"Qoşunları Avropaya yerləşdirməyə hazırıq" - Pentaqon rəhbəri

   "Qoşunları Avropaya yerləşdirməyə hazırıq" -    Pentaqon rəhbəri
  29 Yanvar 2022    Oxunub:1310
Qərb ölkələri ilə Rusiya arasında yaranmış gərginlik artmaqdadır. AzVision.az ​xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Austin ABŞ-ın Avropaya qoşun göndərməsi ilə bağlı yayılan informasiyalara cavab verib.
O, mətbuat konfransı zamanı deyib ki, Birləşmiş Ştatlar hələlik qoşunlarını Avropaya yerləşdirməyə başlamayıb. Hərbi birləşmələr sadəcə olaraq hazır vəziyyətə gətiriliblər.

- Biz heç bir qoşun yeritməmişik. Qoşunları yüksək döyüş hazırlığı vəziyyətinə gətirmişik.

Forbes: "Rusiyanın Kiyevlə döyüşdə əsas üstünlüyü sualtı qayıqlar olacaq"
Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Co Bayden Amerika qoşunlarının tezliklə Şərqi Avropa və NATO ölkələrinə yerləşdiriləcəyini bəyan etmişdi. Ağ Evin məlumatına görə, 8500 ABŞ hərbçisi alyansın “şərq cəbhəsini” gücləndirmək üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Yanvarın 21-də isə yaranan gərginliklə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken Cenevrədə danışıqlar apardılar. Amerika və Rusiya rəsmiləri təhlükəsizlik təminatı ilə bağlı gələcək addımları müzakirə etdilər. Bu, XİN rəhbərlərinin üçüncü görüşü idi.

Qeyd edək ki, dekabrın 31-də Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Co Bayden arasında telefon danışıqları olmuşdu. Hər iki lider üç istiqamət üzrə Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair təklifləri ilə bağlı dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Belə ki, Rusiya və ABŞ nümayəndə heyəti yanvarın 10-da Cenevrədə görüşüb, ardınca isə Brüsseldə Rusiya-NATO Şurasının iclası baş tutub. Bundan əlavə, yanvarın 13-də ATƏT çərçivəsində də məsləhətləşmələr aparılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Pentaqon   Rusiya   Gərginlik   Təhlükəsizlik  





Xəbər lenti