Yoluxanların sayında artım məhdudiyyətlərin tətbiqini zəruri edəcək

 Yoluxanların sayında artım məhdudiyyətlərin tətbiqini zəruri edəcək
  11 Avqust 2021    Oxunub:3033
Azərbaycanda bir müddət əvvəl koronavirusla bağlı epidemioloji vəziyyətin stabilləşməsi ilə yumşalmalara gedildi, məhdudiyyətlər aradan qaldırıldı. Bununla belə, bəzi şərtlər irəli sürüldü ki, hər kəsin onlara əməl etməsi vacib sayıldı. Təəssüf ki, bir çox insanlar bu şərtləri qulaqardına vurdular. Məsələn, qapalı məkanlarda maska taxmadılar. Toy məclisləri ilə bağlı aparılan monitorinqlər göstərdi ki, adamlar nəinki vaksinasiya pasportu olmadan məclislərə axışır, hətta toylarda iştirakçı sayına qoyulan məhdudiyyətlər də çox vaxt kobud şəkildə pozulur.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib. O bildirib ki, dezinfeksiya işlərini arxa plana keçməsi, koronavirusdan qorunmağın qızıl qaydaların unudulmasının nəticəsi göz qabağındadır - yoluxanların, aktiv xəstələrin və ölüm hallarının sayı sürətlə artmağa başlayıb:

Çində yarasalarda yeni koronavirus aşkarlanıb
“İki həftə əvvəl Azərbaycanda yeni yoluxanların sayı 200-dən bir qədər çox idisə, bu gün 2000-ə yaxınlaşır. 1000 nəfərə qədər aşağı düşən aktiv xəstələrin sayının 15 minə çatmasına bu gün az qalır. Gündəlik ölüm sayı sıfıra qədər düşdüyü halda bu gün 10 nəfəri keçib. Yaddan çıxarmaq lazım deyil ki, hazırda koronavirusun meydana çıxan yeni mutasiyaları müxtəlif ölkələrdə sürətlə yayılmaqdadır, xüsusilə Rusiya, İran, Gürcüstan kimi qonşu ölkələrdə COVID-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunmaqdadır.

Qarşıda bizi daha narahatedici proqnozlar gözləyir, belə ki, yay tətili günlərində müxtəlif ölkələrə üz tutan soydaşlarımız bir müddətdən sonra geri dönəcək və onların potensial virus daşıyıcısı ola bilməsi ehtimalı yüksəkdir. Ona görə də ölkəmizdə virusa yoluxanların sayında artım davam edəcəksə, məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək, Operativ Qərargah yaxın zamanlarda bir sıra önləyici tədbirlər görmək məcburiyyətində qalacaq. Yeganə çıxış yolu hər kəsin qoyulan tələblərə ciddi əməl etməsi, peyvəndləmə işinin sürətlə və kütləvi şəkildə aparılmasıdır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus    



Xəbər lenti