Rəsmi Kiyev nə edəcəyini bilmir - ziddiyyətli qərarlar

Rəsmi Kiyev nə edəcəyini bilmir - ziddiyyətli qərarlar
  23 Aprel 2014    Oxunub:1299
Ukraynada vəziyyət gərgin olaraq qalır. Slavyanskda qarşıdurmalar zamanı ölənlər torpağa tapşırılır, Kiyev isə “anti-terror” əməliyyatlarının bərpasına qərar verib.
Ukrayna hökuməti regionların tələblərini dinləməyə və gərəkərsə müəyyən güzəştlərə getməyə hazır olduğunu bəyan edib. Bu barədə Kabinetin yaydığı məlumatda bildirilir.

Ancaq bu, prezidentin səlahiyyətlərini icra edən Radanın sonuncu qərarı ilə ziddiyyət təşkil edir. Bu yaxınlarda Ukrayna Ali Radasının rəhbəri Aleksandr Turçinov ölkənin şərqində anti-terror əməliyyatlarını bərpa etmək barədə əmr verib. Bu gün isə həmin əməliyyatların daha da gücləndirilməsi ilə bağlı daha bir qərar açıqlanıb.

Hazırda Slavyanskda vəziyyət daha da gərgindir. Şəhər meydanında mindən çox yerli sakin mitinq keçirir. Bu gün həm də hökumət qüvvələri ilə qarşıdurmalar zamanı həlak olanlarla vida mərasimləri keçirilir. Xatırladaq ki, aprelin 20-də şəhərin şimal blokpostuna hücum zamanı 3 nəfər ölüb.

Hazırda şəhərdə komendant saatı elan olunub. Slavyanska Daxili qoşunların 25-ci desant briqadası nəzarət edir.

Slavyanska qonşu olan Kramatorskda isə özünümüdafiə qüvvələri əsas administrativ binalar ələ keçiriblər. Baş Milis Məntəqəsi, regional Təhlükəsizlik Xidməti binası rusmeyllilərin nəzarəti altındadır. Binaların üzərində Donetsk respublikasının bayraqları dalğalanır.

Kramatorsk Aerodromuna gedən yol əvvəlki kimi bağlıdır. Bəzi yerli sakinlər, federallaşma tərəfdarları, özünümüdafiə dəstələri ilə birgə yolları bağlayıblar.

Hökumətin tapşırığı ilə antiterror əməliyyatları çərçivəsində hərəkətə keçmək istəyən əsgərləri hər dəfə müqavimətlə qarşılaşırlar. Hökumətin zirehli texnikası mühasirə altındadır. Federallaşma tərəfdarları əsgərləri Kiyevin əmrlərini yerinə yetirməməyə çağırırlar.

Hazırda ATƏT müşahidəçiləri xalq tərəfindən elan olunmuş Slavyansk meri ilə bu barədə danışıqlar aparırlar. Təşkilat əməkdaşları yerində monitorinq aparmaq üçün şəhərə girə biliblər. Yekun nəticələr bir qədər sonra elan olunacaq.

Bu arada Slavyansk Şəhər Şurasının rəhbəri Nelya Ştepa növbəti dəfə federallaşma tərəfdarlarını dəstəklədiyini bildirib və “Sağ sektorun” lideri Dmitri Yaroşu, eləcə də fevral hadisələrindən sonra hökumət tərəfə keçən siyasətçiləri qınayıb.

Ukrayna paytaxtında isə bir müddət sonra Donetsk vilayətində xüsusi əməliyyatların daha aktiv fazasına keçiləcəyi bəyan edilib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti