Rusiya Qarabağa görə Ermənistana yox deyəcək

Rusiya Qarabağa görə Ermənistana yox deyəcək
  27 May 2014    Oxunub:997
Ruisiyanın Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət Dumasının keçmiş deputatı,, Rusiya İctimai Palatasının nümayəndəsi, siyasi-iqtisadçı Serqey Markov, mətbuata müsahibəsində Ermənistanın Gömrük İttifaqına qoşulmasını şübhə altına alıb. Rusiyalı siyasətçi bunu Dağlıq Qarabağla əlaqələndirib.

`Yatıb duracağıq, hooop Gömrük İttifaqındayıq`...

Ermənistan hökuməti artıq şələ-küləsini yığıb, mayın 29-da Gömrük İttifaqına qoşulmağa hazırlaşır; qurumuş qələmləminin mürəkkəbini təzələyərək, bu gecəni də yataq-duraq sabah böyük qardaşımız Rusiya, Belarus və Qazaxıstanla sənədlərimizi imzalayıb Avroasiya İqtisadi məkanını formalaşdırarıq, deyə sabahın açılmasını gözləyirlər. Lakin `Qarabağ kabusu` deyəsən bu gecə də erməniləri rahat yatmağa qoymayacaq.

Məlum olduğu kimi Ermənistanın Gömrük İttifaqına qoşulması prosesinin ləngiməsinin səbəblərindən biri və demək olar ki birincisi ittifaq daxilində Qarabağın statusu ilə bağlı fikir ayrılığıdır.

Xatırladaq ki, Qazaxıstan Ermənistanın Gömrük İttifaqına qoşulması məsələsində Qarabağ problemi ilə bağlı izahat tələb etmişdi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Ali Avrasiya İqtisadi Şurasının iclasında məhz Qarabağ sərhədlərinə diqqət çəkərək bildirmişdi ki, Ermənistanın Gömrük İttifaqına qoşulması haqqında "yol xəritəsi"ni yalnız xüsusi rəylə imzalamağa hazırdır.

Bu dəfə isə Ermənistana zərbə onun yeganə güvən yeri Rusiyadan gəldi. Rusiya Dövlət Dumasının keçmiş deputatı, Ruisiyanın Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, İctimai Palatanın nümayəndəsi, siyasi-iqtisadçı Serqey Markov, erməni mətbuatına müsahibəsində Rusiyanın Ermənistanı Gömrük İttifaqına qəbul etməyəcəyini bildirib.

“Bu gün Rusiya Ermənistanı Qarbağla birgə Gömrük İttifaqına qəbul edə bilməz. Hər şeydən əvvəl ona görə ki, Rusiya Azərbaycanı da İttifaqa cəlb etmək istəyir. Ermənistanın Gömrük İttifaqına Qarbağla birgə üzvlüyü isə, Rusiyanın Qarabağı tanıması anlamına gələr. Əslində isə belə deyil. Hesab edirəm ki, Rusiyanın mövqeyi aşkardır. Bu mümkün olan bir iş deyil. Ermənistan qoşulası olsa da, tək qoşula bilər. Ümumiyyətlə,Ermənistan yaxın gələcəkdə Rusiyanın inteqrasiya layihələrinə qoşulmayacaq ”, deyə rusiyalı siyasətçi bildirib.

`Problem Ermənistanın özündədir`

Markovun fikrincə, ittifaqa üzv dövlətlərin Ermənistanı qəbul etməmələrinin başlıca günahkarı elə Ermənistan özüdür: “ Qarabağın statusu məsələsini Rusiya həll edə bilməz, bu daha geniş bir mövzudur. Bunu nə Abxaziya, nə də Cənubi Osetiya məsələsinə bənzətmək olmaz. Problem Ermənistanın özündədir”.

Bir əldə iki qarpız; Rusiya, yoxsa ABŞ

Ermənistanın İttifaqa qoşulmasının ümmumiyyətlə sonu görünməyən bir proses olduğunu deyən S. Markov, yerli hakimiyyəti Avropa ilə Rusiya arasında ikili siyasət yürütməkdə qınayıb.

“Zənnimcə Ermənistan hökuməti Gömrük İttifaqına qoşulma prosesini başlatmaqda bir qədər tələsib, çünki heç Ermənistan hökumətinin özü də birmənalı qərar qəbul etməyib. Hazırki məqamda prosesin uzanmasında yerli hökumətin özünün də marağı var. Ermənilərin məqsədi həm də ABŞ və Avropa İttifaqı ilə azad əlaqələr qurmaqdır. Odur ki, Ermənistan regiondakı vəziyyəti izləyir: Rusiya regionun lideridir, məhz buna görə də ABŞ və Avropa İttifaqının təzyiqlərinə məruz qalır. Tərəflər arasında davam edən açıq mübarizədə ya Avropa İttifaqı qalib olacaq, ya da Gömrük İttifaqı. Mənə belə gəlir ki, Ermənistan hələ hansı tərəfin qalib gələcəyini bilmir deyə, İttifaqa qoşulmaq məsələsini dondurub və bir əlində iki qarpız gözləmə mövqeyinə keçib. Unutmamısınızsa, Yerevan az qala Avropa İttifaqı ilə assosiasiya sazişi də imzalayacaqdı...”

Rusiya Ermənistanı necə tənbeh edəcək?

O ki, qaldı Rusiyanın Ermənistanın bu ikili siyasətinə münasibətinə, Markov bildirib ki, istənilən halda ölkəsinin cavabı kobud olmayacaq. Onun fikrincə, Rusiya Ukraynada hadisələrin inkişafını nəzərə alaraq daha zəif tərəfdaşına təzyiq göstərməyəcək. Başqa sözlə desək, hələlik başı Ukrayna probleminə qarışan Rusiyanın milçək kimi ürək bulandıran Ermənistana sərf edəcək vaxtı yoxdur.

Məlumat üçün qeyd edək ki, sabah, mayın 29-da Qazaxıstanın paytaxtı Astana şəhərində Rusiya, Qazaxıstan və Belarus prezidentləri Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalayacaq. Qazaxıstanın Müstəqillik Sarayında baş tutacaq tədbirdə Ermənistan və Qırğızıstan prezidentləri də iştirak edəcək.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti