Erməni təxribatlarının və yalanlarının üstü açılır

   Erməni təxribatlarının və yalanlarının üstü açılır
  18 Sentyabr 2021    Oxunub:1555
Yəqin elə bir adam tapılmaz ki, qədim yunan mütəfəkkiri Sokratın “bütün gizlinlər gec və ya tez bəlli olur” müdrik kəlamını eşitməsin. Bununla elə ilk andan həqiqətin deyilməsinin vacibliyini vurğulayan filosof onun sonradan faş olacağının mənəvi zərər də daxil olmaqla çox böyük ziyanlar vuracağını diqqətə çatdırır. Görünür, “qədim” və “Böyük Ermənistan” kimi əsassız iddialarını bütün dünyaya və sadə ermənilərə sırımağa çalışan erməni ideoloqları, Ermənistan hakimiyyəti və onların havadarları ya belə incə mətləblərdən xəbərzidirlər, ya da bunun həqiqətin onlara aid olmadığını düşünürlər. Lakin çox məşhur azərbaycanlı atalar sözündə deyildiyi kimi, yalan ayaq tutar, yeriməz.

Azvision.az da daxil olmaqla, Azərbaycan KİV-ləri ölkəmizə qarşı hibrid müharibə aparan Ermənistan və onun havadarlarının həm ötən ilin iyulunda sərhədin Tovuz rayonu istiqamətində yaşanan qısamüddətli hərbi əməliyyatlarla, həm də 44 günlük Vətən müharibəsinin səbəbləri, gedişi və nəticələrilə bağlı dezinformasiya yaydığını, demək olar ki, hər gün öz səhifələrində işıqlandırıblar. Yalnız daxili auditoriyanı yox, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan Ermənistan hakimiyyəti hər dəfə belə siyasətinin iflasa uğradığını gizlətməyə çalışsa da, son nəticədə dahi Sokrat demişkən, gec-tez bəlli olan acı həqiqətlər qarşısında məğlubiyyətini etiraf etmək məcburiyyətində qalıb. Ən maraqlısı isə budur ki, erməniçilik ideoloqlarının bu siyasətini ifşa edənlərin sırasında elə onların aldatmaq istədikləri ermənilər kifayət qədərdir.

Azvision.az “Budrooo news” yutub kanalına istinadən xəbər verir ki, bu etirafa erməni hərbi eksperti Van Ambartsumyan da qoşulub. Həmin kanala müsahibəsində ötən ilin yayında Tovuz istiqamətində hadisələr zamanı “UAZ” markalı maşınla Azərbaycanın xüsusi təyinatlılarının guya Ermənistan sərhədini pozmaq cəhdi barədə rəsmi İrəvanın yaydığı bəyanatın onda utanc hissi yaratdığını bildirib.

"Azərbaycanlı xüsusi təyinatlıları gündüz vaxtı niyə adi “UAZ”la hər hansı bir cəhd etmək fikrinə düşsünlər? Həmin hadisələrin təşəbbüskarı Ermənistan olub. Bunun izahı ilə bağlı ağlıma ancaq bir fikir gəlir: indiki rəhbərlik 2016-cı ildə hektarlarla torpaq itirən əvvəlki rəhbərlərdən fərqli olaraq yalnız irəli hərəkət etdiyini və geri çəkilmədiyini göstərməyə çalışırdı. Əslində isə azərbaycanlı hərbçilər sadəcə öz nəzarətləri altında olan ərazilərdə patrul xidməti həyata keçirirdilər. Ermənistan tərəfinin atəşi nəticəsində isə həmin “UAZ” maşını yandı”, - ekspert vurğulayıb.

Ambartsumyan qeyd edib ki, həmin vaxt vəziyyətin kəskinləşməsi münaqişədə zəif tərəf olan Ermənistanın maraqlarına cavab verməsə də, İrəvan buna getdi. Hərbi ekspert bunu bilsə də, başa düşülməyəcyini nəzərə alaraq, həqiqəti deməkdən çəkindiyini vurğulayıb.
Ambartsumyan o vaxt Ermənistanın İsrail istehsalı olan və istənilən hava şəraitində taktiki uçuşlar həyata keçirən “Hermes-900” PUA-sını vuran dünyada ilk ölkə olduğu iddiasını edəndə də utandığını bildirib. Ermənistan tərəfi onda “Hermes-900” dronunu “OSA-AK” zenit raket kompleksinin köməkliyi ilə vurduğu barədə hay-küy salmışdı.

İnformasiya müharibəsi aparmaq istəyirsənsə, bunu etməyi bacarmalısan. Bu məlumat tamamilə yalandır. Pilotsuz uçuş aparatı 9100 metr hündürlükdə uçur. Vurulması çətin olsun deyə bu aparat xüsusi olaraq layihələndirilib. “OSA-AK” zenit raket kompleksinin maksimum zərbə hündürlüyü isə 5000 metrdir. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Beləliklə, onlar özlərini gülünc vəziyyətə saldılar”, - deyə erməni ekspert vurğulayıb.

Ermənistan rəhbərliyinin Rusiyadan “Su-30SM” təyyarələri almaq qərarına kəskin tənqidi mövqe sərgiləyən Ambartsumyan idarə edə biləcəkləri texnikanın alınmasını məsləhət gördüyünü bildirib. Onun dediyinə görə, həmin təyyarəyə 120 milyon dollar xərclənməsi əslində Ermənistanın piarı üçün sərf olunub. Çünki o vaxt Ermənistanın ilk dəfə qırıcı təyyarə alması barədə çox danışılırdı.

44 günlük Vətən müharibəsi hadisələrinə toxunan erməni ekspert Azərbaycanın guya Xankəndini və dinc sakinləri bombardman etməsi barədə Ermənistanın bütün iddialarını və təbliğatını həqiqətdən uzaq yalan adlandırıb. Azərbaycan istəsəydi, Xankəndinin əsas meydanındakı “hökumət binaları”nı asanlıqla vura bilərdi. Özü də nəinki Qarabağda, hətta İrəvandakı hədəfləri vura bilərdilər. Lakin bunu etmədilər, Ermənistan isə 44 günlük müharibədə Azərbaycana qarşı 4 dəfə “İskəndər” taktiki raket kompleklərindən istifadə edib Onlar iki dəfə Şuşaya, iki dəfə isə Bakı istiqamətinə atəş açıblar. Lakin Azərbaycan raketlərin qarşısını alaraq, onları məhv edib”, - Van Ambartsumyan fikrini tamamlayıb.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Ermənistan   Ambartsumyan  





Xəbər lenti