"Avropada böhran hələ bitməyib"

  "Avropada böhran hələ bitməyib"
  14 May 2014    Oxunub:821
"Cənubi Avropa şirkətlərinin bir qismi kredit ehtiyatlarından istifadə ilə əlaqədar çətinliklər keçirir".

AzVision.az-ın məlumatına görə, bu sözləri BVF-nin başçısı Kristin Laqard Almaniyanın “Handelsblatt” jurnalına verdiyi müsahibəsində deyib.

K.Laqard bildirib: “Düzdür, bərpa işi tam sürətlə gedir. Bir sıra ölkələr maliyyə yardımı proqramından uğurla çıxıblar. Amma bu, o demək deyil ki, böhran bitib və bizim missiyamız yerinə yetirilib”.

Avrozonanın bir neçə dövləti, ilk növbədə Yunanıstan maliyyə böhranına düçar oldu. Dövlət borcunun yüksək səviyyədə olması onların borclar üzrə xərclərini ağlasığmaz səviyyəyə qaldırdı.

Həmin dövlətləri iflasdan xilas etmək üçün beynəlxalq kreditorların müdaxiləsi tələb olunurdu. Yunanıstan kimi bəzi ölkələr gəlirlərinə uyğun yaşamırdılar. İrlandiya kimi başqa dövlətlər isə xilas etməli olduqları problemli banklar ucbatından uçuruma yuvarlanırdılar.

Yunanıstan, Portuqaliya, Kipr və İrlandiya sərt qənaət tədbirləri gördülər ki, bu da maliyyə yardımının alınması üçün şərt oldu. İspaniya isə öz bank sektorunu Aİ tərəfindən maliyyələşdirmə hesabına xilas etdi. Bu zaman Madrid genişmiqyaslı maliyyə yardımı proqramına qoşulmadı.

K.Laqard xəbərdarlıq edərək bildiribki, avrozonada inflyasiyanın sürətinin aşağı olması da bərpa üçün təhlükəlidir. Bu məsələdə BVF rəhbəri Avropa Mərkəzi Bankının prezidenti Mario Dragini təkrarlayır.

O, AMB-ni inkişafı stimullaşdırmaq üçün pul-kredit siyasətini yumşaltmağa çağırıb. K.Laqard da hökumətlərə rəqabət qabiliyyətini yüksəltmək üçün tədbirlər görməyi, əmək bazarında struktur islahatları keçirməyi tövsiyə edib.

Fondun rəhbəri həmçinin bildirib ki, Ukraynada davam edən böhran dünya iqtisadiyyatının inkişafı üçün yeni risklər yaradıb. BVF bu böhranın aradan qaldırılması üçün 17 milyard dollar kredit ayrılmasını bəyənib
O deyib ki, böhranın nəticəsini və başqa ölkələrə necə təsir göstərəcəyini qabaqcadan proqnozlaşdırmaq çətindir, “amma o, ciddi iqtisadi nəticələr verəcəkdir”.


Teqlər:





Xəbər lenti