“Soyuq müharibə” yenidən alovlanır

 “Soyuq müharibə” yenidən alovlanır
  07 May 2014    Oxunub:2680
Rusiya və NATO silahlanır.
Ukrayna ətrafında baş verənlər "soyuq müharibə”nin yenidən alovlanması ilə müşayiət olunur. Bir tərəfdə Rusiya və onu dəstəkləyən dövlətlərin, digər tərəfdə isə NATO-nun yenidən silahlanması müşahidə olunur.

Məhz belə bir vaxtda Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiyanın Qara dəniz donanması yeni nəsil sualtı qayıqlarla və hərbi gəmilərlə təchiz olunacaq. Onun sözlərinə görə, Krım və Sevastopolun Rusiyaya birləşdirilməsindən sonra Qara dəniz donanmasının inkişaf proqramında dəyişikliklərə böyük ehtiyac var:

"Bu il Qara dəniz donanmasında havadan müdafiə sistemləri və dəniz piyada taburunun yeni hissələri yaradılacaq, həmçinin donanma yeni nəsil sualtı qayıqlarla, hərbi gəmilərlə təchiz olunacaq”.

Bütün bunlara səbəb ABŞ-ın raketdən müdafiə sistemi ilə Rusiyanı nəzarət altına almağa çalışmasıdır. Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq üzrə baş idarəsinin rəhbəri Sergey Koşelev də ABŞ-ın Avropada raketdən müdafiə sistemi ilə əlaqədar fəaliyyətini davamlı şəkildə artırdığını və mövcud potensialın Rusiyanı hədəf aldığını söyləyib:

"NATO –nun son dövrlər verdiyi bəyanatlar ittifaqın Rusiya əleyhinə fəaliyyətinin hər keçən gün artdığını təsdiq edir. NATO-dakı tərfdaşlarımız məsələni müzakirə əvəzinə siyasi bəyanatlarla cavab verirlər”.
Aralıq dənizində daim qalmağı planlaşdıran Rusiya bölgəyə daha 3 döyüş gəmisi göndərib. ABŞ-ın Kaliforniya ştatının sahillərində və Sakit okeandakı Quam adaları üzərində Rusiya strateji bombardmançıları görünüb. Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general Herbert Karlayl bildirib ki, Rusiya aviasiyası bu yolla kəşfiyyat məlumatları toplamağa çalışıb. General deyib ki, Amerikanın "F-15” qırıcıları Quam adaları üzərində Rusiyanın "Tu-95” strateji bombardmançısının görünməsi ilə bağlı havaya qaldırılıb.

Amerika HHQ komandanı Rusiya strateji aviasiyasının Koreya və Yaponiya sahillərində də intensiv uçuşlar keçirdiyini deyib. O, əlavə məlumat verməkdən imtina edib. Xatırladaq ki, "Tu-95” strateji bombardmançıları nüvə başlığı ilə təchiz olunmuş hava-yer raketləri ilə təchiz edilib və havada yanacaq götürməklə on minlərlə kilometr məsafəyə uça bilir.

Belə bir vaxtda isə NATO baş katibi Anders Foq Rasmusen Rusiyanın Ukraynadakı hərəkətlərini bir daha qanunsuz adlandırıb və bildirib ki, artıq Moskva özünü tərəfdaş yox, rəqib kimi aparır. Avropa telekanallarından birinə müsahibəsində baş katib daha sonra deyib: "Ukraynada yaşananlar Avropanı ayıltmalıdırlar, vəziyyət belə davam edə bilməz”.

Rasmussenə görə, Ukrayna böhranı dönüş məqamıdır: "İkinci dünya savaşı bitəndən sonra ilk dəfə olaraq Avropa dövləti zorla özünə yeni ərazilər birləşdirir. Krımda, Ukraynadakı vəziyyət bizə keçmişi xatırladır. Sanırdıq ki keçmişdə baş verənlər bu gün təkrar oluna bilməz.Ancaq bütün bunlar XXI əsrdə baş verir!”

Alyans rəhbəri Kremlə növbəti ismarışını da göndərib. "Ruslar bizim iradəmizi sınağa çəkməsinlər. Heç şübhə etməsinlər ki, alyansın bir üzvünə edilən hücum bizim hamımıza edilən hücum kimi qəbul ediləcək. Biz hadisələrin istənilən inkişaf variantına hazırıq”.

Səbinə


Teqlər:





Xəbər lenti