniz, məhz Hikmət Hacıyev özü bu qrupun bağlanmasını və ya adının çıxarılmasını istəyib. Sonradan qrup “Müasir Azərbaycan” adı ilə fəaliyyətini davam etdirib (skrinlərdə qırmızı oxla göstərilib), bununla da işimiz yoxdur.





Təbii, sual yarana bilər ki, bəs, Fuad Muradovla Etibar Hüseynovun nə əlaqəsi? Və ya Etibar Hüseynovun yazdığının Fuad Muradova nə aidiyyatı? İzah edək.
Əvvəla, Etibar Hüseynovun bir-iki ildir ki, Fuad Muradovun “milli fədai”lər qrupu ilə əlaqəsi var.



Digər tərəfdən, bu münasibətlərin genişlənməsində Etibar Hüseynovun Qazaxlı Aliklə (Fuad Muradovun atası) dostluq əlaqələri, həmsöhbət olmaları da rol oynayıb və ya əksinə. Paylaşımlardan birində o, Qazaxlı Aliki ziyarət etməyi özünə borc bilib, onunla söhbətdən həzz aldığını dilə gətirib və hətta “Azərbaycanın Çe Qevarası” (Əsl soyadı Guevara yazılır - müəl.) adlandırmaqdan belə çəkinməyib. Təsəvvür edirsinizmi, Azərbaycanın Çe Quevarasını?



Və nəhayət, Hikmət Hacıyevlə bağlı yazılan statusda Fuad Muradov və Etibar Hüseynov arasında mini-polemikaya diqqət yetirin.



Yeri gəlmişkən, həmin bu Fuad Muradov bir müddət öncə Hikmət Hacıyevin İmişlidə avtoqəza keçirdiyi, ağır xəsarət aldığı, hətta iki nəfərin bu qəza zamanı həlak olduğu barədə dezinformasiya yaymışdı. Həmin bu saxta xəbərin o zaman nə üçün yayıldığı bilinməsə də, indi nəyə hesablandığını təxmin etmək olar.

Beləliklə, hansı mənzərə yaranır? Etibar Hüseynov bilə-bilə ki, yaxın dostu, “qəbirə qədər qardaşı” olan Fuad Muradov “Hikmət Hacıyev” adına qrup açaraq, idarə edir, Etibar Hüseynov bilə-bilə ki, Fuad Muradov qarşı tərəfin təkidindən sonra qrupun adını dəyişib, Etibar Hüseynov bilə-bilə ki, burada qərəz və ya nəsə bir sirr var, yenə də fəaliyyətini davam etdirib. İlk ağla gələn heç şübhəsiz ki, elə qruplardan birini və ya bir neçəsini Etibar Hüseynov özünün idarə etməsidir.
Fikirlərimizi bir faktla konkretləşdirək. Etibar Hüseynov statuslarında Hikmət Hacıyevin öz şəninə tərif, alqış və hətta şeir yazdırdığını təkrar-təkrar iddia edir.




Aydın məsələdir ki, yuxarıda qeyd olunanlar şeir deyil. Nə üslub var, nə qafiyə, nə poetiklik. İlk şeirin müəllifi “Mirsəlim Təhməzov” adlı bir gəncdir. Profilinə baxdıqda nədənsə, məhz 2020-ci ilin sentyabr ayında yaradıldığının şahidi oluruq. Mümkündür ki, profil realdır, sözümüz yox. İndi isə digər skrinə diqqət edin. Etibar Hüseynovun öz dililə desək, vəcdə gəlib, yazdığı şeiri (?) oxuyun.
Razılaşaq ki, nadir hallarda üslüb (üslübsuzluq), qafiyə və məzmun baxımından bir-birinə bu qədər oxşar poeziya nüsxələri tapmaq olar. Bax, burada bir məqamı diqqətdən qaçırmayaq. Təsəvvür edin ki, keçmiş deputat, TV-də aparıcı işləyən bir nəfər 18 yaşlı, dostluğunda az insanın olduğu bir gəncin profilini təqib edir, kimə şeir yazdığını izləyir və onu paylaşır. Rasional düşüncəyə sığırmı? Demək, bu profilin idarə olunmasında Etibar Hüseynovun, ya da “milli fədailərin” trollarının mütləqdir ki, əməyi, əli var.
Yeri gəlmişkən, başqalarını özünü təriflətdirdiyinə görə daş-qalaq edən, qışqırıb-bağıran, gündəm mövzusuna çevirən keçmiş deputat özü tərif üçün necə sinov getdiyini, necə həzz aldığını açıq büruzə verir. Onlardan yalnız birinə diqqət edin. “Fanatım”, “gənc xanım dostuma təşəkkür” və s.



Beləliklə, nəticə çıxır ki, Etibar Hüseynov özünün və ya ətrafının hazırladığı saxta profil, qrup və səhifələri elə özünün yazdığı yersiz, əttökən tərif, vəsflərlə gələcəkdə qara PR məqsədi üçün doldurur, zamanı gələndə kampaniyaya başlayır. Manipulyasiyada “Proyeksiya” metodunu yada salın.
İndi davamına diqqət edin.
Bu adamın ciddi manipulyator, saxtakarlıq ustası olduğunu mediada uzun müddətdə çalışanlar, sosial-siyasi mühitdə olanlar bilirlər. Keçmiş deputatı xarakterizə edənlərin bir qənaəti var ki, o, adətən sözünün üstündə dayanmır, aldadır, yalan danışır, bəzən yaltaqlanır, zamanı gələndə yaltaqlandığı adama qarşı müxtəlif yollarla kampaniya aparır, diqqətdən kənarda qaldıqda isə özü haqda hekayə fikirləşir, trolları ilə özünü gündəmə gətirir. Misal üçün, bir faktı deyək. Onun PA-nın ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənova qarşı kampaniyasını görməmiş deyilsiniz. Həmin scrinləri bura əlavə edib, vaxtınızı almaq, ürəyinizi bulandırmaq istəmirik. Əslində bu, o qədər əhəmiyətli də deyil, özləri bilərlər. Vaxtilə bir-birinə “qardaş” deyirdilər. Bu ilk skrin, Əli Həsənov hələ vəzifədə olarkən paylaşılanlara aiddir. O, Əli Həsənovun trolu olaraq, “şefinin” müsahibəsini paylaşır və “təmiz söhbət” yazır.





Bu isə Əli Həsənov vəzifədən uzaqlaşdırılandan sonra paylaşılan yüzlərlə statusdan yalnız biridir. Nə qədər rəzil durumdur?



Etibar Hüseynovu tanıyanlar bildirirlər ki, o, özünü hakimiyyət tərəfdarı, müdafiəçisi, guya əzabkeş, söyüş briqadalarının hədəfi göstərsə də, əslində içində gizlətdiyi nifrət və küdurəti bəzən ehtiyatsızlıqdan, bəzən də ikili oyun oynadığı üçün büruzə verib, müxalifliyini Ezop dilində vaxtaşırı nümayiş etdirib. Aşağıdakı skrində Etibar Hüseynov guya Ramiz Mehdiyevə mesaj göndərir, sonuncu cümlə ilə içindəki kini-küdurəti bayıra çıxardır. “Qollarını burub, lüt gətirmək” mənzərəsi yəqin ki, sosial şəbəkə istifadəçilərinin yadındadır. Yasamalda polisin qanuni tələblərinə müqavimət göstərən insanların hərəkəti, buna adekvat olaraq hüquq mühafizə orqanları əməkdaşlarının polis bölmərinə qolları burularaq aparılmasına işarə vuran keçmiş deputat “praktikada eləsi olur” deyərək, faktiki mövqeyini bəlli edir. Görəsən, Etibar Hüseynov lüzumsuz yerdə, dəxli olmayan mövzuda qıcıq yaradan ifadələr işlətməklə, odun üstünə yanacaq tökməklə nə demək istəyir, məqsədi nədir?



Digər skrinə baxın. Burada nə danışıb, niyə danışıb əhəmiyyətli deyil. Əsas fikir qeyd olunan “cəhənnəmə getdi, gorbagor oldu” ifadəsinə yönəlir. Cənab Prezidentin müharibə dövründə “status” barədə ermənilərə ünvanlanmış mesajının dəxli olmayan yerdə, ələ salırmış kimi, bir az da lağ-lağıya çevirərək, təkrarlamasına nə ehtiyac? Axı, eyni yöndəmsiz və yersiz zarafatı ermənilər də, Etibar Hüseynovun illər boyu guya tənqid etdiyi müxalifdəkilər də təkrarlayır, lağ-lağıya çevirirlər. Bu, nə cürət, bu nə haqq?



Nəhayət, qayıdaq Etibar Hüseynovun bu qəfil hücum kampaniyasının səbəbi ilə bağlı diqqətimizi çəkən ikinci məqama. Etibar Hüseynovu kimlər danışdırır? Bu barədə əlimizdə hər hansı dəqiq, tutarlı fakt yoxdur. Yalnız gümanlarımız var. Söhbətin əvvəlində Fuad Muradovla dostluq əlaqələrini dedik. Qaldı son vaxtlarda daha çox müsahibə aldığı, görüşdüyü şəxslərin kimliyinə, siyasi baxışlarına baxmaq, müşahidə etmək.






Qərar verməkdə, nəticəyə gəlməkdə, düşüncələrinizi bölüşməkdə sərbəstsiniz.
Sitatın sonu.

Sənan Nəcəfov



Teqlər: Qara-PR   Manipulyasiya   Etibar-Hüseynov  





Xəbər lenti