Tanınmış jurnalist: "Allahşükür Paşazadə, xalqı incik saldınız"

 Tanınmış jurnalist:  "Allahşükür Paşazadə, xalqı incik saldınız"
  23 İyul 2021    Oxunub:1896
Qafqaz Müsəlmanları idarəsinin başçısı şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın Ermənistan üzərində 44 günlük müharibədən sonra çaldığı parlaq qələbəni İran Ali Dini Şurasının rəhbəri Xamenyinin fətvası ilə əlaqələndirməsi, öz çıxışında ona təşəkkürünü bildirməsi ölkə ictimaiyyəti arasındə böyük narazılığa səbəb olub.
Ziyalılar, ictimai xadimlər, hətta sıravı vətəndaşlar şeyxin bu sözlərini haqsız, qeyri-obyektiv hesab edir, onu qələbəni şərtləndirən əsas səbəbləri gözardı etməkdə, möhtəşəm qələbəni gerçəkləşdirənlərin – Ali Baş komandanın, qəhrəman Azərbaycan əsgər və zabitlərinin əməyinin, səylərinin, bu savaşda bizə dəstək olan qardaş Türkiyənin fəaliyyəti üzərinə kölgə salmaqda suçlayırlar. Paşazadənin ermənilərlə azərbaycanlılara ciddi fərq qoymayan, hətta bir çox hallarda düşmənlərimizin tərəfini tutan bir dövlətin liderinə xüsusi təşəkkür etməsi istər-istəməz hiddət doğurur və xalqımızı, onun ziyalılarını, siyasətçilərini, yazıçılarını, ictimai xadimlərini qeyzləndirir.

Azvision.az xəbər verir ki, belə şəxslərdən biri də yazıçı Azər Qismətdir . O özünün Feysbuk hesabında A. Paşazadəni söylədiyi heç bir əndazəyə sığmayan sözlərlə qəlbənini əldə olunması üçün görülən bütün işlərin üzərindən sanki xətt çəkməkdə qınayıb. O yazır:

“İllərlə Qarabağın Azərbaycan torpağı olması barədə siyası arenada söz sahibi olan ölkələrin, beynəlxalq qurumların qətnamələr hazırlaması üzrə bütün siyasi diplomatik fəaliyyətini işə sal, bunun üçün iqtisadi maraqlar naminə müqavilələr imzala, xarici parlamentlərdə Ermənistanın aqressor olduğunu deyəcək dostlar tap, haqq işimizin uğurla sona çatması üçün söz sahibləri Fransada, Vatikanda abidələri təmir etdir, müharibədə həlak olanların az olması naminə dronların alınması üçün milyard dollarlıq xərc çəkib kosmosa peyk buraxılışına start ver, dövlət büdcəsində hərbi xərcləri artırıb dünyanın ən müasir silahlarını al, zəfər anı üçün əsgər və zabit heyətinii yüksək səviyyəli kurslara göndər, 44 gün ərzində gecələr yatmayıb cəbhədən gələn xəbərləri birbaşa al, səhər tezdən yüksək ranqlı generalları qəbul edib növbəti günün tapşırıqlarını ver, hər gün dünyanın ünlü jurnalistlərinə müsahibə verib atmacalarını dinlə, ölkə 44 günün içində 10 ilin qocal, bütün bunlardan sonra sənin (oxu: ölkə Prezidentinin) bütün əməyini, ağır zəhmətini, əzab-əziyyətini yerə vurub qələbənin qazanılmasında Xameneyinin fətvasını əsas götürsün. Bu heç bir haqqa sığmayan əməldir.”



Yazıçı daha sonra bütün Qafqazın şeyxinə müraciət edərək onu insafsızlıqda, islamın ədalət prinsipinə zidd getməkdə, xalqı özündən incik salmaqda qınayır:

“Allahşükür Paşazadə, necə qıyıb belə dediniz? Axı bizdən fərqli olaraq siz görülən işlərin içində idiniz, hansı səbəbdən zəfərin bir fətva ilə qazanıldığını söylədiniz? Necə demək olar ki, Azərbaycan əsgəri o fətvadan ilhamlanıb düşmən üstünə getdi. "Qurani-Kərim"də səbrin necə qiymətli tövsiyə olduğunu yaxşı bilirsiz. O səbr ki 28 il bizi sındırmadı. Ümidli idik ki, o torpaqları azad edəcəyik. Xalq 28 il səbr etdi. Siz isə səbr sahibi ola bilməyib onu özünüzdən incik saldınız. Çox təəssüf edirik”, - yazıçının statusunda deyilir.

Azvision.az


Teqlər: Allahşükür-Paşazadə   AzərQismət  





Xəbər lenti