Bankların ölkəyə xeyri artıbmı? – TƏHLİL

Bankların ölkəyə xeyri artıbmı? – TƏHLİL
  14 May 2014    Oxunub:1355
Kommersiya bankları tərəfindən istehlak kreditləri məhdudlaşdırıldıqdan sonra avtomobil və bir sıra məişət avadanlıqlarının satışı xeyli zəifləyib. Söhbət hələ 4-5 ayın nəticəsindən gedir. Adlarını çəkdiyimiz məhsulların satışında getdikcə daha ciddi azalma müşahidə ediləcək. Düzdür, ötən müddətdə bilavasitə avtomobil satışının azalmasında başqa amillərin də rolu var, amma sözümüz bunda deyil.

Diqqəti cəlb etməli olan məsələ müvafiq addımdan sonra ölkədə bank sisteminin iqtisadiyyatın real sektorunu maliyyələşdirməsi vəziyyətidir. Məlumdur ki, bankların gəlirlərinin əsasını istehlak kreditləri təşkil edirdi. Bundan sonra isə kreditləşdirmə zamanı istehsal və ticarətdən kənar xidmət sahələrindən gəlir götürülməlidir ki, bu da iqtisadiyyatın maliyyələşdirilməsinin artacağı deməkdir.

Bəs, vəziyyət necədir? Ötən 4-5 ayda qeyri-neft sektorun kreditləşdirilməsində canlanma və yaxud irəliləyiş varmı?

Azərbaycan Mərkəzi Bankın (AMB) rəhbərlərindən Xəqani Abdullayev istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılmasının bankların aktivlərinin keyfiyyətinə müsbət təsir etdiyini söyləmişdi.“Bu günə vaxtı keçmiş kreditlərin həcmi ölkənin bank sektorunun ümumi kredit portfelinin 5-6 %-ni təşkil edir. Bu baxımdan, sözügedən qərarın nəticəsi bütövlükdə qənaətbəxş hesab edilir”- deyə, AMB-in İdarə heyətinin sədrinin müavini X. Abdullayev bildirmişdi. Onun sözlərinə görə, AMB bir az əvvəl həyata keçirilməyə başlanılan məhdudiyyətin nəticələrini artıq hiss etməkdədir. Belə ki, risklərin azalması ilə yanaşı, iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi səviyyəsinin də artdığı görünür.

“Bankların vəsaitlərini milli iqtisadiyyatın real sektoruna aktiv yönəltmələri üçün tendensiya yaranıb”-deyə, X. Abdullayevin əlavə edib. Həqiqətən də martın 1-nə olan vəziyyətə görə bank sektorunun aktivləri keçən ilin eyni dövründə qeydə alınan 1,67 milyard manata qarşı 2,08 milyard (24,65 % çox) təşkil edib. Bundan əlavə, cari ilin fevralında kapitallaşma səviyyəsi də keçən ilin anoloji dövrü ilə müqayisədə 28,7 % artaraq martın əvvəlinə 3,36 milyard manata çatıb.

Lakin iqtisadiyyatın kreditləşdirilməsi vəziyyəti diqqəti xüsusən cəlb edir. AMB-nin bir az əvvəl açıqladığı statistikaya əsasən, cari ilin yanvar-fevral aylarında keçən ilin eyni ayları ilə müqayisədə bankların iqtisadiyyatı kreditləşdirməsi 28,34 % artaraq 15667,9 milyon manata çatıb. Ümumiyyətlə, aprelin 1-nə ölkədə cəmi kredit qoyuluşunun həcmi 15,427 milyard manat təşkil edib.

Qısa desək, yuxarıda da qeyd etdiyimiz kimi, real sektorun kreditləşdirilməsi həqiqətən artıb. Bu, özünü hüquqi şəxslərin tərəfindən daha yaxşı göstərir. Belə ki, son 1 ilin ərzində istehsal və sənaye sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilən kredit həcmi 58% artıb ki, rəqəmlərə əsasən, keçən ilin mart ayında ümumi kredit qoyuluşunun həcmi hesabat dövrü ərzində 1,139 milyard manat təşkil etmişdisə, bu ilin fevral ayında 1,801 milyard olub.

Qeyd etmək lazımdır ki, bu əsasən, özəl sektorun sayəsində əldə edilib. Belə ki, dövlət mülkiyyətində olan sənaye və istehsal müəssisələrinə kredit qoyuluşu cəmi 84,9 milyon manat təşkil edib. Bu isə hesabat dövrünə görə 35% az deməkdir. Özəl müəssisələr üzrə isə bu rəqəm 65,65% çox olub.

Ancaq bütün bunlar çox şey ifadə etmir. Əvvəla, real sektorun maliyyələşdirilməsində ciddi canlanma əldə etmək üçün istehlak kreditlərini məhdudlaşdırmaq kifayət deyil. Başqa sözlə desək, bankların əsas gəlir mənbəyini “kəsməklə” vəsaitlərini məhz sözügedən sahəni kreditləşdirməyə yönəldəcəklərini düşünmək absurd olardı. Hər bir bank üçün ən ümdə problem yatırım məsələsidir. Heç bir bank, hətta pulu nə qədər çox olsa belə, riskli yerə yatırmır.

İkincisi, ölkəmizdə iqtisadiyyatın real sektorunda kreditə tələbat da qənaətbəxş səviyyədə deyil. Biznesə şərait və maraq yüksək səviyyədə olan yerdə əslində, pula ehtiyac böyük olmalıdır. Bizdə kreditlərin faiz dərəcələri yüksək olduğundan bunu iddia etmək səhv görünə bilər. Bu barədə az sonra...

Üçüncüsü və ən nəhayəti isə, istehsal və ticarətdən kənar xidmət sahələrinə uzunmüddətli kreditlərin qoyuluşu məqsədilə iqtisadiyyatın bütövlükdə qeyri-neft sektorunda mövcud risk səviyyəsi azaldılmaqla yanaşı, kompleks yumşaldıcı tədbirlər həyata keçirilməlidir.

Yeri gəlmişkən, bu ilin fevralında regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı da qeyd etdi ki, son illərdə ölkəmizin bank sektoru sürətlə inkişaf etsə də bankların iqtisadiyyatın real sektoruna daha çox maliyyə resursları yatırmalarının vaxtı gəlib çatıb.

“Bankların funksiyalarından biri də ondan ibarətdir ki, ölkə iqtisadiyyatına daha da böyük təkan versinlər. Xüsusilə, dövlət də bank sektorunun inkişafına böyük dəstək verir. Əhali tərəfindən banklara inamın artırılması üçün dövlət çox böyük tədbirlər görülüb. Bilirsiniz ki, əmanətlər sığortalanır və bu addım banklara inamı böyük dərəcədə artırıb. Ona görə, banklar da öz sosial məsuliyyətini dərk etməli və iqtisadiyyatın real sektoruna kredit şəklində daha çox vəsait ayırmalıdırlar”- deyə, Prezident vurğulayıb.

Məsələ bundadır ki, ölkənin bank sektorunda likvidlik problemi aşkar görünməsə də, maliyyə resurslarına çıxış imkanları məhduddur. Və kreditlərin faiz dərəcələrinin yüksək olması da bundan irəli gəlməkdədir. İqtisadiyyata qoyulan kreditlərin 30 %-ə yaxın hissəsini bankların xaricdən cəlb etdikləri maliyyə təşkil edir. Ona görə də, cari ilin fevralına banklarımızın 4,2 milyard manat xarici borcu yaranmışdı.

Digər məqam isə real sektorun kreditləşdirilməsinin artmasına aiddir. Yuxarıda qeyd etdiyimiz statistikaya əsasən, son 1 ilin ərzində istehsal və sənaye sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilmiş borc vəsaitlərinin 58% yüksəlməsinin özəl sektorun hesabına əldə edilməsi müsbət haldır. Bu, sektorda risk səviyyəsinin azaldığını göstərir. Ancaq dövlətə aid sənaye və istehsal müəssisələrinə isə kredit qoyuluşunun 35% azalmasını başa düşmək olduqca çətindir. Əslində, burada risk səviyyəsi daha aşağı təşkil etməlidir.

Odur ki, bankları qeyri-neft sektorunu kreditləşdirməyə cəlb etmək üçün çox iş görmək lazımdır. Bunun üçün xüsusən də dövlət tərəfindən həm maliyyə, həm də riskləri azaltmaq baxımından banklara açıq dəstək nümayiş etdirilməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti