“Leyla Yunus o insanlardandır ki,..” – Bahar Muradova

“Leyla Yunus o insanlardandır ki,..” – Bahar Muradova
  27 May 2014    Oxunub:1213
"Leyla Yunusun məntiqincə Azərbaycanda nə qədər məhkum varsa, hamısı siyasi məhbus olmalıdır"
Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün imzalanan əfv sərəncamı, hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı iddiaları və s.oxşar məsələlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- İlk olaraq bu gün imzalanan əfv sərəncamına münasibətini bilmək istərdik.

- Hər bir məhkum, onun yaxın adamları əfv müraciəti edə bilər. Həmin müraciətlər Prezident yanında Əfv Komissiyasında cəmləşir. Sənədlər yoxlanıldıqdan sonra cənab prezidentə təqdim olunur. Kimlərin əfv olunması cənab prezidentin müstəsna səlahiyyətindədir. Prezidentə təşəkkür etmək lazımdır ki, o, hər zaman olduğu kimi, bu dəfə də hümanist siyasətini davam etdirib. Vacib bir bayram ərəfəsində atılan bu addımı ikiqat sevinc kimi qəbul etmək lazımdır. Mən əfv olunan hər bir şəxsi və onların yaxınlarını təbrik edir, bir daha həbsxanaya düşməmələrini arzulayıram.

- Azərbaycanda siyasi məhbusların olduğunu iddia edən hüquq müdafiəçiləri iki fərqli siyahı tərtib ediblər. Hüquq müdafiəçisi Leyla Yunusun hazırladığı siyahıda yüzdən çox şəxsin adı yer alıb. Siz, ümumiyyətlə, Azərbaycanda siyasi baxışlarına görə insanların təqibə, həbsə məruz qaldığını düşünürsünüzmü?

- Azərbaycanda heç kəs siyasi baxışlarına görə cəzalandırılmayıb. Amma cinayət törədən, hüquq pozuntularına yol verən şəxslərin siyasi mənsubluğu var. Bunu heç kəs inkar etmir. Siyasi mənsubiyyətlilik heç kəsi qanun qarşısında məsuliyyətdən azad etmir. Siyasi mənsubiyyəti əldə bayraq edib hansısa qanunsuz məqsədlər üçün mücadilə etmək də doğru deyil. Necə ki, Azərbaycanda heç kəs belə bir niyyətdə olsa belə, həyata keçirə bilmir. Ölkədəki hüquq müdafiəçilərinin məhbuslarla bağlı siyahıları var. Siyahılar bir-birindən fərqlənir. Adlarını da qoyublar "siyasi məhbus siyahısı". Belə bir qayda da yoxdur ki, əfv siyahısına yalnız hüquq müdafiəçilərinin təklif etdikləri adlar olmalıdır. Əfv sərəncamı imzalanarkən insanların siyasi mənsubiyyəti əsas götürülmür. İki müxtəlif siyahının olması da göstərir ki, hüquq müdafiəçiləri ölkədə insanların siyasi mənsubiyyətinə görə həbsi ilə bağlı birmənalı fikirdə deyillər, onların aralarında ziddiyyət mövcuddur. Bəziləri hüquq müdafiəçiliyi ilə bağlı kriteriyaları nəzərə alır, bəziləri isə cinayət törətmiş şəxsin adını siyahıya salıb öz və ya başqa qrupların məqsədləri üçün istifadə edirlər. Leyla Yunus da bu qəbildən olan insanlardan biridir. Açığı, təəccüblənirəm ki, onun siyahısı niyə belə azdır. Onun məntiqilə, Azərbaycanda nə qədər həbsdə insan varsa, hamısı siyasi məhbus olmalıdır.

- Hüquq müdafiəçiləri təqdim etdikləri siyahıdakı şəxslərin azadlığa buraxılmadığını görəndə, əfv fərmanından narazılıqlarını ifadə edirlər. Bu dəfə də eyni narazılıq oldu. Necə düşünürsünüz, əfv sərəncamı verilərkən hüquq müdafiəçilərinin təklifləri nəzərə alınmalıdırmı?

- Təəssüf ki, bəzi insanların pulu kimlərəsə "siyasi məhbus", "vicdan məhbusu" adlarını verməkdən çıxır. Mən bunu deyərkən, normal hüquq müdafiəçilərini nəzərdə tutmuram. Hüquq müdafiəçiləri cəmiyyətdə humanizm prinsiplərinin bərqərar olmasına çalışmalıdır. Amma Azərbaycanda bəzi hüquq müdafiəçiləri var ki, sifarişlə, qrant almaq məqsədilə bəzi insanların düşdükləri çətin durumdan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma qanunun aliliyi təmin ediləndə bu cür insanların məqsədləri həyata keçmir. Bu məsələlər konstitusiya və cənab prezidentin siyasi iradəsi əsasında gerçəkləşdirilir. İndi yüzdən çox məhbusa imkan yaradılıb, şans verilib ki, azadlıqda yaşasınlar, cəmiyyətə inteqrasiya olunsunlar. İnsanların taleyindən başqa siyasi məqsədlər üçün istifadə edildikdə təəssüf doğurur.

- Sabiq səhiyyə naziri Əli İnsanovun əfv olunacağına dair xəbərlər var idi. Ahıl yaşda olan sabiq nazir cəzasının çox hissəsini çəkib. Onun vaxtından əvvəl azadlığa buraxılmamasını necə qiymətləndirmək olar?

- Mən bu işin incəliklərini bilmirəm. Əli İnsanovun əfv üçün ərizə yazıb-yazmadığını da deyə bilmərərm. Əfv üçün müraciət edənlər çox ola bilər. Amma qərar verilərkən müəyyən kriteriyalar əsas götürülür. Bu, prezidentin müstəsna səlahiyyətlərinə daxil olduğu üçün, kimin niyə əfv olunmadığını şərh etmək istəmirəm.

- Məhkəmə bu gün Seçkilərin Monitorinqi və Demokratiyanı Tədris Mərkəzinin rəhbəri Anar Məmmədli və onun əməkdaşı barəsində hökm çıxarıb. İddia olunur ki, həmin şəxslər keçirilən prezident seçkilərinə münasibətlərinə görə həbs olunub. Bununla vağlı münasibətiniz necədir?

- İşin incəliyinə bələd olmadan məhkəmə hökmünü şərh etməyi doğru saymıram. Əgər məhkəmənin hökmündən narazıdırlarsa, yuxarı instansiyalara müraciət etsinlər. Kimlərsə çalışırlar ki, insanların barəsində dərhal hökm çıxarılan kimi adlarını hansısa siyahıya salsınlar, səs-küy qoparsınlar. Bu, düzgün deyil.


Teqlər:  





Xəbər lenti