"Ermənistan Azərbaycan qazının tranzit ölkəsinə çevrilə bilər" - Erməni alim

   "Ermənistan Azərbaycan qazının tranzit ölkəsinə çevrilə bilər" -    Erməni alim
  14 Yanvar 2022    Oxunub:647
Ermənistan Türkmənistan və Azərbaycan qazının tranzit ölkəsi ola bilər. Bu tranzit isə Mehri ərazisi vasitəsilə reallaşdırıla bilər.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə iqtisad elmləri namizədi, Rusiya-Ermənistan Universitetində Qafqaz, İran və Kiçik Asiya iqtisadiyyatlarının öyrənilməsi platformasının koordinatoru Ara Karyan məlumat verib.
O qeyd edib ki, bu layihə reallaşsa, Ermənistan ərazisindəki bütün tranzit infrastrukturu İrəvanın sərəncamında olmalıdır. Karyan xatırladıb ki, Azərbaycan və Türkmənistan Xəzərdəki keçmişdə mübahisəli olmuş “Dostluq” yatağının işlənməsi ilə bağlı danışıqlar aparır. İndi böyük həcmdə türkmən qazının mövcud boru kəmərləri: Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzrum), sonra isə Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə Avropaya göndərilməsi üçün ilkin şərtlər də var.

Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışıb
Ekspert iddia edib ki, Azərbaycan Avropa qaz bazarında elə də böyük oyunçu deyil.

- Lakin Türkmənistan qazını bu marşrutla göndərməyə razılaşarsa, vəziyyət dəyişəcək-, Karyan deyib.

Erməni mediası daha sonra "British Petroleum"un statistikasını xatırladaraq yazıb ki, Rusiya dünya qaz ehtiyatlarının 19,9%-nə, Azərbaycana isə 1,3%-nə malikdir.

- Amma türkmən qazı bu marşrutla getsə, Avropanın enerji bazarı əhəmiyyətli dərəcədə dəyişə bilər. Türkmənistan dünya qaz ehtiyatlarının 7,2%-nə malikdir. Lakin indiyədək Çin onun üçün yeganə əsas bazar olaraq qalır. Təbii ki, siyasi əhval-ruhiyyə əsasən enerji axını ilə müəyyən edilir və bu, birbaşa Cənubi Qafqazdakı vəziyyətə aiddir. Odur ki, Azərbaycan Arazın sahilləri ilə Naxçıvana qaz kəməri çəkməyə davam edərsə, Ermənistan öz maraqlarından çıxış edərək bununla razılaşa bilər. Ancaq bir şərtlə ki, İrəvan Mehridən keçən hissəni özü tiksin və xəttə nəzarət etsin-,Karyan deyib.
O qeyd edib ki, eyni yanaşma elektrik enerjisinin tranzitinə də aiddir. İrandan Ermənistana, oradan da Gürcüstana çəkilən yüksək gərginlikli xətlər Rusiya-Gürcüstan-Ermənistan-İran enerji dəhlizi yaradacaq.

Ekspert fikrini belə yekunlaşdırıb ki, enerji resurslarının tranziti Ermənistanı dünya gücləri üçün daha cəlbedici edəcək.

Qeyd edək ki, regional kommunikasiyaların açılması ilə Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrup məşğul olur. Hələlik onlar dəmir yollarının bərpasını və dəmir yolu əlaqəsinin qurulmasını müzakirə edirlər.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Mehri   Türkmənistan   Ermənistan  







Xəbər lenti