Kənd məktəblərinin yüksək ballı qaymaqları

 Kənd məktəblərinin  yüksək ballı qaymaqları
  30 Sentyabr 2021    Oxunub:5507
Prezident İlham Əliyevin Sərəncamı ilə 2021/2022-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olaraq yüksək bal toplayan 102 tələbəyə Prezident təqaüdü verilib. Onlar respublikanın 28 şəhər və rayonunu təmsil edir
Prezident təqaüdünə layiq görülən tələbələrdən biri də Ənsərli Cahan Akif qızıdır. Oğuz şəhər 3 saylı məktəb-liseyin məzunu olan Cahan 679 bal toplayaraq Bakı Dövlət Universitetinin “Hüquqşunaslıq” fakültəsinə daxil olub.

Cahan Ənsərli Azvision.az -a müsahibəsində bildirib ki, qəbul imtahanında yüksək bal toplayacağından əmin olsa da, Prezident təqaüdçüsü olacağını güman etməyib:

“Oğuz rayonunda 3 il kursda hazırlıq keçmişəm. 4 il Respublika fənn olimpiyadasında Tarix fənni üzrə qalib olmuşam, 2 qızıl, 2 gümüş medal qazanmışam. 9-cu sinifdə buraxılış imtahanında respublika üzrə ən yüksək nəticə göstərmişəm, maksimum 300 bal toplamışam. Məktəbi isə qızıl medalla bitirmişəm.
Qaçqınlıqda böyüyən Prezident təqaüdçüsü: Ən yüksək balı o yığıb

Ən böyük istəyim BDU-nun "Hüquqşunaslıq" fakültəsinə qəbul olmaq idi. Oğuz rayonunun orta məktəb məzunları arasında ən yüksək balı mən toplamışam: buraxılış imtahanında 291.2 , qəbul imtahanında 387.9 bal. Prezident təqaüdünə layiq görülməyim mənim üçün surpriz oldu. Hazırda ingilis dilində təhsil alıram və gələcəkdə magistraturanı xaricdə oxumağı düşünürəm. Oğuzda təhsil güclüdür. Ümumiyyətlə oxumaq istəyən üçün şəhər və ya rayon məktəbinin fərqi yoxdur ”.


Digər prezident təqaüdçüsü isə Tovuz rayonun Əlimərdanlı kəndindəki M.Musayev adına tam orta məktəbin məzunu Nuridə İsmayılovadır. Nuridə 664 bal toplatayaraq Bakı Dövlət Universitetinin "Filologiya" fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olub. 10 və 11-ci siniflərdə Azərbaycan dili və ədəbiyyat üzrə Respublika Fənn olimpiadalarında müvafiq olaraq III və II yerləri tutan Nuridə məktəbi də qızıl medalla bitirib:

“Ali məktəbə qəbul olmaq üçün iki il mütəmadi olaraq bütün fənlərdən repetitorlarla hazırlaşdım. Onların əksəriyyəti öz məktəbimizin müəllimləri idi. Məktəbimizdə təhsil yüksək səviyyədədir. Uşaqlara təməl biliklər dərindən öyrədilir. Sadəcə, iki il tədris onlayn olduğu üçün rayonda internetə görə problemlər yaşanırdı. Buna baxmayaraq, müəllimlərimin sayəsində çətinliklərin öhdəsindən gələ bildim. Hədəfim yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmək idi. Doğrusu, bir az narahat idim. Çünki hər ixtisas üzrə ilk 25-liyə düşəcəyimə ümid etmirdim. Sevinirəm ki, hədəfimə nail oldum".

Nuridə yüksək bal toplamağına baxmayaraq, müəllimlik ixtisasını seçməsini bu fənni çox sevməsi ilə əlaqələndirib:

“Azərbaycan dili və ədəbiyyat müəlliməm Elnarə Həsənovanı çox istəyirdim və onu özüm üçün ideal seçmişdim. Həm də dilimizin saflığını qorumaq istəyirəm. Bu fənnə böyük marağım səbəbi həm də budur. Təhsilimi bitərəndən sonra universitetdə qalıb elmi işçi olmaq istəyərəm. Əgər alınmazsa, o zaman Azərbaycanın istənilən güşəsində dilimizi şagirdlərə sevə-sevə tədris edərəm”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Prezident-təqaüdü  





Xəbər lenti