Pakistanlı spiker Prezidentin qəbulunda - YENİLƏNİB - FOTO

  27 İyul 2021    Oxunub :679
  Pakistanlı spiker Prezidentin qəbulunda -   YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azvision.az xəbər verir ki, Pakistan Milli Assambleyasının sədri Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin və Baş nazir İmran Xanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb.

Prezident İlham Əliyev Pakistan Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Arif Alvinə və İmran Xana çatdırmağı xahiş edib.

Milli Assambleyasının sədri dövlətimizin başçısını 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edərək Pakistan xalqının bu Zəfəri Azərbaycan xalqı ilə birlikdə qeyd etdiyini deyib.

Görüşdə Pakistan Milli Assambleyasının sədrinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından önəmi qeyd edilib. Həmçinin Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşünün əhəmiyyəti vurğulanıb, bu görüşün qardaş ölkələr arasında üçtərəfli tərəfdaşlığın inkişafı işinə xidmət etdiyi vurğulanıb, Pakistan və Azərbaycanın bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələr olduğu bildirilib.

Görüşdə İkinci Qarabağ müharibəsi zamanı Pakistanın dəstəyinə görə minnətdarlıq ifadə edilib, müharibənin ilk günlərindən dost ölkənin rəhbərliyinin Azərbaycanı dəstəklədiyi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı önəmli bəyanatlar verdiyi qeyd olunub.

Söhbət zamanı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədikləri vurğulanıb. Prezident İlham Əliyev Pakistana səfərini məmnunluqla xatırladaraq əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə Pakistan Milli Assambleyasının sədrinin Şuşaya edəcəyi səfərin əhəmiyyətinə toxunulub və bu, ölkələrimiz arasında münasibətlərin inkişafının bariz nümunəsi kimi dəyərləndirilib.

Söhbət zamanı ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafı məmnunluqla qeyd edilib.




Azvision.az

Teqlər: İlham-Əliyev  







Xəbər lenti