Türkiyə ilə Azərbaycanın hərbi-siyasi ittifaqı Moskvaya sərf eləmir

Türkiyə ilə Azərbaycanın hərbi-siyasi ittifaqı Moskvaya sərf eləmir
  10 Aprel 2014    Oxunub:2283
AzVision.az rusiyalı politoloq, tarix elmləri namizədi, Sankt-Peterburq dövlət universitetinin beynəlxalq münasibətlər fakültəsinin dosenti, siyasi ekspert Aleksandr Sotniçenko ilə müsahibəni təqdim edir.

- Ukraynada vəziyyətlə bağlı proqnozlarınız necədir?


- Ukraynadakı vəziyyət hazırda dalana dirənib. Müxalifət 2004-ci ildən fərqli olaraq, əhalinin xeyli hissəsinin rəğbətini öz tərəfinə cəlb etməyi bacara bilmədi. Xalq ona yad olan siyasi qüvvələrin qarşıdurmalarından yorulub. Amma heç bir digər bir siyasi qüvvə də Ukraynada hələlik üfüqdə görünmür. Beləliklə, Ukraynanın taleyi Kiyevdə yox, Moskvada, Brüssel və Vaşinqtonda həll olunacaq.

Amma eyni zamanda amerikalılar, heç bir şəraitdə, Ukraynanı Rusiyaya verməmək qərarına gəliblər. Birləşmiş Ştatlar əmindilər ki, Ukraynasız Rusiya böyük dövlət deyil, ona görə də onlar var gücüylə Ukraynada yeni "hökumət"in arxasında dayanacaqlar.

Bununla belə, inanmıram ki, Amerika Ukraynanın müdafiəsi üçün qoşun göndərəcək. Onlara sərfəli olardı ki, Rusiya aktiv döyüş əməliyyatlarına başlasın, bu halda onlar vəd edirlər ki, NATO qoşunları müdaxilə edəcək. Amma indi Amerikanın öz problemləri kifayət qədərdir. ABŞ yalnız ilk vaxtlar üçün hökuməti açıq şəkildə dəstəkləyə, onları pul ilə təmin edə bilər. Əgər hökuməti Amerika dəstəkləsə, onda beynəlxalq dəstəklə də təmin ediləcəklər. Hazırda Rusiyaya eyham edilir ki, Ukraynaya burnunu soxmamaq və ölkənin cənub-şərqində hansısa əməliyyatlar aparmamaq daha yaxşıdır.

- Postsovet ölkələrinin aqibəti necə olacaq? Rusiya onları vahid ittifaqda birləşdirə biləcəkmi, yoxsa onlar Qərbə yönələcəklər?

- Hər şey Rusiyanın siyasi iradəsindən asılıdır. Əgər Putin üçün prioritet layihə Avrasiya İttifaqı olacaqsa, onda ümumən postsovet məkanında inteqrasiyanın səviyyəsi artacaq. Lakin bir məsələ də var ki, belə bir layihəni reallaşdırmaq üçün çox ciddi ideoloji əsas lazımdır, belə bir əsas isə hələ yoxdur. Rusiya hökuməti hələlik demək olar ki, intuisiyasına əsasən hərəkət edir. Bu isə layihəni təmin etmək üçün kifayət deyil. Belə ki, həm xalq dəstəyi lazımi səviyyədə olmur, həm də xarici və daxili tənqidlərə qarşı həssaslıq yaranır.

SSRİ-nin bərpası qeyri-mümükündür, amma fərqli bir tutumda bərpa olunarsa - məsələn Avrasiya İttifaqı qismində,- Rusiya əhalisinin əksəriyyətinin dəstəyini qazanacaq. Bu isə özlüyündə MDB ölkələrinin də razılığına yol açacaq. Ancaq hələlik heç kim buna hazır deyil.

- Son zamanlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması halları artıb. Bu, nə ilə bağlıdır? Dağlıq Qarabağda müharibə başlaya bilərmi?

- Dağlıq Qarabağ ətrafında situasiyanın gərginləşməsi ümumən Yaxın Şərqdə stabilliyin pozulması və Azərbaycan ordusunda fəal dəyişikliklərlə bağlıdır. Hələlik Cənubi Qafqaz Ukrayna hadisələri və “ərəb baharı”nda kənar mövqe tutub. Buna baxmayaraq, Türkiyədə siyasi böhranının neqativ ssenari üzrə təkamülü, Ukrayna ilə bağlı Qərb və Rusiya arasında ziddiyyətlərin kəskinləşməsi və ya İran ətrafında vəziyyətin gözlənilməz inkişafı hazırkı durumu köklü şəkildə dəyişə bilər.

Buna görə də, tərəflər hər ehtimala qarşı, bir-birilərinə tam döyüş hazırlığında oluqlarını xatırladırlar. Azərbaycan ordusunda ciddi təşkilati, eləcə də texniki yeniliklər də Dağlıq Qarabağla sərhəddə gərginliyin artmasına səbəb olur. Son zamanlar Azərbaycanda münaqişənin hərb yolu ilə həllinin mümkünlüyü barədə diskussiyalar artıb. Lakin neçə ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və həm də ərazisində Rusiyanın hərbi bazaları olduğu halda, Azərbaycanın etibarlı müttəfiqləri yoxdur, müharibənin də mənası yoxdur. Rusiya, regionda hazırki status-kvonun saxlanmasını tərəfdarıdır və heç bir dəyişikliyə imkan verməyəcək.

- Bu yaxınlardaTürkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəri çərçivəsində Ankara ilə Bakı arasında hərbi-siyasi razılaşmanın imzalanması planlaşdırılmışdı, lakin imzalanmadı. Daha sonra Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov bəyan etdi ki, Bakı belə bir razılaşmağa imzalamağa hazırdır, amma buna bəzi NATO ölkələri mane olur. Bu barədə fikriniz nədir?

- Birincisi, Azərbaycanın Ermənistanla ərazi problemləri var, NATO isə prinsipial olaraq belə ölkələrlə əməkdaşlıq etmək istəmir, çünki ortada “başqası”nın münaqişəsində iştirak etmək məsələsi var.
İkincisi erməni faktorudur. Artıq ermənilər Avropada, eləcə də NATO xəttilə Azərbaycana qarşı neqativ fikirlər formalaşdırıblar və hər cəhdlə buna davam edirlər.
Üçüncüsü isə Rusiya faktorudur. Azərbaycanın belə bir ittifaqa qoşulması, əlbəttə ki, Rusiyaya sərf eləmir. Çünki Azərbaycanın NATO-ya qoşulması Ermənistanın əleyhinə yönələcək. Ermənistan isə Moskvanın müttəfiqidir. Bu baxımdan Azərbaycan Moskvadan uzaqlaşacaq, ən əsası isə ona görə ki, bu ittifaqın üçüncü üzvü Gürcüstan olacaq. Tbilisinin iştirakı olmadan ittifaq qeyri-mümkündür.

- Türkiyə üzrə mütəxəssis kimi, orada baş verən hadisələrlə bağlı nə deyə bilərsiniz? Ərdoğanın mövqeyinin zəifləməsi nə dərəcədə inandırıcıdır?

- Ərdoğanın mövqeyi artıq zəifləyib. Baş nazirə zərbə müxalifətdən deyil, Ədalət və İnkişaf Partiyasının daxilindən gəldi. Türkiyə rəhbərliyinin silsilə səhvləri, xüsusilə isə “ərəb baharı” olaylarına cəlb olunmağı Türkiyəni iqtisadi və siyasi böhrana sürüklədi. Əvvəl də qeyd etdiyim kimi, “Ergenekon” işinin yekunlaşmasından sonra ölkədə müxalifət başsız qaldı və hakim rejimlə real siyasi mübarizə aparmağı bacarmadı. Lakin onların Gəzi Parkındakı nümayişləri 2013-cü ilin payızından sonra vəziyyəti sarsıtdı və hələ 2002-ci ildə Rəcəb Tayyip Ərdoğanın ətrafında formalaşan ən fəal və müstəqil “islam alyansı” - Fətullah Gülən “cemaati”na partiyadaxili parçalanma yaratmağa imkan verdi.

Avqusta qədər gözümüz önündə unikal siyasi səhnə canlanacaq. Türkiyədə adəti üzrə olduğu kimi, səs-küylü açıqlamalar, gözlənilməz koalisiyalar və ittifaqlar və yaxud məhkəmələrlə bəzədilimiş səhnələr... Mənə belə gəlir ki, böyük Erdoğan erası artıq sona çatmaq üzrədir. 2015-ci ildə parlament seçkilərinin nəticələri elan olunduqdan sonra ölkəni idarə edənlər artıq başqaları olacaq, məhz onlar yeni epoxa yaradaqcaqlar. Ümid etmək istərdim ki, yeni Türkiyə, son on ildə Rusiya və digər qonşuları ilə qarşılıqlı münasibətlərdə formalaşmış xoş ənənəni qoruyub saxlayacaq və daha da inkişaf etdirəcək, son 3 ilin səhvlərini düzəldəcək, daha güclü, özünə əmin, müstəqil regional gücə çevriləcək.

- Və nəhayət, sonuncu sualım. Necə düşünürsünüz, Qərbin İranla danışıqları nə ilə nəticələnəcək?

– İIranla danışıqlar bərabərhüquqlu sülh razılaşması ilə yekunlaşa bilməz. Hazırki vəziyyət sadəcə olaraq, ABŞ-ın Yaxın Şərqdə kursunun dəyişməsi şərtinə əsaslanan müvəqqəti barışıqdır. Hələlik İran qərbə ideoloji alternativlərdən biri olaraq qalır, onu sakit qoymayacaqlar. Qərb sadəcə taktikasını dəyişir, İkinci Dünya Müharibəsindən sonra SSRİ-yə münasibətlərində olduğu kimi birbaşa təhlükələrdən yumşaltma mövqeyinə keçir.

Zaur Rəsulzadə
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti