86 illiyində vəsiyyəti gerçəkləşən böyük bəstəkar

  29 İyul 2021    Oxunub :2386
  86 illiyində vəsiyyəti gerçəkləşən  böyük bəstəkar
Ötən gün Xalq artisti Vasif Adıgözəlovun dünyaya gəlişinin 86-cı ildönümü tamam oldu. Özündən sonra musiqimizə "Ölülər ", "Natəvan " kimi operalar , "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" kimi oratoriyalar və digər musiqi janrında yazılmış əsərlər qoyub gedən bəstəkar həmişə xalqımızın qəlbində hörmətlə anılır.
Azvision.az "Şöhrət" və "İstiqlal" ordenləri laureatı olan musiqiçini oğlu Yalçın Adıgözəlzadə ilə birlikdə yad edib.

- Atamı heç bir dəqiqə də unutmadıq. Onu tək bu gün deyil, hər an qəlbimdə anıram,- deyir Yalçın müəllim, - Dünən ailəmlə birlikdə İkinci Fəxri Xiyabanda məzarını ziyarət etdik. Axşam da anamın ətrafında toplaşdıq, atamızla bağlı xatirələrimizi bölüşdük. Vasif Adıgözəlov bir sənətkar kimi xoşbəxt insan idi. Çünki xalq tərəfindən sevilirdi və böyük hörmət qazanmışdı. Atası Zülfi Adıgözəlovun yolunu davam etdiririrdi. Mənə və qardaşıma xalqımıza, millətimizə, dövlətimizə sevgi hissini öyrədə bildi. Biz də çalışırıq ki, onun yolunu davam etdirək. Bu il Vasif Adıgözəlov yaradıcılığı üçün əlamətdar il oldu. Cıdır düzündə atamın “Qarabağ şikəstəsi” oratoriyası səsləndi. Bu, Vasif Adıgəzlovun vəsiyyəti idi. Mən özümü xoşbəxt oğul hesab edirəm ki, atamın vəsiyyətini yerinə yetirə bildim. Qismət oldu, bu günü gördük.


Oğlu Vasif Adıgözəlovun insani tərəflərindən də danışıb:
- Dünyanın ən gözəl atası, həyat yoldaşı, ən gözəl övladı, oğlu olub. Məişətdə çox sadə bir insan idi. Atamın ətrafında təkcə sənətkarlar deyil, sadə insanlar da toplaşırdı. Onun yanında balıqçıları, təmirlə məşğul olan insanları, jurnalistləri görmək olardı. Atamın onlarla maraqlı söhbətləri olurdu. Bazara gedəndə hamı ətrafına yığışıb, söhbət edirdilər. Azərbaycanın bölgələrinə qastrol səfərləri edəndə də eyni vəziyyət yaranırdı. Qatardan enər-enməz bütün xalq başına toplanırdı. Qarabağda, Qubada və digər bölgələrdə də bu hal yaşanıb. Atam el adamı, xalq insanı idi.


“Kişi sözü” filminin musiqisini yazan bəstəkarın özü də sözündə möhkəm, əhdinə vəfalı adam olub. "Atamın sözü hər şeyə dəyərdi.- deyir sevimli drijorumuz, - Söz verirdisə, nəyin bahasına olursa-olsun, üstündə dururdu. Saf, göz yaşı kimi təmiz, şəffaf bir insan idi. Həyatını da elə yaşadı. Dəqiqlik, alicənablıq, güvən vermək dəyişməyən xüsusiyyətlərin idi.

- Atanız sizi nəyin üstündə danlayardı?
- Bizi heç vaxt danlamayıb. Və ya qarşısında oturdub, tərbiyə etmirdi. Çünki biz onun necə yaşadığına, dostları ilə necə söhbət etdiyinə, insanlarla münasibətlərini necə qurduğuna baxır və öyrənirdik. Atamın həyatı bizim universitetimiz idi.

Şahanə Rəhimli
Azvision.az

Teqlər:







Xəbər lenti