Prezident Mustafa Şentopla görüşdü - FOTO

  27 İyul 2021    Oxunub :414
  Prezident Mustafa Şentopla görüşdü -    FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azvision.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirildi ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulandı.



Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirildi ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulandı ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolu qeyd edildi.

Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi. Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

Azvision.az

Teqlər: İlham-Əliyev  







Xəbər lenti