Obamadan sərt mesaj: “Putin böyük səhv etdi”

Obamadan sərt mesaj: “Putin böyük səhv etdi”
  27 Mart 2014    Oxunub:1097
“Rusiya ABŞ-ı təhdid edə biləcək gücdə deyil”
Krımın rəsmən Rusiyaya birləşdirilməsindən sonra Avropa turuna çıxan ABŞ prezidenti Barak Obama, ABŞ-Aİ sammitin yekunlarına dair mətbuat konfransında Putinə mesajlar göndərib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuat konfransında Rusiyanın ABŞ-ın ən geosiyasi rəqibinə çevrilməsi ilə bağlı sualı qarşısında qalan Obama, ABŞ-ın bir çox çətinliklərə qarşı eyni vaxtda mübarizə apardığını dilə gətirib: “ABŞ dünyanın ən güclü dövlətidir. Rusiya isə öz zəifliyini ifadə edə bilmək üçün yaxın qonşularını təhdid edə biləcək qədər güclü dövlətdir. Lakin, ABŞ-ı təhdid edə biləcək qədər güclü deyil. Bizim qonşu dövlətlər arasında yaddaşlarda həkk olan bir nüfuzumuz var. Ümumiyyətlə deyərdim ki, həmin dövlətlərlə daha güclü əməkdaşlıq qurmaq üçün onları işğal etməyimizə gərək yoxdur”.

Obama həmçinin vurğulayıb ki, Avropa Birliyi ilə ABŞ birlikdə hərəkət etdiyi zaman, dünya daha etibarlı və ədalətli olur. Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı narahatlığını ifadə edən ABŞ prezidenti, Rusiya rəhbərliyinin bu addımını yalnış olaraq qiymətləndirib: “Rusiya rəhbərliyi belə bir addımı atmamışdan öncə dünya birliyi ölkələrinin münasibətini nəzərə almalıydı. Əgər, Rusiya höküməti bunu nəzərə almayıbsa, çox böyük səhv edib. Ruslar, təhlükəsizlik, rifah və statusun güc tətbiqi ilə qazanıla bilməyəcəyini bir gün ayırd edəcəklər”.

Obama, Krımdan Rusiya qoşunlarının çıxarılması üçün əsgər qüvvələrinin gücündən istifadə etməyəcəklərini də açıqlayıb. O, bildirib ki, Ukraynadakı vəziyyət azadlığın pulsuz olmadığını bizə göstərdi: “Ukrayna və Gürcüstanın NATO-ya üzv olacaqlarını düşünmürəm. Lakin, bu qənaətdəyəm ki, Avropa ölkələri özlərinin müdafiə büdcələrini artırmalıdır”.

ABŞ prezidenti onu da əlavə edib ki, ABŞ Avropaya təbii qazın birbaşa nəqlini həyata keçirməyə hazırdır.

“Avropa İttifaqı ölkələrinin Rusiya yanacağının asılılığından azaldılması üçün ABŞ Avropa ölkələrindəki tələbatı həcmində təbii qaz ixracı edə bilər. Bütün bu yaşananlardan sonra biz, Avropa Birliyinin ABŞ-dan təbii qaz ixracını məmnuniyyətlə qarşılayırıq. Bununla bağlı Avropa iqtisadiyyatına birbaşa iri miqyaslı investisiyalar həyata keçirilməsi davam etdiriləcək”.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti