"Rusların irəliləmə sürəti xeyli azalıb" - Ukrayna ordusu

   "Rusların irəliləmə sürəti xeyli azalıb" -    Ukrayna ordusu
  08 Mart 2022    Oxunub:2039
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bu gün saat 06:00-a olan operativ məlumatlar yayıb. AzVision.az xəbər verir ki, məlumatda ölkədə zorakılıq hallarının artıdğı qeyd edilir.
- Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində, rus işğalçıları tərəfindən müvəqqəti işğal edilmiş ərazilərdə yerli sakinlərə qarşı quldurluq və zorakılıq hərəkətləri faktları geniş şəkildə qeydə alınır.

"Ukrayna münaqişəsi 3-cü dünya müharibəsinə doğru gedir" - Maduro
Müdafiə qüvvələrinin qruplaşmaları müəyyən xətlər üzrə Cənub, Şərq və Şimal əməliyyat zonalarında müdafiə əməliyyatını davam etdirirlər. Şimal istiqamətində Çerniqov şəhərinin qəhrəmancasına müdafiəsi davam edir. Kiyev şəhərinin müdafiə qüvvələri isə xarici müdafiə xətti boyunca və əlavə olaraq müəyyən edilmiş ərazilərdə paytaxtın müdafiəsini davam etdirirlər. Cənub əməliyyat zonasında dövlət sərhədi və dəniz sahili boyunca müdafiə əməliyyatı aparılır, Nikolayev şəhərətrafı ərazilərdə müdafiə döyüşləri aparılır, - məlumatda deyilir.

Qeyd edilir ki, digər istiqamətlərdə sabitləşdirmə əməliyyatı davam etdirilir və müəyyən əməliyyat zonasında ərazi müdafiəsi tapşırıqları yerinə yetirilir.

- Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması hava-raket zərbələrini və düşmənin hava hücumlarını uğurla dəf edir, ölkənin mühüm obyektləri və qoşun qrupları üçün hava hücumundan müdafiəni təmin edir. İşğalçılar ruhdan düşür və getdikcə talanlara, hərbi münaqişələrin aparılması ilə bağlı beynəlxalq humanitar hüquq normalarının pozulmasına əl atırlar.

Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində, rus işğalçıları tərəfindən müvəqqəti işğal edilmiş ərazilərdə quldurluq, yerli sakinlərə qarşı zorakılıq hərəkətləri, mülki binaların ələ keçirilməsi, hərbi texnikanın saxlanması üçün kənd təsərrüfatı anqarlarından istifadə faktları aşkarlanıb, sıx məskunlaşan ərazilərdə və mülki obyektlərdə mövqelərin atəşə tutulması geniş şəkildə qeydə alınıb.

Düşmən tərəfindən müvəqqəti işğal olunmuş Xerson və Nikolayev vilayətlərinin ərazilərində 24 fevral 2022-ci il tarixindən sonra işğalçılar yerli əhaliyə təsir göstərmək üçün psixoloji döyüş bölmələrindən istifadə edirlər. Mövcud məlumatlara görə, yerli əhali ilə təbliğat işinin aparılması üçün tapşırıqlarla psixoloji mübarizə aparan 10-a qədər taktiki qrup yaradılıb.

İşğalçılar müvəqqəti olaraq işğal olunmuş Krım Muxtar Respublikasının ərazisinin şimal hissəsinin əhalisini Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə qorxudurlar. Bundan əlavə, FSB orada əhali ilə işləmək, xüsusən də müqaviməti müəyyən etmək üçün operativ qruplar yaradır, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üç raundu fevralın 28-i, martın 3-ü və 7-də Belarus ərazisində baş tutub. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər. Danışıqların dördüncü raundu yaxın gələcəkdə baş tutacağı bildiriir.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu açıqlayıb. Müharibə "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi adı altında aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti