Jurnalistlər səviyyəsizdirlərmi? (I Yazı)
Şəxsiyyətinə böyük hörmət bəslədiyim, sevimli ədəbiyyat müəllimim Səyyad Arandan eşitmişdim bu rəvayəti ilk dəfə:
Qapı cırıldayır. Seyid Əzimi addım səslərindən tanıyan müəllimi geri baxmadan “Seyid Əzim qayıtdın?” deyə sual edir və çevrilərək islanmış cücəyə bənzəyən istəkli tələbəsini bağrına basır. Və onu qandırır ki, təkcə elmlə uğur qazanmaq mümkün deyil. Xüsusən də o toplumlarda ki, həmin cəmiyyətin əksəriyyəti cahil və avam fərdlərdən ibarətdir. Belə cəmiyyətlərdə uğur qazanmaq istəyənin elmdən çox, helmə ehtiyacı var. Elminlə bərabər, helmində varsa, nə gözəl! Elmin yoxsa, helm uğurun tək düsturudur. Elm isə uğurun heç 1 faizidə deyil. Sonradan ustad helmin yollarını da Seyid Əzimə öyərdir”.
(Rəvayəti tam təfsilatı ilə bilmək istəyənlərə müəyyən şərtlər daxilində nəql edə bilərəm. - A.S.)
Bizim toplumda da təxminən oxşar vəziyyət hökm sürür. Xaricdə dövlət dəstəyi ilə yüzlərlə həmvətənimizin təhsilini uğurla başa vurub vətənə dönməsinə, xeyli elmli gənclərin yetişməsinə rəğmən, yenə də meyxana ustaları, fala baxanlar, ayı boğanlar iş başındadırlar. TV-lərdə xoşmadamların vətəndaşı mənəvi və əqli axtalayan “Səni axtalayıram”, “Xamıt var” və “Ay Traur” verilişləri meydan sulayır.
Səbəb nədir? Əslində bu mövzu üçün jurnalist dostum Ceyhun Musaoğlu tutalqa verdi. Dedi ki, üç nəfər xalq artisti araq məclisində jurnalistlərin səviyyəsizliyyindən dil boğaza qoymadan danışırlarmış. Doğrudur, Ceyhun da onları yerində otuzdura bilib. Amma məncə bir məsələni onların diqqətinə çatdırmağı unudub. Bizdə jurnalistin, aktyorun, bütün peşə sahiblərinin əksərinin səviyyəsi orta hesabla toplumun ictimai şüur səviyyəsinə bərabərdir. Bu nəticəni doğuran kompleks səbəblər var.
Rus işğalı ilə qismən qırılmış sosial-fəlsəfi vərəsəlik bolşevik işğalına qədər az da olsa saxlansa da, sovetlər dövründə tamam qırıldı. Sovetlərə qədər bizim xalqın bioloji varlıqdan ictimai fərdlərə çevrilmə prosesi az da olsa sürətlənmişdi. Sovetlərin şurəvi şüur ekspansiyası bizim təbii ictmai fərdə çevrilməmizin istiqəmətini dəyişməklə spontan gedən prosesi tormozlasa da, SSRi-nin çökməsindən sonra təfəkkür oyanması baş verdi. SSRİ dövründə yetişmiş yüzlərlə tanınmış elm, mədəniyyət xadimlərini nümunə göstərərək sovet təhsil sisteminin uğurlarını qarşımıza arqument kimi atanların mülahizələri inkaredilməzdir. Lakin həmin ideoloji təhsil sistemi və digər vasitələrlə sırınan yeni və qondarma dünyagörüşü sistemi süni bazis üzərində qurulduğundan sovetlərin çökməsi ilə darmadağın oldu.
Cəmiyyətin sosial-maddi strukturunun pozulması təbii olaraq zehinlərə, insanların süni formalaşdırılmış mənəvi dünyasına da sirayət etdi. Bolşeviklərin uyutduğu beyinlər oyandıqda, müxtəlif dini təmayüllərin(xüsusən dəislami cərəyanların), mövhumatın, cəhalətin əsirinə çevrildilər. Yəni beyinin daha asan qavrayacağı yüngül meyllərin təsiri daha güclü oldu. Elmi yox, helmi daha güclü olanlar topluma daha çox nüfuz edə bildilər. Məlum oldu ki, sovetlər dönəmində əksər şəxslər simfonik musiqi konsertlərinə partiya rəhbərliyinin qorxusu altnda gedirlərmiş. Əks təqdirdə, sovetin simfonik musiqi “azarkeşlərin”nin nəvələrininmüstəqillik dövründəki toylarında qayınanalar Namiq Qaraçuxurlu ilə şəkil çəkdirmək üstündə dava salmazdılar.
Məscidləri bağlatdıranların övladları müəllimi taksi sürücüsü kimi işlədib mollaya süfrəsinin başında yer verməzdilər. Kənddə “Yasin” surəsini gözəl avazla oxuyan dayım nəvəsi Neft Akademiyasının dosenti olan xalam oğlundan daha hörmətli olmazdı. Televiziyada qiraət edəcəyi şeirlərdən və rolunu oynadığı tamaşa pyeslərindən başqa bir mütaliəsi olmayan primitiv xalq artisti işi-gücü fəlsəfə və ədəbiyyat oxumaq olan jurnalistə səviyyə dərsi keçməzdi...
(Ardı var)