Vaqif Mustafazadənin heç yerdə olmayan səs yazısı - Şəxsi arxivdən

  23 İyul 2021    Oxunub :2068
 Vaqif Mustafazadənin heç yerdə olmayan səs yazısı -  Şəxsi arxivdən
Azvision.az - ın əməkdaşı bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin səs yazısını əldə edib. Musiqiçi 1974-cü ilin dekabr ayında Sevil vokal-instrumental ansamblının üzvləri ilə birlikdə Azərbaycan radiosunun “Sabahınız xeyir” verilişində qrupun fəaliyyəti və gələcək planları ilə bağlı aparıcının suallarını cavablandırıb.
Həmin verilişin səs yazısını saytımıza qrupun bir sıra mahnılarının müəllifi Sevil Rüstəmova təqdim edib. O, arxivinə nəzər salarkən illər əvvəl qoruyub saxladığı bu dəyərli materialı aşkarlayıb.

- Mən Vaqif müəllim və onun qrupunun üzvlərilə 1971-ci ildə səsyazma studiyasında tanış olmuşdum.- Sevil Rüstəmova deyir - “Ürəyimdə görürəm” adlı mahnımı bəstəkara təqdim etdim. Melodiya Vaqif müəllimin o qədər xoşuna gəldi ki, onu kompozisiya kimi ifa etdi. O vaxtlar bu kompozisiya AZTV-də tez-tez sələnirdi. O, həmişə mənə səs yazılarının sürətini saxlamağı məsləhət görürdü. Sizə təqdim etdiyim lent isə orjinal variantdır. O proqramda özümün də iştirak etdiyimə baxmayaraq, indi aparıcının kim olduğunu xatırlaya bilmirəm”.

Saytımız aparıcının Azərbaycan radiosunun baş redaktoru Şəfəq Əlixanova olduğunu dəqiqləşdirib.



Verilişin mətnini təqdim edirik:

Şəfəq Əlixanova: - “Sevil”in cəmi 3 yaşı var. Ancaq bu "körpə"ni respublikamızda, lap elə ittifaqın özündə də hamı tanıyır və sevir. Çıxışlarını maraqla izləyirlər. İndi isə qonağımız ansamblın rəhbəri Vaqif Mustafzadədir.
Vaqif, sabahınız xeyir, xoş gəlmisiniz. Qızlar niyə kənarda durub? Bəlkə, çağırasınız və söhbətə birlikdə başlayaq? Axı “Sevil”i qızlardan ibarət vokal ansambl kimi tanıyırıq.

Vaqif Mustafazadə: - Etirazım yoxdur, amma bizim qızlar danışmaqdan çox, oxumağı sevirlər. Elə bura gələndə yolda da deyirdilər ki,”Bax ha, Vaqif müəllim, biz “Sabahınız xeyir”ə ancaq oxumağa gedirik. Bizi sorğu-suala tutmaq istəsələr, hamımızın yerinə siz cavab verəcəksiniz, bizimki oxumaqdır”.

Şəfəq Əlixanova: Onda qızlara mane olmayaq, qoy, onlar məşqlərinə, biz isə müsahibəmizə davam edək.

Vaqif Mustafazadə: - Hə, o yaxşıdır. Qızlar da öz növbəsində ürək sözlərini “Sabahınız xeyir” üçün gətirdikləri mahnılarla deyəcəklər.

Şəfəq Əlixanova: - Vaqif, səhv etmirəmsə, bu il sizin ansamblın yaranandan bəri ən uğurlu ili olub. İttifaqın müxtəlif şəhərlərindəki konsertlərilə yanaşı, “Sevil”in xaricə, Polşaya ilk qastrol səfəri də böyük uğurla keçdi.


Vaqif Mustafazadə: - Polşaya yola düşəndə hamımız həyacan keçirdirdik. Bu bizim xaricə ilk səfərimiz idi. Həm də Polşa Xalq Demokratik Respublikasının yaranmasının 30 illik bayram şənliyində SSRİ-ni təmsil edən yeganə ansambl ”Sevil” idi. Polşada 15 gün qaldıq. Biz orada polyak bəstəkarı Sadovskinin “Qızıl üzük” mahnısını öyrəndik. İndi həmin mahnı repertuarımızın bəzəyidir.

Şəfəq Əlixanova: - Ansamblın repertuarına bizim Azərbaycan bəstəkarlarından ən çox kimlərin mahnıları daxildir?

Vaqif Mustafazadə: - Bizim ansambl üçün mahnı yazmaq çətindir. Çünki yeni tipli ifanın öz tələbləri var. Ona görə də əvəllər ansambl mahnı sarıdan çox qıtlıq çəkib. Belə vaxtlarda mahnıları işləmək, improvizələri etmək xeyli dadımıza çatıb. İndi Hacı Xanməmmədov, Oktay Rəcəbov, Sevil Rüstəmova və başqaları ansamblımıza yeni mahnılarını təqdim edirlər. Fikrət Əmirov da bu günlərdə “Sevil üçün” yeni mahnı yazacaq. Bizim xalq mahnılarımızı improvizə edib, ansambl üçün işləməyi daha çox xoşlayıram. Milli musiqimiz, Azərbaycan xalq musiqisi ritmiləri sizə qəribə gəlməsin. Ansamblımızın bütün tələblərinə cavab verir.


Vaqif Mustafazadənin Sevil xanım üçün imzaladığı val

Şəfəq Əlixanova: - Bu təbiidir. Bizim xalq havalarının imkanları çox əhatəlidir, genişdir. Ancaq bir məsələ də var. Bəzi dinləyicilər xalq mahnılarının improvizə olunmasının əleyhinədirlər. Deyirlər ki, improvizədə xalq havası öz gözəlliyini itirir. Sizin bu haqda fikrinizi bilmək istərdim.

Vaqif Mustafazadə: - Musiqini yaxşı başa düşən adam çətin ki, belə bir söz deyə.

Şəfəq Əlixanova: - Bu gün siz “Sabahınız xeyir” verilişinə ilin lap son ayında-dekabrda gəlmisiniz. Bu il sizə ən sevimli, ən əziz nə olub?

Vaqif Mustafazadə: - Üç rəqəmi. Əvvəla “Sevil”imiz ən uğurlu addımlarını bu il, yarandığının 3-cü ili atıb. Bundan savayı, bizim həm də 3 Sevilimiz var. Sevil Allahverdiyeva, demək olar ki, bütün mahnılarını bizə təqdim edən gənc bəstəkar Sevil Rüstəmova və nəhayət “Sevil” vokal instrumental ansamblının özü.

Şəfəq Əlixanova: - Növbəti il “Sevil” artıq 4 yaşını qeyd edəcək. Bəlkə də, daha uğurlu, yetkin həyatını yaşayacaq. Bu bizim ümidimizdir, inamımız və arzumuzdur.

Vaqif Mustafazadə: - Çox sağ olun.


Sevil Rüstəmova gənclik illərində



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Musiqi   Vaqif-Mustafazadə   Sevil  







Xəbər lenti