Brüssel raundu: Ermənistan üçün oyun bitir – Ədalət Verdiyevin təhlili

      Brüssel raundu:    Ermənistan üçün oyun bitir –    Ədalət Verdiyevin təhlili
  15 Dekabr 2021    Oxunub:5397
KTMT və Rusiyadan əli üzülən Nikol Paşinyan NATO-ya, ATƏT-ə və Aİ-yə böyük ümidlər bəsləyirdi. İstər müharibə dövründə, istərsə də ondan sonra dəfələrlə Qərbdən imdad diləyib. Hətta sərhədlərini qorumağa dəvət edib. Amma Fransanı çıxmaqla heç bir ciddi ölkə Ermənistana sözdə olsa belə, dəstək verməyib. Əksinə, NATO-ya üzv dövlətlər ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşdıqlarını dəfələrlə ifadə ediblər.
Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Aİ Şurasının Prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırışı, Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ münaqişəsi bitib” bəyanatının Avropa İttifaqı tərəfindən də qəbul edilməsi Ermənistan üçün oyunun sonu deməkdir. İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə bir dəfə də olsun keçmişdə baş verənləri xatırlatmadan gələcəkdə sülhün və təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət ayırdı, çünki həqiqətən də münaqişə bizim üçün artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Bu Ermənistanın növbəti təxribatının cavabsız qala biləcəyi anlamına gəlmir. Cavabın adekvat olacağı şübhə doğurmur. Başqa sözlə desək, zərbə almamaq İrəvandan asılıdır.

Şarl Mişelin verdiyi bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilməsi də Bakının israrla təkid etdiyi sülh müqaviləsinə dəstək mənasını daşıyır. Aİ Şurasının Prezidenti 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib. Bu məsələdə də Aİ-nin mövqeyilə Azərbaycanın mövqeyi arasında heç bir fərq yoxdur.

Şarl Mişelin bəyanatında ilk dəfə olaraq itkin düşmüş şəxslər məsələsinə toxunulub və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu 30 il həllini gözləyən və olduqca vacib bir məsələdir, çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin, o cümlədən, mənim 4 əsgərimin taleyi hələ də məlum deyil.

Avropa İttifaqının humanitar minatəmizləmə səylərinə və ərazilərin rekonstruksiya fəaliyyətinə dəstək ifadə etməsi Azərbaycana bu sahələrdə real yardımın göstəriləcəyini düşünməyə əsas verir.
Aİ-nin sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda iştirakı da mümkündür.
Avropa İttifaqı Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilməsini, dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkilini dəstəkləyir.


Müəllifin əvvəlki yazıları:
LAHAT: Vətən Müharibəmizin tanımadığınız “səma ovçusu” – ARAŞDIRMA
Ermənistanla delimitasiya və demarkasiya necə aparılacaq – Qaydalar
“Qarabağ” və “əsir” sözləri olmayan Bəyanat – Şərh

Ümumilikdə Aİ tərəfindən təşkil olunmuş görüşdə Azərbaycanın haqlı mövqeyi dəstəkləndi. Ölkəmiz hədəflərinə doğru inamla addımlamadığı halda 26 illlik tariximizi havaya sovuran ATƏT-in adı son görüşlərdə bir dəfə dəolsun, çəkilmədi. Görünür, artıq “ölünün qıdığı gəlmir”.

Beləcə, Azərbaycan bu dəfə növbəti nailliyətini artıq Avropanın mərkəzində keçirilən görüşdə əldə etdi. İrəvan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı işçi qrupun yaradılması ilə bağlı razılaşmanı təsdiqlədi, kommunikasiya və nəqliyyat xətlərinin tam açılması geniş müzakirə olundu, Ermənistan öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Yəqin ki, gələn ilin ilk günlərində dəmir yolunun layihələndirilməsinə, ardınca isə çəkilişinə başlanacaq. Paralel olaraq avtomobil yolunun marşrutunun müəyyən edilməsi üzrə addımlar atılacaq.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikoil Paşinyanın Soçi görüşündə dediklərini ehtiva edən sənədi az müddət sonra imzalaması, ardınca baş tutan birgə mətbuat konfransında isə onun əhəmiyyəti barədə açıqlama verməsi də növbəti “erməni lətifəsi” olaraq tarixdə qalacaq. Brüssel görüşündən əvvəl də Paşinyan fərqli ssenarilər üzərində işləyirdi, amma alınmadı. Əvəzində 5 saat davam edən görüşdə düşdüyü durumun mürəkkəbliyini küskün və incik baxışları ilə ifadə etməklə, hamını dərindən kədərləndirdi.

Qonşular müharibə edə bilər, bu, ortaq sərhədləri olan bir çox ölkələr arasında baş verib, amma hadisələr insanlıqdan kənara çıxmalı deyil. Əks halda işğalçı tez, ya gec Nikolun miskin fizionomiyasını təkrarlamalı olur. Nikol yəqin, artıq başa düşdü ki, KTMT, NATO və ya Aİ Ermənistan ordusu əvəzinə qonşularla savaşmaq üçün yaradılmayıb. Hərənin öz milli maraqları var. Özündən başqa hamıya arxayın olan və sonunda qaranlıqda qalan işğalçı Ermənistan artıq anlayır ki, qonşularla normal münasibət qurmaqdan başqa alternativi mövcud deyil. Bunu isə NATO və Aİ kimi dünyanın hərbi-siyasi güc mərkəzləri də təsdiqləyirlər.

Əvvəlki təcrübədən çıxış edərək, bir məsələni əlavə etməliyəm: Ermənistan KİV-nin Rusiya, İran, Türkiyə, KTMT-dən sonra NATO və Aİ ünvanına təhqir dolu hücumlarını müşahidə etsək, təəccüblənməli deyilik.

Bütün bunlara baxmayaraq, Zəngəzur dəhlizi artıq hamı üçün açıqdır. Əsrlər keçəcək, amma bir şey unudulmayacaq: Zəngəzur layihəsinin müəllifi İlham Əliyev, icraçısı isə Azərbaycan Əsgəridir!

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Brüssel   Azərbaycan   Ermənistan   Avropa-Birliyi  





Xəbər lenti