"Hakimiyyətim dövründə korrupsiya yüksək səviyyədə idi"- Sarkisyan

   "Hakimiyyətim dövründə korrupsiya yüksək səviyyədə idi"-   Sarkisyan
  18 Dekabr 2021    Oxunub:1452
Ermənistanın üçüncü prezidenti, hərbi cani Serj Sarkisyan rəhbəri olduğu "Respublika" partiyasının qurultayında bir sıra diqqət çəkən fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, eks-prezident etiraf edib ki, onun hakimiyyəti illərində ölkə problemlər bataqlığında çabalayıb.
Sarkisyan özünün hakimiyyəti dövründə çoxlu səhvlərə yol verməsindən gileylənib.

- Mənim elə bir məqsədim yoxdur ki, bütün günahlarımı başqalarının üzərinə atım. Hakimiyyətdə olduğum illərdə çoxlu problemlər, haqsızlıq olub və korrupsiya da yüksək səviyyədə idi. Mən bizim adımızın arxasında gizlənənlərə qarşı kifayət qədər sərt deyildim. Özləri üçün sərvət topladılar, xalqla kifayət qədər açıq olmadılar. Bir çox daxili problemlərə əhəmiyyət vermədilər, gələcək təhlükəsizlik problemləri ilə də mşğul olmadılar- Sarkisyan deyib.

"Ermənilər ölkəni ağlayaraq tərk edirlər"- Sarkisyan
O qeyd edib ki, partiya sıralarında etimada layiq olmayan insanlar olub. Hakimiyyət dəyişikliyindən sonra bu kateqoriyadan olan respublikaçılar partiyanı tərk etdilər. Məlum oldu ki, partiyanın ən çox tənqid olunmasına səbəb olan şəxslər onu ilk tərk edənlər oldu.

Sarkisyan əhalinin müəyyən dairələrinə də müraciət edib.

-Səhvinizi mənim adıma yazmayın. Mən sizi bu avantürada iştirak etməyə məcbur etməmişəm ki, sonra gedib bütün sürüdə ən hay-küylü eşşəyin alnından öpəsiniz, - eks-prezident əlavə edib.

Xatırladaq ki, Sarkisyan bir neçə günlük güclü etirazlardan sonra 2018-ci il aprelin 23-də baş nazir postundan istefa verib. Mayın 8-də etirazları təşkil edən Nikol Paşinyan baş nazir seçilib.
Bir müddət Sarkisyan kölgədə qaldı və 2021-ci ildən yenidən aktiv siyasətə qayıtdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sarkisyan   Korrupsiya   Partiya  



Xəbər lenti