Ukrayna NATO-nun qapısını aralayıb - Ədalət Verdiyevin yazısı

   Ukrayna NATO-nun qapısını aralayıb -    Ədalət Verdiyevin yazısı
  02 Noyabr 2021    Oxunub:3148
Oktyabrın 19-da ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Kiyevə səfəri Ukraynanın NATO-ya qəbul edilməsi istiqamətində müzakirələrin yenidən aktuallaşmasına səbəb oldu. Pentaqonun rəhbəri Ukraynanın NATO-ya daxil olması perspektivlərilə bağlı konkret tarix açıqlamadı, amma 3-cü ölkənin Kiyevin bu cəhdlərinə qarşı qarşı çıxmasının yolverilməz olduğunu bildirdi. Təbii ki, Ostin “3-cü ölkə” dedikdə yalnız Rusiyanı nəzərdə tuturdu.
NATO son illərdə Ukrayna ilə əməkdaşlığını genişləndirməkdə maraqlıdır. Prezident Vladimir Zelenski NATO tədbirlərində səmimi qarşılanır, onun təhlükəsizlik və müdafiə sahəsində islahatları davam etdirmək əzmi dəstəklənir. Ukraynaya ABŞ silahının tədarükü davam edir, bir neçə “B-1” bombardmançısının Krım sahili boyunca əzələ nümayişi məqsədilə keçirdiyi uçuşlar da bu dəstəyin birbaşa təzahürüdür.

NATO-ya nizamnamə uyduranlar

Rusiya mətbuatı nəinki yaxın, hətta orta perspektivdə Ukraynanın Şimali Atlantika Alyansına tamhüquqlu üzv qəbul edilmək şansının olmadığını fasiləsiz təkrarlayır. Yerli mütəxəssislərə istinadən bunu NATO-nun Nizamnaməsinin ərazi, etnik və siyasi xarakterli həll edilməmiş problemləri olan yeni ölkələrin Alyansa qəbulunu yasaqlaması ilə əlaqələndirirlər. Əslində isə NATO-nun nizamnaməsində belə bir maddə yer almır. Bunu Rusiyanın siyasi texnoloqları uydurublar. Görünür, bəziləri artıq öz yalanlarına inanmağa başlayıblar; gerçəklik isə odur ki, hazırda ərazi, etnik və siyasi xarakterli həll edilməmiş problemlərə malik ölkələrin NATO-ya qəbulu və üzvlüyünün davam etməsi faktları mövcuddur.

NATO-nun 13-cü üzvü olan Türkiyə Alyansda iştirak protokolunu 17 noyabr 1951-ci ildə imzalayıb, rəsmi üzvlük isə Yunanıstanla birlikdə 18 fevral 1952-ci ildə reallaşıb. Türkiyə və Yunanıstan 1952-ci ildə Alyansa qəbul edilərkən münasibətləri heç də yaxşı deyildi. Sonradan Kipr məsələsinə görə aralarında ciddi narazılıqlar olub. İndi də münasibətlər Aralıq dənizindəki adalara və təbii qaynaqlara görə yaxşı deyil. Amma bu, hər iki ölkənin NATO-ya üzv qəbul edilməsinə və 70 ilə yaxın müddətdə eyni hərbi blokda iştirakına ciddi maneə törətməyib. Odur ki, Rusiya siyasi texnoloqlarının Ukrayna və ya Gürcüstanın sərhədlərində problemlərə malik olmasına görə NATO-ya üzv qəbul edilməyəcəyi haqda iddiaları doğru deyil.
Əgər Ukrayna və Gürcüstan NATO-ya hansısa səbəblərdən üzv qəbul edilə biməzsə, o zaman Rusiya rəsmiləri və KİV-i niyə mümkün olmayacaq prosesdən bu qədər narahatdırlar?

İkibaşlı münasibətlər

NATO Gürcüstanın üzvlük məsələsində Qara dənizdə böyük əhəmiyyətə malik olan Poti limanına çıxış əldə edəcək. Ukrayna ilə əməkdaşlıq isə NATO-nun raket və reaktiv mühərrik texnologiyalarında sanballı bir müttəfiq əldə etməsi ilə nəticələnəcək. Ağır nəqliyyat təyyarələrinin istehsalında Ukrayna dünyada aparıcı yerlərdən birini tutur. Kiyevin uzaq mənzilli reaktiv artilleriya vasitələri kifayət qədər keyfiyyətlidir.

Keçmiş SSRİ-də silhlanmasına görə ikinci ölkə olan Ukrayna NATO-ya qoşulmaqla onun hərbi gücünə güc qatacaq. İqtisadi baxımdan Kiyev NATO-nun müdafiə xərclərinin ödənilməsində ilk illərdə bir az çətinlik çəkə bilər, amma Alyansın (əslində ABŞ-ın) dəstəyilə maliyyə problemini rahatlıqla həll edə bilər. Ukrayna müasir NATO silahlarının geniş çeşidlərini əldə etməklə ərazi problemlərinin həllində ciddi dəyişiklik yaradar. Necə ki, Türkiyədən zərbə PUA-larının alınması artıq ilkin nəticələrini göstərir.

Kiyev üçün hazırda əsas problem o ola bilər ki, NATO-ya üzvlük üçün qərar yekdilliklə verilməlidir. Almaniya və Fransanın Ukraynanın Türkiyə istehsalı olan zərbə PUA-sından istifadəsinə qarşı çıxmaları məsələnin həllinə əngəl törədə bilər. Görünür, qoca Avropanın şərq sərhədlərində qaynar müharibənin real perspektivləri Almaniya və Fransa kimi mühüm oyunçuları məmnun etmir. Ümumiyyətlə, gecə-gündüz yorulmadan beynəlxalq hüquqdan, ərazi bütövlüyündən bəhs edən bəzi ölkələr real addım atmaq tələb olunanda prinsiplərini çox tez yaddan çıxarırlar. Amma Avropadan olan bəzi ölkələrin bu davranışları ABŞ-ın və Türkiyənin Ukraynaya dəstək verməsinə əngəl törətməyəcək. Türkiyə bu məsələdə ABŞ ilə tam həmrəydir. Yəqin ki, prezident R.T.Ərdoğan “G-20” zirvəsində amerikalı həmkarı ilə Qarabağ və Suriya məsələsi ilə bərabər, Ukraynanı da müzakirə edib.


Müəllifin digər yazıları:
“İstəsələr xoşluqla, istəməsələr zorla!” - Postmüharibə dövründə azad etdiyimiz ərazilər
Vətən Müharibəsində vacib mərhələ: Qubadlının azadlığı nə demək idi – TƏHLİL
Göyümüz necə qorunur: Azərbaycanın hava hücumundan müdafiə imkanları – ARAŞDIRMA
Azərbaycanın “ağıllanan” bombaları – ARAŞDIRMA

Rusiya dəfələrlə sərhədində rəqib blokun yaranması ehtimalına son dərəcə həssas yanaşdığını və Kiyevlə münasibətləri barədə NATO-ya “qırmızı xətt”lərini göstərib. Lakin Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov NATO və Ukrayna problemi ilə bağlı son çıxışında bu prosesin artıq qarşısının alınmasının mümkün olmadığını, bununla barışmalı olduqlarını deyib: “Biz Ukraynanın NATO-ya daxil olmasının qarşısını ala bilmərik. Və bu mümkün deyil. Amma bu cür addımların ölkəmiz üçün fəsadlarını minimuma endirə bilərik. Ukrayna ilə NATO arasında yaxınlaşma davam edərsə, Rusiya zəruri olan hər şey ediləcək”.
Belə çıxır ki, Rusiya ən azından şərti olaraq Ukraynaya hücum silahlarının verilməsi və sərhədlərində NATO məsləhətçilərinin fəaliyyəti ilə indidən barışıb. Belə olan halda bəzi rusiyalı mütəxəssislərin "Ukrayna NATO-ya qəbul edilə bilməz" açıqlaması reallıqdan kənar görünür.

Niyyət problemi

Ukraynanın NATO üzvlüyü Rusiyaya qarşı yönəlmiş addım kimi dəyərləndirilsə də, reallıq başqadır. Ukrayna Rusiyaya qarşı heç bir fəaliyyətdə iştirak etməyib. Əksinə, Krımın ilhaqını və Ukraynanın şərqində seperatizmi dəstəkləyən fəaliyyətləri Rusiya həyata keçirib. Biz seperatizmin Rusiyanın bəzi dairələri tərəfindən dəstəklənməsinə Azərbaycanda, Moldovada, Gürcüstanda və Ukraynada rast gəlmişik. 21-ci əsrdə ölkələrin sərhədlərini dəyişdirmək sadə proses deyil. Rusiyanın bu tip ideyaları gec-tez bumeranq effekti yarada bilər.

NATO-nu Ukrayna üçün cəlbedici edən Alyans nizamnaməsinin 5-ci bənddir. Bu bəndə görə üzv ölkələr Avropa və ya Şimali Amerikada yerləşməsindən asılı olmayaraq, onlardan birinə və ya bir neçəsinə qarşı edilmiş silahlı hücum hamısına edilmiş hücum sayılır. Belə bir hücum baş verərsə onlardan hər biri BMT-nin Nizamnaməsinin 51-ci Maddəsinə uyğun olaraq, fərdi və kollektiv şəkildə özünümüdafiə hüququndan istifadə edərək, hücuma məruz qalmış tərəf və ya tərəflərə yardım edə bilərlər. Bu tədbirlər Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması və bərpa olunması üçün lazımı tədbirlər görülən zaman dayandırılacaq. Ukraynanın həm ərazi bütövlüyünü, həm də gələcəkdə suverenliyini təmin etmək üçün Təhlükəsizlik Şurasının üzvü olan 3 nüvə ölkəsinin yer aldığı NATO blokuna tərəf istiqamətlənməsi normal qarşılanmalıdır.

NATO-nun Şərqi Avropa və Pribaltikadan sonra Ukraynaya və Gürcüstana yerləşmək niyyəti, təbii ki, “sözə baxmayan nadinc” Kremli bir qədər cilovlamaq məqsədi daşıyır. Böyük ehtimalla, ABŞ Ukraynanın NATO-ya üzlüyünün həllinə qədər bu ərazilərdə Rusiyanın daxili ərazilərini “görmək” qabiliyyətinə malik kəşfiyyat avadanlıqları yerləşdiriləcək. Bəlkə də artıq yerləşdirib. Təkcə bu fakt Rusiyanın hücum və müdafiə potensialını ciddi şəkildə təhdid edə bilər. Buna qarşılıq Rusiyanın hansı addım atacağı maraq doğurur.

Növbəti addım Şərqi Avropada olduğu kimi, Ukrayna ərazisində də qısa və orta mənzilli zərbə vasitələrinin yerləşdirilməsindən ibarət ola bilər. Raketlərin Rusiyanın qərbindəki ən böyük şəhərlərə uçuş müddəti bir neçə dəqiqə ilə hesablanacaq. Rusiya ilə növbəti geosiyasi gərginliyin baş verəcəyi təqdirdə bu sistemlər NATO-nun Kreml üzərində hərbi təzyiqini təmin edə bilər. Rusiyaya qarşı qərbin perventiv (qabaqlayıcı) zərbə potensialı müəyyən mənada Moskvanı ehtiyatlı davranmağa meylləndirəcək. Suriya və Qarabağ Müharibəsinin təcrübəsi Rusiya HHM komplekslərinin həm PUA, həm də ballistik və qanadlı raketlərə qarşı zəifliyini nümayiş etdirib (NATO-nun 20 ildə həll edə bilmədiyi “Rusiya HHM sisteminin yarılması” vəzifəsini Azərbaycanın 44 günlük Vətən Müharibəsində icra etməsinə dair məqaləm keçən ay AzVizion.az-da dərc olunub).

Nəzərə alsaq ki, ABŞ Ukraynada kütləvi sayda “Tomahawk” raketlərini yerləşdirəcək, onlar isə nüvə başlıqları da daşıya bilirlər, o zaman qanadlı raket basqınının Rusiya üçün nə qədər təhlükəli ola biləcəyini ehtimal etmək çətin deyil. Adı çəkilən raketlərin Suriyada kütləvi tətbiqi və “S-400” komplekslərinin onları ələ keçirilməsində qarşılaşdığı problemlər mütəxəssislərə yaxşı məlumdur.

Ukraynanın NATO-ya qəbul edilməsinin mümkünsüzlüyünə dair səslənən bütün bəyantlara baxmayaraq, həm Ukrayna, həm də Gürcüstan artıq NATO-nun “qapısını aralayıb”. Bu isə Kreml üçün əlavə problemlər vəd edir.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ukrayna   NATO  





Xəbər lenti