PostBrüssel mərhələsi necə olacaq?

// Yeni nizamlama mexanizminin konturları aydınlaşır

      PostBrüssel mərhələsi necə olacaq?
  07 Aprel 2022    Oxunub:3683
Brüsseldən kimin nə ilə qayıtdığını başa düşmək üçün əvvəlcə kimin ora nə üçün getdiyinə baxmaq lazımdır. Görüşdən qabaq Azərbaycan və Ermənistanın Qarabağ gündəmləri bir-birindən tamamilə fərqlənirdi. Onları görüşün nəticələrinə dair verilən bəyanatla müqayisə edəndə vəziyyət aydınlaşır.
Azərbaycanın nail olmaq istədiyi məqsədlər bunlardır:
• Erməni silahlılarının Qarabağdan çıxarılması;
• Sərhədlərin müəyyənləşdirilməsi;
• Sülh müqaviləsinin imzalanması.

Ermənistan rəsmilərinin açıq səsləndirdikəri fikirlərdən bəlli olurdu ki, onların iddiaları belədir:
• “Artsax”ın statusu;
• Münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanması;
• Erməni “əsir”lərin qaytarılması.

Brüssel danışıqlarının elan olunan nəticələri:
• Xarici işlər nazirlərinə sülh müqaviləsinin üzərində işə başlamaq tapşırılacaq;
• Sərhədləri müəyyən etmək üçün aprelin sonuna qədər ikitərəfli komissiya yaradılacaq;
• “Artsax” və onun “statusu” haqqında heç nə yoxdur;
• Minsk qrupu haqqında heç nə yoxdur.

Beləliklə, toplayıb-çıxandan sonra nə qalır:
• Azərbaycanın gündəliyindəki üç məsələdən ikisi həllini tapıb
(Bu isə avtomatik olaraq üçüncünün də həllini tapacağı deməkdir. Çünki sərhədlər müəyyənləşəndən və sülh müqaviləsi imzalanandan sonra erməni silahlıların Azərbaycan ərazisində qalmaları mümkün deyil);
• Ermənistanın gündəliyindəki heç bir məsələyə müsbət yanaşılmayıb
(Erməni “əsir”lər in qaytarılması ilə Azərbaycanda itkin düşmüş şəxslərin arasında haqlı olaraq bərabərlik işarəsi qoyulub);
• Münaqişənin həllinə himayədarlıq Rusiyadan Avropaya keçir
(Yada salaq: noyabrn 26-da keçirilmiş Soçi görüşündə qəbul olunmuş bəyanatda sərhədinin delimitasiya və demarkasiyasının “Rusiya Federasiyasının məsləhət yardımı ilə” həyata keçirilməsi nəzərdə tutulurdu. Daha hansısa yardıma ehtiyac yoxdur).

Ermənistanın “Minsk qrupu” deyib hay-küy salmasının tamamilə əsassız və mənasız olması təsdiqini tapdı. Ukrayna müharibəsindən sonra Rusiya, ABŞ və Aİ-nin bir geosiyasi mexanizmdə fəaliyyət göstərmələri mümkün deyil və uzun müddət də olmayacaq. Ona görə də, ermənilər MQ formatını nə qədər tez unutsalar, o qədər yaxşıdır.

Danışıqlar əsasən iki tərəf arasında birbaşa keçirilməyə doğru gedir. Aİ-nin dəstəyi ilə yaradılan mexanizm bunun təmin edilməsini nəzərdə tutur. Yəni ermənilərin hər dəfə ağlayıb, rusların üstünə qaçdıqları dövr tədricən qurtarır. Artıq böyümək, öz problemini qarşı tərəflə birbaşa müzakirə etməyi öyrənmək vaxtıdır. Şarl Mişelin sözlərilə desək, “proses artıq başlayıb”. Bunun üçün təbii ki, münasibətlər normallaşmalı, Ermənistan mediasında Azərbaycana yönəlmiş nifrət və təhqirin dərəcəsi aşağı salınmalıdır.

Ermənistan artıq başa düşməlidir ki, regionda Azərbaycana qarşı başlatdığı tarixi avantüranı uduzub. Uduzulmuş oyunu davam etdirməyin heç bir mənası yoxdur. Bundan sonra separatizmə dəstəkdən əl çəkib, qonşu ilə münasibətləri normallaşdırmaq ən ağıllı addım ola bilər.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Brüssel-danışıqları  





Xəbər lenti