İsrailin xarici işlər naziri: `Hər ölkənin öz maraqları var`

İsrailin xarici işlər naziri: `Hər ölkənin öz maraqları var`
  01 May 2014    Oxunub:1433
"Azərbaycan bizim üçün dostdur. Azərbaycan tolerant bir ölkədir. Azərbaycan tolerantlıq nümunəsidir. Azərbaycanda yaşayan yəhudilər hər zaman, hətta Holokost zamanı burada özlərini rahat hiss ediblər". Bu sözləri İsrailin xarici işlər naziri Aviqdor Liberman bu gün keçirilən mətbuat konfransında bildirib.
Nazir bildirib ki, Azərbaycanla bugünkü münasibətlər ən yüksək səviyyədədir. Münasibətlər hər sahədə pozitiv dinamikada inkişaf edir: "Biz ikitərəfli münasibətləri müzakirə etdik. Əsas prioritetlər kənd təsərrüfatı və energetikadır".

İsrailin Minsk qrupunda iştirakı məsələsinə dair sualı cavablandırarkən nazir bildirib: "İnanmıram ki, İsrailin Minsk qrupunda iştirakını kimsə bizə təklif edə. Amma təklif olsa, biz onu ciddi müzakirə edərik. Lakin bu təklifin hansı tərəfdən gəldiyini bilməliyik".

A.Liberman "ermənipərəst Zeyev Elkinin sizin müavininiz olması faktı İsrailin xarici siyasətində Azərbaycan və Ermənistan arasında balansın göstəricisidirmi?" sualına cavab verərkən bildirib: "Hökumətdə və parlamentdə ümumi strateji xətt var və buna görə də heç kim özünün baxışları və simpatiyasından asılı olaraq bu xətti dəyişə bilməz. Əgər İsrail və Azərbaycan nümayəndələrinin görüşlərinin müntəzəmliyinə, bizim əməkdaşlığımızın səviyyəsinə və ticarət dövriyyəsinin həcminə nəzər yetirsəniz, onda hər şey sizə aydın olar".

Azərbaycan-İran münasibətlərinə dair suala cavab verən nazir bildirib ki, İsrail başqa ölkələrin daxili işlərinə qarışmır: "Hər bir ölkənin öz maraqları var".

Nazir həmçinin bildirib ki, sərnişinlərin sayı çox olduğundan, Bakı-Tel Əviv-Bakı aviareyslərinin sayı artırılacaq.

İsraildə Azrbaycan səfirliyinin açılmasına gəlincə, nazir bildirib ki, bu, Azərbaycan hökümətindən də asılıdır.

A.Liberman qeyd edib ki, iki ölkə arasında münasibətlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: "Biz çox şadıq ki, Prezident İlham Әliyev bu xətti davam etdirir" (Trend).


Teqlər:





Xəbər lenti