NATO Rusiya ilə böhrana görə qoşunların hazırlıq səviyyəsini yüksəldib

   NATO Rusiya ilə böhrana görə qoşunların hazırlıq səviyyəsini yüksəldib
  19 Fevral 2022    Oxunub:1095
NATO Rusiya Federasiyası ilə böhrana görə minlərlə hərbçinin hazırlıq səviyyəsini yüksəldir. AzVision.az xəbər verir ki, bu barədə "DPA" agentliyi öz Tvitter hesabında məlumat yayıb.
Bildirilir ki, əsgərlərin hazırlıq səviyyəsinin yüksəlməsinə Rusiya Federasiyası ilə münasibətlərin pisləşməsi və Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsi səbəb olub. Yüksək hazırlıq səviyyəsi Çevik Reaksiya Qüvvələrinin (NRF) münaqişə bölgəsinə yerləşdirilməsinə sərf olunan vaxtı azaltmalıdır. Onlara indi qaynar nöqtəyə yerləşmək üçün yeddi gün vaxt verilib.

"Rus hərbçilərin sayı 200 minə çatıb" - Karpenter həyəcan təbili çaldı
Qeyd edək ki, bundan öncə qoşunların yerləşdirilməsi üçün müəyyən edilmiş müddət 30 gün idi.

Xatırladaq ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   NATO   Ukrayna   Qoşun  



Xəbər lenti