"Nüvə müharibəsi riski realdır" - Lavrov

   "Nüvə müharibəsi riski realdır" -    Lavrov
  26 Aprel 2022    Oxunub:1407
Rusiya növbəti dəfə nüvə müharibəsi ehtimalının artması barədə xəbərdarlıq edib. AzVision.az xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov Birinci kanalın “Böyük oyun” proqramının efirində deyib ki, "nüvə müharibəsi riski realdır və onu qiymətləndirməmək olmaz. Belə bir müharibə yolverilməzdir, bu, Moskvanın prinsipial mövqeyidir".
Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, Kiyevin real mövqeyi Vaşinqtonda, Londonda və digər Qərb paytaxtlarında müəyyən edilir. Lakin Rusiya hələ də Zelenski komandası ilə əlaqələri davam etdirir.

Rusiya Ukraynada nüvə silahından istifadə etməyəcək
Lavrov Qərbə də etirazını bildirib. Onun sözlərinə görə Ukraynanı silahla təmin edən NATO Rusiya ilə müəyyən mənada müharibəyə girir.

- Rusiya Silahlı Qüvvələri NATO-nun Ukrayna ərazisində silahlarla təchiz etdiyi anbarları qanuni hədəfi hesab edəcək, - Lavrov xəbərdarlıq edib.

"Rusiyanın xoşməramlılığı qeyri-məhdud deyil, əgər qarşılıq verilmirsə, bu, Kiyevlə danışıqlar prosesinə töhfə vermir" deyən Lavrov Kiyevlə atəşkəs müqaviləsi barədə də danışıb. Onun sözlərinə görə Moskvanın Ukraynaya təhvil verdiyi müqavilənin yenilənmiş variantında Kiyevin iradları nəzərə alınıb, lakin onlar öz təkliflərinə hələ cavab almayıblar.

- Ukraynadakı münaqişə müqavilə ilə başa çatacaq. Ancaq onun parametrləri aparılan döyüşlərin mərhələsinə görə müəyyən ediləcək, - nazir qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov   Rusiya   Ukrayna   Nüvə   NATO  



Xəbər lenti