"Bəlkə ruhları rahatlıq tapar..." - Fərrux şəhidinin qardaşı

// "Hər şəhid xəbəri gələndə valideynlərimiz ümidlənirdilər"

"Bəlkə ruhları rahatlıq tapar..." -  Fərrux şəhidinin qardaşı
  06 Aprel 2022    Oxunub:3588
30 il bundan öncə Fərrux yüksəkliyində oğul şəhid verib, hələ də qalıqlarını dəfn edə bilməyənlərdən biri də Allahverdiyevlər ailəsidir. Ailənin sonbeşiyi olan Baba Allahverdiyev 1992-ci ildə müharibəyə qatılıb və həmin ilin oktyabr ayında Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Babanın valideyinləri uzun müddət onun meyitini axtarsalar da, ermənilər nəşi təhvil verməkdən imtina ediblər.
Fərrux yüksəkliyinin ordumuzun nəzarətinə keçməsindən sonra Allahverdiyevlər ailəsinin Babanın qalıqlarının oradan tapılacağına olan ümidləri bir az da artıb. Onlar DNT analizinin cavabini gözləyirlər.

"Fərruxa dizim üstə gedərəm" - Oğlunun sümüklərinə qovuşmaq istəyən Ana
Şəhidin qardaşı Allahqulu Allahverdiyev: "Qardaşım 1971-ci ilin noyabrın 13-də Sumqayıtda anadan olub. 1978-ci ildə orada 23 saylı məktəbə gedib. 1988-ci ildə 10-cu sinfi bitirdikdən sonra 1989-cu ildə Krasnoyarsk vilayətinə həqiqi hərbi xidmətə çağırılıb.1991-ci ildə tərxis olunaraq Azərbaycana qayıdıb. Hərbi komisarlığa müraciət edərək, könüllü döyüşlərə qatılıb. 1992-ci ildə Ağdam rayonunun Boyəhmədli kəndinə gedib, Canyataq, Gülyataq və bir çox kəndlərin uğrunda qəhrəmancasına döyüşüb.

Fərrux dağı uğrunda döyüşlərdən iki gün öncə həkim onu müalicə olunmaq üçün xəstəxanaya göndərib. Qardaşım 1992-ci ilin oktyabrın 26-da evə gəlib və yenidən qayıdıb. Oktyabrın 28-də döyüşlərlərdə qolundan yaralanıb. Onu dağın aşağı hissəsinə aparıblar. Deyiblər ki, “sən yaralısan, aşağıda qal”. Bu söhbəti bizə qərargah rəisinin özü danışıb. Baba isə cavabında bildirib ki, “komandir, uşaqları tək qoya bilmərəm”. Könüllü sürətdə yenidən bir də yüksəkliyə qayıdıb. Düşmənin bir neçə zirehli texnikasını məhv edib. Bu an erməni snayper Babanın qarnından və boğazından vurub, qardaşım şəhid olub.


Qərargah rəisi onun gözlərini bağlayıb. Arxadan isə dənizçilik məktəbinin kursantları gəlib yaralıları, meyitləri yığmalı imişlər. Bu an düşmənin güclü hücumu olub və döyüşçülərimiz pərən-pərən düşüblər, yüksəkliyə nəzarəti itiriblər. Yaralılar və şəhid yüksəklikdə qalıb. Aşağı düşüblər, deyiblər,”Baba hanı?” Baxıblar ki, onun da meyiti yuxarıda qalıb”.


Ailənin bundan sonra döymədiyi qapı qalmayıb. Hər şəhid gətiriləndə "oğlumunku olar" deyə valideyinləri həmin ünvana gediblər.
“Beynəlxalq Qızıl Xaç Komitəsinə də baş vurduq. Ancaq nəticə əldə edə bilmədik. İndi Fərrux yüksəkliyində cəsəd qalıqları aşkarlanıb. İllər sonra görün, nəyə sevinmişik. Qardaşımızın qalıqlarının tapılacağına ümid edirik. Ailəmizin sonbeşiynin 21 yaşında belə ölümü bizi yandırıb-tökdü. Bizdən bir neçə il öncə DNT analizəri götürülüb. Ümid edirik ki, tapılacaq, onu basdıracağıq və valideyinlərimin ruhu rahatlanacaq”,-deyə Allahqulu Allahverdiyev bildirib.

















Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Şəhid   Fərrux  



Xəbər lenti