"Sorosçular Moskvaya sığınan Paşinyanı hədələyirlər" - Erməni mediası

   "Sorosçular Moskvaya sığınan Paşinyanı hədələyirlər" -    Erməni mediası
  22 Aprel 2022    Oxunub:1438
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfər edərək burada müttəfiqliyi gücləndirən yeni sənədlərə qol çəkməsi İrəvanda birmənalı qarşılanmayıb. AzVision.az xəbər verir ki, yerli media bu səbəbdən hakim komandada çaxnaşma yarandığını iddia edən məqalələr dərc edib.
Qeyd edilir ki, Qərbin Moskvaya qarşı bütün sferalarda genişmiqyaslı cəbhələr açması fonunda baş nazirin Rusiyaya sığınması siyasi elitanın qəzəbinə səbəb olub.

Rusiya və Ermənistan biotəhlükəsizlik sahəsində razılığa gəliblər
"Hraparak" nəşrinin əldə etdiyi məlumata görə, Nikol Paşinyanın Moskva səfəri hakim fraksiyada çaxnaşma yaradıb.

"Mənbələrimiz bildirir ki, Paşinyanla Putinin məlum birgə bəyanatından sonra Qərb və ya daha dəqiq desək, "Soros sektor"u parlament daxilində birbaşa etirazlara qalxaraq baş naziri açıq şəkildə hədələyir. Onlar deyirlər ki, Nikol bundan sonra “rus çəkmələrini yalayacaq” və Qərbdən uzaqlaşacaq".

O da vurğulanır ki, Paşinyan Moskvaya getməzdən əvvəl və ya səfərdən sonra deputatlarla görüşməsə də, səfərin nəticələrini onlara təqdim etməsə də, məlum bəyanatın mətnində Qarabağ məsələsinin qısa şəkildə qeyd olunması iqtidaryönlü deputatların hirsini nisbətən soyudub.

" Məsələ burasındadır ki, bir neçə həftə əvvəl Brüssel görüşündən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yaydığı bəyanatda Qarabağla bağlı bir kəlmə də söz açılmamışdı. Mənbəmiz xatırladıb ki, bu isə Avropa İttifaqı ilə bağlı üçtərəfli görüşlərə dair Dağlıq Qarabağın adı çəkilməyən üçüncü belə haldır", - müəllif yazıb.

Qeyd edək ki, Ermənistanın hakim partiyası 2018-ci ildə çevriliş yolu ilə hakimiyyətə gəlib. İnqilabın əsas "sponsoru"nun isə Soros fondu olduğu deyilir. Fond hətta Paşinyanın hakimiyyəti dövründə İrəvanda xeyli sayda layihələr də həyata keçirməyə başlayıb. Görünür Qərbin siyasi layihəsi kimi qiymətləndirilən Paşinyanın indi yeni bəyanat və müqavilələrlə Rusiyanın qanadı altına girməsi bəzi dairələrdə hiddətə səbəb olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Soros   Moskva  



Xəbər lenti