ABŞ Baltikyanı ölkələrə 800 hərbçi, 20 helikopter və 8 "F-35" göndərir

   ABŞ Baltikyanı ölkələrə    800 hərbçi, 20 helikopter və 8 "F-35"    göndərir
  23 Fevral 2022    Oxunub:1504
ABŞ Baltikyanı ölkələrdə hərbi varlığını gücləndirir. AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinad edən nəşr yazır ki, Vaşinqton tezliklə İtaliyadan 800 hərbi qulluqçu, 20 "AH-64" helikopteri və səkkiz beşinci nəsil "F-35" qırıcısını Baltikyanı bölgəyə köçürməyi planlaşdırır. Eyni zamanda o, ABŞ-dan gələn əlavə qüvvələrdən istifadə edilməyəcəyini vurğulayıb.

Stoltenberq: "NATO-nun 100 təyyarəsi hazır vəziyyətə gətirilib"
- Bu əlavə qüvvələr NATO müttəfiqlərimizi sakitləşdirmək və məlum dövlətlərə qarşı hər hansı potensial təcavüzün qarşısını almaq üçün yönləndirilib,- “Reuters” amerikalı məmura istinadən yazıb.

Saytın məlumatına görə, Pentaqon həmçinin Yunanıstandakı 12 "AH-64" helikopterini Polşada yerləşdirəcək. Bütün qüvvələrin yerdəyişməsinin bu həftənin sonuna qədər başa çatdırılması gözlənilir.

Maraq üçün qeyd edək ki, bu yaxınlarda Polşa, Litva və Hollandiya hakimiyyətləri alyansın şərq cinahının gücləndirilməsinin vacibliyini bəyan etmişdilər. Agentlik qeyd edir ki, bu proseslər Rusiya qoşunlarının Belarus ərazisində olması və Ukraynada gərginləşən münaqişə ilə bağlıdır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri sayıb. Müraciətdən sonra Prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Artıq Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edərək "Luqans" və "Donetsk Xalq Respublikaları"nın müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Helikopter   Rusiya   Ukrayna  



Xəbər lenti