Polis bizimdir, bizi qoruyur

   Polis bizimdir, bizi qoruyur
  03 Avqust 2021    Oxunub:4264
"Mənim polisim məni qoruyur"... Bu ifadə məşhurdur. Azərbaycanda bəs necə, polis vətəndaşı qoruyur, yoxsa dövlətin həvalə etdiyi funksiyanı yerinə yetirir?
Sosial şəbəkələrdə, YouTube kanallarında "polisin qanunsuz əməlləri"ndən bəhs etməyi çox sevənlər polisin vətəndaş təhlükəsizliyinin təminatı ilə dövləti mühafizə etmək funksiyaları arasında ziddiyyət arayırlar.

Lakin məntiq qanunları həmin "tənqidçi"lərin əleyhinə işləməklə yanaşı, gerçəklik və faktlar onların bütün saxta "dəlil"lərini süquta uğradır.

Səbəb sadədir: dövlətin maraqları ilə vətəndaşın mənafeyini birləşdirən ictimai asayişi məşh polis təmin edir, qoruyur.

Azərbaycan polisi son illərdə ciddi yenilənməsi, təkamülü və sıravi polislərdən tutmuş, generallara qədər bütün səviyyələrdə mərhələli fəaliyyət təminatı baxımından ölkənin sütunlarından sayılacaq qüruma çevrilib.

44 günlük Vətən Müharibəsi sadəcə, xalqın və Silahlı Qüvvələrin düşmənlə mübarizəsi, işğal altında olan torpaqlarımızın azadlığa qovuşması üçün cəngi olmadı.

Həmin günlər Azərbaycan polisinin də ən geniş miqyasda, fərqli formalarda və ən mürəkkəb şəraitlərdə sınağa çəkildiyi zaman oldu.

Orta statistik vətəndaşın narazılığının bitməməsinə rəğmən.

Qədim Misirdə şəhərlərin sakinlərin asayişi qoruyan "mecai"lərə güvənir, onlara etibar edir, eyni zamanda, "tam yaxşı işləmədikləri"ni deyirdilər.

Qədim Çində, Yunanıstanda, Babilistanda, Roma İmperiyasında da belə idi.

1542-1545-ci illərdə Saksoniya kürfüstünün kansleri olmuş Melihor fon Ossa, sonra da 1750-ci ildə Nikolya de Lamar "polis" ifadəsini işlətsələrdə, onlar üçün polis əslində "ictimai asayiş" demək idi.

1667-ci ildə Paris polisinin rəhbəri təyin edilmiş Qabriel Nikolya de la Reni düynanın ilk polis xidmətinin banisi, Robert Pilin 1829-cu ildə yaratdığı London Paytaxt Polisi isə çağdaş tipli ilk polis hesab edilsə də, vətəndaşların təhlükəsizliyini və ictimai sabitliyi qoruyan struktur təki polisin funksiyaları dəyişdi.

Amma kökündən yox, qismən.

Qərinələr və illər keçdi, sabiq Sovetlər Birliyi məkanındakı Azərbaycanın müstəqil dövlətə çevrilməsindən sonra "könüllü milislər" təki tam nihilist formatdan çıxaraq polisə çevrilən Azərbaycan asayiş keşikçiləri Vətənin və vətəndaşın mühafizlərinə döndülər.

İndi ölkədə polislə əhali arasında ictimai tərəfdahlıq möhkəmlənməkdədir. Əhalinin problemlərinin həllinə istiqamətlənmiş fəaliyyəti strateji davranış xətti seçən polisimiz "Cəmiyyətə xidmət edən polis" (Community policing) təki çalışır.

Məhz bu səbəbdən əhali ilə polis arasındakı məsafə azalır, cəmiyyətin hüquqi inteqrasiyası baş verir və sonucda polis sadəcə, ictimai asayiş keşikçisi yox, vətəndaşın güvəndiyi dövlət mənsublarına dönürlər.

Təbii ki, bundan narazı qalanlar da var və onların arasında, təəssüflər olsun ki, millət vəkili belə yer alır. Nə qədər absurd, paradoksal olsa da, Azərbaycan millət vəkilinin polisə əl qaldırması, müqavimət göstərməsi kimi iyrənc olayı yaşadı.

Xatırladaq: hadisə iyulun 29-da Xaçmaz rayonunda qeydə alınıb. Gecə saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Milli Məclisin deputatı Eldəniz Səlimova karantin qaydalarının pozulması ilə bağlı haqlı irad bildirən polis əməkdaşı nalayiq hərəkətlə qarşılaşıb. Eldəniz Səlimov xidməti vəzifələrini icra edən polis nəfərinə qarşı zor tətbiq edib və bu gün də artıq deputat toxunulmazlığından məhrum olunaraq məhkəmə qarşısına çıxarılıb.

Deputat mandatı əlindən alınacağı şübhə doğurmayan E.Səlimovun çox ciddi ictimai qınaqla bahəm, qanunun sərtliyi ilə qarşılaşması bir daha göstərir ki, ölkədə qanunvericiliyin tələblərinin polislər tərəfindən icrasına kimsə mane olmamalıdır, ola da bilməz.

COVİD-19 koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin qaydalarını pozan şəxs millət vəkili olarsa, ona qarşı "yumşaqlıq", liberallıq göstərilməsi təbii ki, cəmiyyətdə narazılıq yaradardı.

Azərbaycanda hamının, o cümlədən polisin fəaliyyətini və yaşamını tənzimləyən, aksiomaya çevrilən prinsip var: kimliyindən bilaixtiyar olaraq hər kəs qanun qarşısında bərabərdir. Millət vəkilləri, yüksək vəzifəli məmurlar belə, qanunları və qaydaları pozsalar, hüquq-mühafizə orqanları tərəfindən mütləq şəkildə cəzalanacaqlar.

Deməli, ölkəimzdə polis sadəcə ictimai asayişin təminatçısı yox, hüquqların icra edilərək qorunmasının mühafizi və vətəndaş azadlıqlarının keşikçisidir.

Həmin azadlıqlar və hüquqlar arasında yaşamaq hüququ ən üstün yer tutur.

Yaşamaq həm də özündə azad, işğalçıdan qurtulmuş ölkədə ömür sürməyi ehtiva edir. Bu səbəbdən də 44 günlük Vətən müharibəsində Azərbaycan Daxili İşlər Nazirliyinin hissələri vətənimiz və xalqımız üçün taleyüklü savaşda düşmənlə üzbəüz gələrək vuruşdu, ən ağır döyüşlərə qatıldı.

Qarabağın azadlığı təşnəsində olan əsgərlərimizin polad səfləri düşmən atəşi altında azacıq seyrələn kimi o sıralara, müzəffər ordumuzun yanına, döyüşə can atan əsgərlərlə çiyin-çiyinə durulacaq məkanlara Azərbaycan polisinin elitar hissələri yeridi.

İşğaldan azad edilən torpaqlar düşməndən qurtulan kimi orada Azərbaycan polisi Vətən növbəsinə başladı.

Təmkinli, cəsur, sayıq, ciddi, qanunların az qala hərfinə riayəti tələb edən polislər hələ də alov saçan o torpaqlarda Azərbaycan qanunlarının bərqərarını təmin etməkdədirlər.

1993-cü ilin iyunun 15-dən sonra Heydər Əliyev düşası ölkəimizi parçalanıb zamanın məhək daşları arasında tikələnməkdən qorudusa, çökən arxaik sistemin əvəzinə yeni, mütəhərrik və effektiv sistem yaratdısa, islahatları ilə ölkəni mərhələləri sürətlə qət edərək inkişaf edən dövlətə çevirən İlham Əliyev bütün sahələri kökündən dəyişdi.

Sadəcə, DİN-də total islahatlar aparılmadı.

Çünki bu strukturun zərgər dəqiqliyi ilə fəaliyyəti hələ Heydər Əliyev dönəmində tam təmin olunduğundan sadəcə, yenilənməyə və təkmilləşməyə zərurət vardı.

O strukturun işinin effektini müharibə günlərinldəə bir daşa gördük.

Torpaqların qanla suvarıldığı, savaş getdiyi məkanlardan kənarlaşdıqca müharibə çox az hiss olunurdu. Bakıda, Sumqayıtda, digər şəhərlərdə həyatın adi axarının məcrasını dəyişən ylanız komendant saatı və olduqca dəqiq, səbatlı intizamı ilə seçilən polis əməkdaşlarının durduqları postlar oldu.

Qeyri-adi heç nə yoxdu: dünyanı sarsan və saran koronavirus pandemiyası istisnasız olaraq bütün öklələrdə, şəhərlərdə gücləndirilmiş rejimli polis fəaliyyətini, postları adi hala çevirərək rutinləşdirib.

Amma Qərbdə insanların tam əksəriyyətinin sevmədiyi polisdən, nümayişçilərin üzərinə at sürən süvari, etiraz edən yeniyetmə qıza bibər qazı sıxan serjant, küçəyə çıxıb qışqıran aksiya iştirakçısının gözünü ovan zabit obrazındakı "dövlət cəzaçıları"ndan fərqli olaraq Azərbaycan polisi nəzakətlidir.

Halbuki Qərbdə "polis" və "nəzakət" indi nimdalaşan, ilkin mənasını itirərək zidd məhfumlara dönən kəlmələrdir az qala.

Azərbaycan reallığı sadədir: insan azadlıqlarının istənilən forması ölkə sakininin vətəndaş hüquqlarının başladığı məqamda bitir. Çünki azadlıq heç bir halda təhlükəsiz və stabil yaşamı istsian etməməlidir.

Həmin yaşam bütün hüquq və azadlıqların təminatını özündə ehtiva edir.

Mütəşəkkil cinayətkarlığın və bandaların bilmərrə məğlub edildiyi çox azsaylı şəhərlərdən olan Bakı ilə yanaşı, ölkənin bütün yaşayış məntəqələrində belədir.

Təbii, Azərbaycan polisində də problemlər var, nöqsanlar da xali deyil - bütün uğurlu, funksional, sürətlə inkişaf edən sistemlərdə olduğu kimi.

Vətəndaşların nəzərində və şüurunda obrazını belə dəyişən, vizual tipaj qismində ucaboy, qıvraq, nəzakətli, hüquqlara və haqlara sayğı bəsləyən polis əməkdaşı təki.

Dövlət hələ qədim Yunanıstanda vətəndaşla və onun təhlükəsizliyinin təminatı ilə bir tutulan, ayrılmaz sayılan anlayış idi.

Azərbaycanda polis dövlətin səbatlılığı, ictmaiyyətin asayişi ilə yanaşı, vətəndaşların hüquqlarını təmin edir.

Bu, polisimizin ən böyük uğurudur.

Qanun qarşısında hamı bərabər olduğu üçün...

Elçin Alıoğlu


Teqlər: Polis  





Xəbər lenti