ABŞ kəşfiyyat təyyarəsi rus qoşunlarını izləyir - FOTO

   ABŞ kəşfiyyat təyyarəsi rus qoşunlarını izləyir -    FOTO
  05 Fevral 2022    Oxunub:3463
Rusiya ilə Qərb ölkələri arasında yaranan hərbi-siyasi böhran pik həddə çatıb. Bir neçə aydır ki, tərəflər hər gün bir-birini yeni münaqişə ocağı yaratmaqda ittiham edirlər. Belə bir siyasi mənzərə fonunda artıq kəşfiyyat işləri də aktiv şəkildə aparılır.
AzVision.az xəbər verir ki, bu gün ABŞ-a məxsus xüsusi kəşfiyyat təyyarəsinin rus qoşunlarının yerləşməsi barədə məlumat toplamağa çalışması haqqında məlumat yayılıb.

İsrail təyyarələri rus hərbi bazasını hədəfə alıb?- FOTOLAR
Rusiya mediası iddia edir ki, ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə Rusiya sərhədindən 30 kilometr uzaqlıqda uçuşlar həyata keçirib. Onun marşrutu aviasiya izləmə xidməti tərəfindən qeydə alınır.

- Fevralın 4-dən 5-nə keçən gecə Amerikanın "Boeing E-8C Joint Stars" xüsusi hərbi kəşfiyyat təyyarəsinin Ukrayna hava məkanına daxil olduğu dəqiqləşib. Mütəxəssislər təyyarə ekipajının gecə saatlarında kəşfiyyat aparmasını müəyyənləşdiriblər.



Eyni zamanda, "E-8C" Rusiya sərhədlərinə 30 kilometr məsafədə yaxınlaşıb. Təyyarə Klintsıda yerləşən hərbi səhra düşərgəsində rus qoşunlarının yeri barədə məlumat toplaya bilərdi. Onun nəzarət dairəsinə Belarus ərazisində birgə təlimlərə hazırlaşan qoşunlar da düşüb,-məqalədə yazılıb.

Maraqlıdır ki, yerli media kəşfiyyat qalmaqlının ardınca yeni hərbi insidentlə bağlı məlumat yayıb. Məlum olub ki, Rusiya hərbi təyyarəsi təlim uçuşları həyata keçirən zaman gözlənilmədən peyda olan "F-35" qırıcısı təhlükəli şəkildə ona yaxınlaşıb.

- Hadisə NATO aviasiyasının təlim uçuşları zamanı baş verib. Norveç Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcılarından biri tərəfindən təxribat xarakterli manevrlər edilib. "F-35" Rusiyanın xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş "A-50" təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.



"Avia.pro" internet portalının əməkdaşları NATO qırıcısının Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin təyyarəsinə maksimal dərəcədə yaxın uçmasını əks etdirən şəkillər dərc ediblər. Hələlik bu insidentlə bağlı rəsmi informasiya yayılmayıb. Yalnız o məlumdur ki, Norveç aviasiyası növbəti təhlükəli manevrlər etməyiblər,-məqalədə yazılıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   Kəşfiyyat   Təyyarə  





Xəbər lenti