Pandemiya bitməyib - qaydalara əməl etməliyik!

  Pandemiya bitməyib - qaydalara əməl etməliyik!
  09 Avqust 2021    Oxunub:1297
Son günlər Azərbaycanda COVID-19-a yoluxanların sayı sürətlə artır. Gündəlik yoluxma sayının artıq 1200-ü keçdiyi müşahidə edilir. Sağalanların sayındakı azalma və koronavirusdan ölənlərin sayının artması da həyacan təbili çalmağa əsas verir.
Son statistik məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 9 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 352 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 336 nəfər müalicə olunaraq sağalıb, 5 072 nəfər vəfat edib, aktiv xəstə sayı 12 518 nəfərdir.

Rəqəmlərdən gördündüyü kimi, iki həftə əvvəl Azərbaycanda gündəlik yoluxma sayı 272 idisə, bu gün artıq 1220 nəfərlik rəqəmləri müşahidə edirik. Yoluxanların sayının artması xəstəxanalarda yerlərin dolması, daha çox tibbi personalın bu işə cəlb olunmasına, reanimasiyaların yüklənməsinə səbəb olur.

Dünyada, xüsusilə region ölkələrində - Rusiya, İran, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunur. Buna səbəb isə koronavirisun artıq bir neçə dəfə mutasiya etməsidir. Daha çox yoluxuculuq qabiliyyətinə malik olan Britaniya və Hindistan ştammları dünyada sürətlə yayılır.

Qonşu Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. İyunda bu rəqəm 5-7 min idi, indi isə 22-25 min təşkil edir. Gürcüstanda son sutkada 3344 nəfər yoluxub, 30 nəfər vəfat edib. Rusiyada yalnız paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faizlik artım qeydə alınıb. İranda son vaxtların yoluxmanın maksimum göstəricisi qeydə alınıb – bir gündə 39 min 619 yoluxma olub.



Azərbaycan COVID-19 pandemiyası başlayan ilk gündən tətbiq etdiyi qabaqlayıcı tədbirlərlə bir sıra ölkələr üçün nümunəvi olub. Ölkədə koronavirusa yoluxan ilk şəxsin müəyyən edilməsindən sonra COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi, ölkəmizdə insanların həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. İlk dövrlərdən virusa yoluxanlarla yanaşı, onun əlaqədə olduğu şəxslər də cəmiyyətdən təcrid edilir, 14 günlük karantində saxlanılırdı. Koronavirusa yoluxan şəxslərin hər birininin xəstəxanalara yerləşdirilməsi üçün qısa zamanda modul tipli xəstəxanalar açıldı. Müasir standartlarla tikilən və Prezidentin açılışında iştirak etdiyi “Yeni klinika” ilk gündən koronaviruslu xəstələrin müalicəsi üçün istifadəyə verildi. Karantin dövründə özəl xəstəxanalar da viruslu xəstələrin müalicəsi üçün istifadə olunmağa başladı. Yoluxan şəxslərdən testlərin götürülməsi və xəstəxanalarda müalicəsi tam dövlət hesabına həyata keçirilir. Bu xəstələrin müalicəsində aktiv iştirak edən həkimlərin əmək haqları artırıldı. Xəstələrin tez bir zamanda aşkarlanması üçün keçirilən testlərin sayı artırıldı, müasir laboratoriyalar istifadəyə verildi. Məhz bunun nəticəsində ölkədə bir gündə 20 minə yaxın test keçirmək mümkün oldu. Yoluxma sayının daha da artmaması və insan ölümlərinin qarşısını almaq məqsədilə müxtəlif vaxtlarda sərt karantin rejimi tətbiq edildi, qapanmalar oldu. Epidemiyaya qarşı tədbirlərin dövlət tərəfindən idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alındı. Bu dövrdə Prezidentin müvafiq sərəncamına uyğun olaraq, iqtisadiyyata, həmçinin sahibkarlıq subyektlərinə genişmiqyaslı dövlət dəstəyi göstərildi. Dəstək tədbirlərinə pandemiyanın zərərlərini azaltmaq, iş yerlərini qorumaq üçün maliyyə dəstəyinin göstərilməsi, müddətli vergi güzəştləri və tətillərinin tətbiq edilməsi, güzəştli kreditlərin verilməsi və digər mexanizmlər daxildir. Məlumat üçün bildirək ki, 2020-ci il ərzində sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib, 115 milyon manat həcmində vergi güzəştləri paketi təqdim edilib, 169 milyon manat həcmində dövlət zəmanətli kreditlər ayrılıb, mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul olunub. Beləliklə, Azərbaycan pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail ola bilib. Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması aparılmış anti-epidemik tədbirlərin səmərəliliyini əks etdirir.

Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan ölkələrdən oldu. Avropa ölkələrindən bir həftə sonra, yəni yanvarı 18-dən ölkəmizdə peyvəndləmə başladı. İlk olaraq səhiyyə işçiləri peyvənd olunsa da, bu gün artıq 18 yaşdan yuxarı hər kəsin vaksinasiya olunması üçün şərait yaradılıb. Son statistik məlumata görə, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 418 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 160 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 257 999 nəfər təşkil edir. Bu gün ölkəmizin müxtəlif xəstəxanalarında vətəndaşlara "SinoVac", "Sputnik", "AstraZeneca", "Pfizer" peyvəndləri əhaliyə təklif edilir. Vaksinasiya könüllü olmaqla yanaşı, insanlara vaksin seçiminin sərbəstliyi də verilir.

Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan dəfələrlə COVID-19-la mübarizədə nümunəvi ölkə kimi göstərilib.

Ölkədə COVID-lə mübarizədə aparılan effektiv tədbirlər nəticəsində yoluxanların sayında kifayət qədər azalmaya nail olunur. Bunun nəticəsində karantin rejimi yumşaldılıb, qadağalar götürülüb. Lakin yumşalmalar, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılışı, şənlik mərasimlərinə icazə verilməsi, tətil mövsümü və xaricə gediş-gəlişin artması bu gün virusun yenidən geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olub. Vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da müşahidə edilir.

Nəticədə xəstəxanalara müraciət edənlərlə yanaşı, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artım yaranmaqdadır.

Ölümcül virusla mübarizədə təhlükəsizlik tədbirlərinə riayət etməlidir. Bu işdə vətəndaş məsuliyyəti daha güclü olmalı və hər bir vətəndaş ümumi işə öz töhfəsini verməlidir. Əks təqdirdə gündəlik yoluxanların və COVID-dən ölənlərin sayının artması bu templə davam edərsə, məhdudiyyətlərin tətbiqi məsələsi yenidən gündəmə gələ bilər. Hər yerin yenidən bağlanmasını, cəmiyyətdən təcrid olmağı, yəqin ki, heç birimiz istəmirik. Əlbəttə, bu xoşagəlməz mənzərəni bir daha görmək istəməzdik. Bunun baş verməməsi üçün hamılıqla qızıl qaydalara riayət etməliyik. Qapalı məkanlarda və insanların sıx toplaşdığı yerlərdə maskadan düzgün istifadə olunmalı, ara məsafəsi gözlənilməli və gigiyenik qaydalara əməl edilməlidir. Bu tədbirlər özümüzdən çox ətrafımızda olan insanların, sevdiklərimizin, valideynlərimizin sağlamlığı üçün olduqca vacibdir.

Koronavirusun müalicə edəcək spesifik dərman olmadığı üçün virusla mübarizədə ən effektiv vasitə vaksinasiyadır. Vaksinasiyanın sürətlənməsi, daha çox əhalinin peyvənd olunması darıxdığımız həyata qayıtmaq üçün yeganə çıxış yoludur. Düzdür, vaksinasiya olunan əhali arasında da yoluxanlar var. Lakin onların xəstəliyi ağır keçirməsi və ölüm halları müşahidə edilmir. Yaxınlarımızı və sevdiklərimizi qorumaq üçün peyvənd olunmaq vacibdir. Qızıl qaydalara - maska taxmağa, ara məsafəsi gözləməyə və gigiyenik qaydalara da əməl etməliyik. Çünki pandemiya hələ bitməyib və biz bu bəladan tam xilas olmamışıq.

Aytən Zəhra
Azvision.az


Teqlər:



Xəbər lenti