İran casusu Azərbaycanda ifşa oldu

İran casusu Azərbaycanda ifşa oldu
  23 May 2014    Oxunub:1712
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə İran İslam Respublikasının vətəndaşı, 1980-cı il təvəllüdlü Kərimli Xangah Rauf Çingiz oğlu və Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü Həsənov Samir Mirsahib oğlunun məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının müxbirinin verdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276 (casusluq), 228.2.2 (silah, döyüş sursatları saxlama, əldə etmə, daşıma) 206.3.1 (qaçaqmalçılıq), 214 (terrorçuluq), 234 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) və 274-cü (vətənə xəyanət) maddələri ilə ittiham olunurlar.

İttihama görə, Xangah Rauf Kərimli İranın xüsusi xidmət orqanı olan İran İslam İnqilabi Mühafizəçiləri Korpusunun (SEPAH) əməkdaşı Əli Cəlilinin tapşırığı əsasında Azərbaycan vətəndaşlarını məxfi əməkdaşlığa cəlb edib. Onların vasitəsilə Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi zərərinə olaraq istifadə etmək məqsədilə məlumatlar əldə etmək üçün casusluq edib, odlu silah, döyüş sursarları əldə edərək həmin silahları Azərbaycana gətirib.

İran İslam Respublikasının “Bozarqani Borna Ticarət Azərbaycan” şirkətinin direktoru X.R.Kərimi 2011-ci il, aprelin 3-də Samir Həsənovu SEPAH nümayəndəsi Əli Cəlili ilə tanış edib, onun məxfi əməkdaşlığa cəlb olunmasına köməklik göstərib. Ə.Cəlili S.Həsənova Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yerləşən hərbi bazalarının yerlərinin müəyyənləşdirilməsi, Amerika-Azərbaycan münasibətlərinə dair məlumatlar toplamaq barədə tapşırıq verib.

Bundan başqa, Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrin birində gizir rütbəsində xidmət edən tanışı Xəlilov Səftər İlham oğlunun yanına gedərək gələcəkdə SEPAH-ın nümayəndəsi tərəfindən məxfi əməkdaşlığa cəlb olunması məqsədilə onunla münasibətləri yaxşılaşdırmağı, Astara şəhərində dəniz kənarında yerləşən hərbi hissələrin fotoşəklini çəkərək ona çatdırmaq barədə əmr verib.

S.Həsənov isə onun tapşırıqlarını yerinə yetirəcəyinə söz verib. Ə.Cəlilinin tapşırığı ilə o, “Azadlıq” qəzetinin saytına daxil olub, ABŞ və Azərbaycan arasında olan münasibətlərə dair məlumatları toplayaraq çap edib. Bundan sonra 2011-ci il, mayın 17-də İrana gedərək hər iki şəxslə görüşüb.

X.R.Kərimli digər Azərbaycan vətəndaşı Elşad Xankişiyevi də məxfi əməkdaşlığa cəlb etmək istəyib. Ə.Cəlili Elşada Astara rayonundakı Şahağacı kəndi ərazisində hərbi maşının üzərinə quraşdırılmış lokatorun fotoşəklini çəkməyi və Lerikdə yerləşən “Relax” istirahət mərkəzindən məlumatlar toplayaraq ona çatdırmağı tapşırıb. Bunun müqabilində isə hər ay ona 400 dollar verəcəyini deyib.

X.R.Kərimli ETTELAAT və SEPAH əməkdaşlarının tapşırığı əsasında əldə etdiyi silah-sursatı qaçaqmalçılıq yolu ilə gömrükdən gizli keçirərək Azərbaycana gətirib və kirayə yaşadığı evdə - Bakı şəhəri, Neftçilər prospekti 145, ev 137 “A”da saxlayıb.

Ötən il iyun ayının 8-də qeyd olunan ünvanda axtarış aparılarkən oradan çoxlu sayda silah-sursat tapılıb.

X.R.Kərimli istintaqa verdiyi ilkin ifadəsində silahların ona məxsus olmadığını deyib: “Samiri 5 il əvvəl qohumumuzun evində görüb tanış olmuşam. O, bizim evə dua yazmaq üçün gəlirdi. Bu adam Azərbaycanda mollalıq etməklə məşğuldur. Bir dəfə mənə Molla Cümə ilə görüşmək istədiyini dedi. Molla Cümə Ərdəbildəki mollaların başçısı, əqidəli, sözükeçən, hörmətli adamdır. Mən də Molla Cümənin köməkçisi Əli Cəlilinin telefon nömrəsini vermişəm buna. Elşad Xankişiyevi isə tanımıram, heç kim olduğundan da xəbərim yoxdur”.

Digər təqsirləndirilən Samir Həsənov istintaqa verdiyi ifadəsində Bakı İslam Universitetini bitirdikdən sonra bakalavr təhsilini Qahirədəki əl-Əzhər Universitetində davam etdirdiyini göstərib: “Həm ticarət, həm də ziyarət üçün 2007-ci ildən İrana gedib-gəlirdim. Orada olarkən Mohsen Kobinzade ilə tanış olmuşdum. Həmin şəxs İran Astarasında yaşayır.

2011-ci ildə Mohsen zəng vurub mənə iş tapdığını dedi. Onunla görüşəndə məni Xangah Raufla tanış etdi. Həmin vaxt yanımızda Əli və Mehdi adlı şəxslər də vardı. Orada mənə İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək təklif olundu. Tərəddüd etdim. Xangah Rauf Mehdi məni bu əməkdaşlığın Azərbaycana qarşı yönəlmədiyinə inandırdılar. Dedilər ki, bu, İslamın düşmənləri olan İsrail və Amerikaya yönələn bir hərəkətdir”.

Məhkəmədə ifadə verən İran vətəndaşı X.R.Kərimli və S.Həsənov özlərini təqsirli bilmədilər. Onlar SEPAH-dan sifariş almadıqlarını dedilər. Məhkəmə prosesi mayın 29-da davam edəcək.

Virtualaz.org


Teqlər:  





Xəbər lenti