Casusluq edən ermənilərin hər birinə 15 il iş verildi - YENİLƏNİB

 Casusluq edən ermənilərin hər birinə 15 il iş verildi -  YENİLƏNİB
  28 İyul 2021    Oxunub:2249
Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azvision.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.
Daha sonra təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər. Onlar son sözlərində məhkəmədən bağışlanmalarını istəyiblər: "Məhkəmədə və istintaqda olan işçilərin hamısına təşəkkür edirik. Onlar bizə yaxşı münasibət göstərdilər".

Prosesdə hökm oxunub. Hökmə əsasən, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib qurtarandan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdırlar.

Onlar cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

***07:24***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

Azvision.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahidlər dindiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Azvision.az


Teqlər: Məhkəmə  





Xəbər lenti