Ermənistanı reallığa qaytaran Bəyanat

// İrəvan absurd iddialardan əl çəkmək şansını dəyərləndirməlidir

 Ermənistanı reallığa qaytaran  Bəyanat
  07 Aprel 2022    Oxunub:3074
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün

Brüsseldə üçtərəfli formatda ilk görüş 2021-ci ilin dekabrın 14-də baş tutmuşdu. 4 saat yarımdan artıq davam edən ikinci görüş nəticə etibarilə Brüssel sülh gündəliyinin formalaşdırılması ilə başa çatdı. Şarl Mişelin verdiyi açıqlama daha əvvəl Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin Ermənistan tərəfindən qəbul edildiyini və müzakirələrin bu paket ətrafında aparıldığını göstərir.
Sülh müqaviləsinin imzalanması üçün əvvəlcə sərhədlərin təyin edilməsi şərtdir. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratmaları və delimitasiya prosesinə başlamaq barədə razılığın əldə olunması sərhəddə gərginliyin aradan qaldırılmasına imkan verəcək ki, bu da Ermənistanın son 17 ayda ən həssas yeridir.

Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək verməsi də təqdirəlayiqdir. Sonunda Azərbaycan olaraq real problemlərimizin həllinə dair Avropadan məntiqli bir açıqlama eşitdik.
PostBrüssel mərhələsi necə olacaq?

Kommunikasiya xətlərinin bərpası, dəmir və avtomobil yollarının çəkilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılması da tərəflərin maraqlarını əks etdirir. Bu bənd hələ də dalanda qalan Ermənistan üçün daha böyük əhəmiyyət daşıyır.

Ermənistanın hər dəfə səsləndirdiyi “Dağlıq Qarabağ” və “ATƏT-in Minsk qrupu” barədə bir kəlməyə də rast gəlmədik. Bu məsələlərin ən azından Aİ və Azərbaycan üçün artıq keçmişdə qaldığını tam əminliklə deyə bilərik.

Müharibənin başa çatmasından sonra keçən 17 ayda ilk dəfə Avropa İttifaqının dəstəyi ilə münaqişə tərəfləri arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bu format həm baş verən anlaşılmazlıqların və digər nüansların kənar müdaxilə olmadan həllinə, həm də birbaşa təmaslar vasitəsilə tərəflərin münasibətlərinin normallaşdırılmasına töhfə verə bilər.

İstənilən halda Avropa İttifaqı regiondakı münaqişənin bitməsində qərəzsiz tərəf kimi çox maraqlı görünür. Danışıqlar prosesində Azərbaycan və Ermənistan Avropaya daha çox etibar edirlər. Ən azından bu məsələdə ikili oyun müşahidə etmirik. Aİ Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi münasibətləri də həm Avropa-Azərbaycan, həm də Azərbaycan-Ermənistan münaqişəsinin daha əvvəl imzalan birgə Bəyanatın şərtlərinə uyğun nizamlanmasına müsbət təsirlərini göstərəcək.

Bu görüşdən bir gün əvvəl Amerika Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin Nikol Paşinyana dediyi “İindi regionda vəziyyəti daha da gərginləşdirməyin vaxtı deyil” cümləsini Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbətində işlətmədiyini, beləliklə, ABŞ-ın rəsmi olaraq vəziyyətin gərginləşməsinə görə Azərbaycanı deyil, məhz Ermənistanı cavabdeh saymasını da xatırlatmaq yerinə düşər.

Ümid edirik ki, Nikol Paşinyan Azərbaycanın, ABŞ-ın və Aİ-nin səsləndirdiyi təklifləri ciddi qəbul edəcək, prosesləri uzatmaq prinsipindən əl çəkəcək və bununla da birgə Bəyanatın şərtlərini Azərbaycan tərəfindən birtərəfli qaydada həyata keçirilməsinə şərait yaratmayacaq. Hazırda dünyada heç kim Qaragöl ətrafında, Qubadlının Şurnuxu kəndində, Kəlbəcərin Böyük Şorca istiqamətində, Fərrux dağında və s. ərazilərdə baş verənlərdən bəhs etmir. Sülh əldə olunmasa, Ermənistandan başqa kiminsə bəhs etmədiyi ərazilərin coğrafiyası daha da genişlənəcək.

Bu yazını da oxuyun:
İrəvandakı mitinqdən çıxan 10 nəticə - TƏHLİL



Teqlər:   Brüssel   Ermənistan   Azərbaycan  





Xəbər lenti