Səməd Vurğun anıldı

Səməd Vurğun anıldı
  21 Mart 2014    Oxunub:9399
Ədəbi ictimaiyyət martın 21-də dünya şöhrətli şair, ədəbiyyatşünas, görkəmli ictimai xadim Səməd Vurğunun anadan olmasının 108-ci ildönümünü qeyd edir. Şairin Azərbaycan ədəbiyyatının qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır.

Həyatı və yaradıcılığı tarixin mürəkkəb dövrünə təsadüf etmiş böyük şairin “Cavanlara xitab” adlı ilk mətbu şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunmuşdu. Bu şeiri o, Qori Seminariyasını bitirməsi münasibətilə yazmışdı. Bir müddət müəllimlik edən gənc şair 1930-1935-ci illərdə Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi.

1930-1940-cı illər Səməd Vurğunun bulaq kimi çağlayan istedadının çiçəklənmə və yüksəliş dövrü olmuşdur. O, 1934-1935-ci illərdə dərc edilmiş “Fənər”, “Könül dəftəri” “Şeirlər” adlı kitabları, yeni ruhlu şeirləri ilə Azərbaycan poeziyasının dilinə, ədəbiyyatımıza, dramaturgiyasına əlvanlıq, zənginlik gətirmişdir. Vətəninin gözəlliklərini, xalqının xeyirxahlığını, qonaqpərvərliyini və digər nəcib keyfiyyətlərini tərənnüm edən “Azərbaycan” şeiri (1934) isə şairin şöhrətini daha da artırmışdır. Uşaqdan böyüyədək hər kəsin bu gün də əzbər bildiyi şeir təkcə Səməd Vurğunun deyil, ədəbiyyatımızın uğuruna çevrilmişdir.

İmzasını çox gənc yaşlarında təsdiqləyən Səməd Vurğun 1937-1939-cu illərdə “Vaqif” və “Xanlar “dramlarını yazmışdır. “Vaqif” dramına görə 1941-ci ildə Stalin mükafatına layiq görülmüşdü. Dövrünün bu ən yüksək mükafatı ona ikinci dəfə 1942-ci ildə, Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında qələmə aldığı “Fərhad və Şirin” mənzum dramına görə verilmişdi.

Müharibə illərində yazdığı “Şəfqət bacısı”, “Ananın öyüdü”, “Ukrayna partizanları” və bu kimi 60-dan artıq şeiri, “Bakının dastanı” və digər poemaları Səməd Vurğun sənətinin miqyasını, coğrafiyasını daha da genişlənmişdi. Qanlı döyüşlər gedən ön cəbhələrdə S.Vurğun incəsənət ustaları ilə birgə əsgərlər qarşısında çıxış edir, onları qələbəyə ruhlandırırdı.

1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri də çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən dəyərli 20 əsərdən biri kimi Nyu-Yorkda çap olunaraq yayılmışdı.

Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda, böyük alim, əvəzsiz təbliğatçı və nəzəriyyəçi idi. O, 1945-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdi. Müharibədən sonrakı dövrdə bir-birinin ardınca “İnsan” fəlsəfi dramını, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını, yüzlərlə şeirini qələmə almışdı.

Həyatının son illərində yazdığı şeirlər isə onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Dillər əzbəri olmuş “Şair nə tez qocaldın sən”, “Mən tələsmirəm” kimi şeirləri həyata bağlılıq, dostluq və xeyirxahlıq kimi keyfiyyətləri əks etdirməklə yanaşı, dərin fəlsəfi məna yükü daşıyır.

Səməd Vurğun 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş, yaşadığı çox mürəkkəb və təzadlı bir dövrdə SSRİ-nin ən yüksək orden və medallarına layiq görülmüşdü.

1956-cı ildə şairin yubileyinin keçirilməsinə hazırlıq çərçivəsində “Azərbaycanın xalq şairi” fəxri adı təsis edilmiş və ilk dəfə bu ada Səməd Vurğun layiq görülmüşdü. Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçmiş SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilmişdi. Ağır xəstəlik səbəbindən öz yubiley gecəsində iştirak edə bilməyən şair öz ehtiramını xalqa Vaqifin “Könüldən könülə yollar görünür” misrası ilə çatdırmışdı. Yubiley təntənəsindən iki həftə sonra, 1956-cı il mayın 27-də, saat 19:30-da gözlərini həyata əbədi olaraq yuman böyük şairin cənazəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulmuş, burada üç gün vida mərasimi keçirilmişdi. Səməd Vurğunun cənazəsi mayın 30-da böyük izdihamın müşayiəti ilə Fəxri xiyabana gətirilərək torpağa tapşırılmışdı.

Bu gün respublikamızın bütün guşələrində, eləcə də ölkəmizin hüdudlarından kənarda şairin adına onlarla məktəb, mədəniyyət evi, kitabxana, küçə və park vardır, bir çox yerlərdə heykəlləri, büstləri qoyulmuşdur.

Ulu öndər Heydər Əliyevin dəstəyi ilə 1975-ci ildə Bakıda Səməd Vurğunun ev-muzeyinin təntənəli açılışı olmuş və bir il sonra şairin doğma kəndi Yuxarı Salahlıda Səməd Vurğun poeziya evi yaradılmışdır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin sərəncamları ilə, həmçinin Ağstafa və Qazax şəhərlərində Vurğun Poeziya evləri yaradılmış, görkəmli şairin Bakıdakı ev-muzeyi əsaslı təmir edilmişdir.

Dünya şöhrətli Azərbaycan şairi haqqında bir çox kitablar, bədii əsərlər, elmi monoqrafiyalar işıq üzü görmüşdür. Xalq Şairi Hüseyn Arif şairin xatirəsinə “Yolda” poemasını yazmış, Xalq Şairi Bəxtiyar Vahabzadənin doktorluq işi Səməd Vurğunun yaradıcılığına həsr edilmişdir.

Səməd Vurğun ailəsinin yadigarları - Yusif Səmədoğlu xalq yazıçısı adına layiq görülmüşdü, Vaqif Səmədoğlu xalq şairi, qızı Aybəniz Vəkilovaəməkdar mədəniyyət işçisi, nəticəsi Vurğun Vəkilov beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsüdür.

Vəfatından 58 ilə yaxın müddət keçməsinə baxmayaraq, xalqın öz böyük şair oğluna olan məhəbbəti azalmamışdır. Çünki Səməd Vurğun öz şerləri ilə könüllərdə əbədi məskən salmış bir şairdir.


Teqlər:  





Xəbər lenti