ORT-nin rəhbərinin intihar cəhdindəki Ukrayna sirri – TƏHLİL

ORT-nin rəhbərinin intihar cəhdindəki Ukrayna sirri – TƏHLİL
  06 May 2014    Oxunub:1479
Ukraynada vəziyyət gərginləşir və artıq ölkə vətəndaş müharibəsinə doğru surətlə addımlamaqdadır. Təbii ki, Ukraynada vətəndaş müharibəsi vəziyyətinin yaranmasında Rusiyanın rolu danılmazdır. Baş verən son hadisələr onu göstərir ki, nə Kiyev, nə də Moskva vəziyyətə nəzarət etmək iqtidarında deyillər.

Moskvanın Kiyevin yeni hökumətinə qarşı həyata keçirdiyi aqressiv siyasətində yekun məqsədinin nədən ibarət olduğu hələ ki, tam məlum deyil. Bəlkə də, Kremldə artıq qoyulan ilkin məqsəd unudulub və geriyə dönüş olmadığı üçün kor-koranə hücuma başlanılıb.

Bir məqam xüsusi vurğulanmalıdır ki, Krımın anneksiyası, Ukraynanın cənub-şərqindəki əyalətlərdə qarşıdurmaların yaradılması ilə müşayət olunan Moskvanın antimaydan kampaniyasında Rusiyanın demək olar ki, bütün əsas kütləvi informasiya orqanları – televeziya, radiyo, mətbuat və elektron infomasiya məkanları hakimiyyətin sifarişinə uyğun vahid ideoloji mövqedən çıxış edirlər. Ukraynada hansı hadisənin baş verməsindən asılı olmayaraq, Rusiya KİV-nin ortaq mövqeyi ondan ibarətdir ki, “rusdilli əhali Kiyevdəki yeni faşist hakimiyyətdən narazıdır və bu səbəbdən kütləvi etiraz aksiyaları keçirib, öz hüquqlarını tələb edirlər. Mitinqlərin qarşısını almaq istəyən hüquq-mühafizə orqanları isə onların hüquqlarını pozur“.

Təbii ki, Rusiya kütləvi informasiya vasitələrinin Ukrayna ilə bağlı yaydığı dezinformasiyaya dünya ictimaiyyəti inanmır. Hətta ruslardan başqa heç kim inanmır desək, yanılmarıq. Bu faktı Kremldə də anlamamış deyillər. Belə çıxır ki, Moskva bu təbliğatı daxili tələbat üçün aparır və yalan üzərində qurulmuş idelogiya və saxta qələbələr hesabına daxili ictimai rəyi öz xeyrinə yüksək səviyyədə saxlamağa çalışır. Rusiya iqtisadiyyatının vaxt keçdikçə geriləməsi fonunda əhalidə yaranacaq sosial narazılıqların qarşısını almaq üçün Putinə yeni saxta qələbələr lazım olacaq və məhz buna görə Moskvanın antimaydan kampaniyasının uzun müddət davam edəcəyini və kütləvi informasiya vasitələrinin hakimiyyətin əsas köməkçisi olacağını indidən ehtimal etmək olar.

Putinin media sahəsinə xüsusi önəm verməsini bu yaxınlarda 300-ə yaxın hökumətyönümlü jurnalistin ali dövlət mükafatları ilə təltif edilmələri barədə sərəncam imzalaması da sübut edir. “Vedomosti” qəzeti yazır ki, bu barədə prezident 22 aprel tarixində 269 nömrəli gizli sərəncam imzalayıb. “BBC”-nin Rusiya nümayəndəliyi də öz məlumatında qeyd edir ki, prezidentin rəsmi saytında 269 saylı sərəncam barədə heç bir məlumat verilmir. Saytda 268-ci sərəncamdan sonra, 270-ci sərəncam gəlir. Sərəncamın gizli saxlanılmasında məqsəd nə ola bilər?

Əslində Kreml Ukraynada baş verənləri öz sifarişinə uyğun işıqlandırdığına görə jurnalistləri təltif etməklə dolayı yolla hadisələrə müdaxilə etdiyini sübut edir. Buna görə sərəncam gizli saxlanıla bilər. Yoxsa 300-ə yaxın jurnalist birdən-birə niyə dövlət ordenləri ilə təltif olunsun? Əgər onlar obyektiv şəkildə hadisələr barədə məlumat hazırlayıb və sadəcə olaraq öz üzərlərinə düşən işi həyata keçiriblərsə?

Maraqlıdır ki, təltif olunanlar arasında çoxlu sayda baş direktor, baş redaktor, redaktor müavinləri var. Onlar ki, qaynar nöqtələrdən xabər hazırlamayıb. Nədənsə təltif olunanların arasında Rusiya İctimai Televiziyasının derektoru Konstantin Ernstin adı yoxdur.

Ernstin adı ətrafında müəmmalar çoxdur. Belə ki, mayın 2-də internet vasitələrində belə bir məlumat yayıldı ki, Rusiya İctimai televiziyasının (ORT) baş direktoru Konstantin Ernst prezident Vladimir Putin və “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller ilə uzun surən telefon danışığından sonra yaşadığa evə gedib və orada özünə odlu silah vasitəsilə sui-qəsd edib, ancaq sağ qalıb. Ernstin təcili olaraq Moskvanın mərkəzi kliniki xəstəxanasına çatdırıldığı bildirilir.

Bu məlumat hadisədən bir gün sonra təkzib olunmağa başlandı. Rusiya İctimai televiziyasının rəsmi saytında yayılan məlumatda informasiyanın səhv olduğu, Ukraynada son hadisələrlə bağlı bu ölkənin KİV-lərinin bu məlumatı yaydığı, hazırda baş direktorun Rusiya və Birinci kanalın xeyri üçün çalışdığı bildirilir.
Qeyd edək ki, Konstantin Ernst hələ ki, televiziya ekranlarında görünməyib və məsələyə münasibət bildirməyib.

Ernst, Rusiyada kifayət qədər ictimai nüfuza malik olan jurnalist və ictimai xadimlərdən biridir. Rusiyanın İctimai televiziyası hər nə qədər dövlət ideyologiyasına yaxın məlumat versə də, digər televiziyalarla müqayisədə daha neytral mövqe nümayiş etdirir. Konstantin Ernstin yuxarı hakimiyyət eşalonları ilə Ukrayna hadisələrinə görə hələ ki məlum olmayan fikir ayrılığının mövcudluğunu elə İctimai televiziyanın sui-qəsdlə bağlı yaydığı açıqlama sübut edir. Məlumatda Ukraynanın adının hallanması, onun Rusiyanın xeyri üçün çalışdığının vurğulanması şübhəyə əsas yaradır.

Ukraynanın Odessa şəhərində mayın 3-də baş vermiş faciəli hadisə, bəlkə də, Rusiyanın düşünən və artıq yalan informasiyanı yaymaq istəməyən jurnalistlərlə hakimiyyət arasında uçurumun yaranmasının əsasını qoydu. Odessada 46 nəfərin ölümü ilə nəticələnən hadisənin günahkarının kim olduğunu dəqiq müəyyən etmək müşkülə çevrilib. Rusiya KİV-i inadla sübut etməyə çalışır ki, hadisəni Kiyevdən gələn `maydan`çılar törədib və hüquq mühafizə orqanları buna göz yumub. Bəlkə də, Ernst faciələrin get-gedə böyüdüyünü görüb və artıq bunu ört-basdır etməkdən, başqasının üstünə yıxmaqdan, hakimiyyət üçün siyasi xal qazanmaqdan imtina edib. Konstantin Ernst kimi ictimai fiqurun hakim ideologiyaya qarşı çıxması Putin üçün çox təhlükəli ola bilər.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti