Abdullah Gül: Qafqaz dağlarını maneə hesab etmirik

Abdullah Gül: Qafqaz dağlarını maneə hesab etmirik
  06 May 2014    Oxunub:843
Qafqazın yüksək dağları bizim üçün maneə yox, bir qapı, bir işbirliyi məkanıdır.
AzVision.az Gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Abdullah Gül Tbilisi sammitində çıxışı zamanı bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, bu sammit Gürcüstan, Türkiyə və Azərbaycan arasında çoxtərəfli və konstruktiv əməkdaşlığın daha bir təsdiqidir. O, vurğulayıb ki, 2007-ci ildə yeni layihənin təqdim olunması ilə üç ölkə arasında əməkdaşlığın yeni mərhələsi başladı.Həmin vaxtdan etibarən Gürcüstan, Türkiyə və Azərbaycan nazirliklərinin müxtəlif nümayəndələri arasında müntəzəm qaydada görüşlər təşkil olunur.

Türkiyə Prezidenti əlavə edib ki, bugünkü sammitdə regionun bir çox önəmli layihələri - Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri də müzakirə ediləcək: "Azərbaycan, Gürcüstan və Türkiyə bir çox regional və beynəlxalq layihələr həyata keçirirlər. Bu layihələr yalnız region üçün deyil, həm də qlobal miqyasda əhəmiyyətlidir. Biz bu qlobal layihələrin əhəmiyyətini anlayırıq və bu üç ölkə Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün əlindən gələn hər şeyi edir”.

O, üç dövlət arasında bir çox sahələrdə əməkdaşlıq və qardaşlıq nümunəsi olan prezidentlər səviyyəsində görüşlərin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti