Britaniya lordu: `Minsk qrupu Qarabağa maneədir`
Bunu jurnalistlərə açıqlamasında Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Lord Kilkluney söyləyib.
Lord Kilkluney bildirib ki, Böyük Britaniya Azərbaycana ən böyük investisiya yatıran ölkədir: "Ancaq biz bununla kifayətlənmirik və investisiya qoyuluşunu daha da artırmaq istəyirik. Yalnız enerji sahəsində deyil, o cümlədən bank sektoru, səhiyyə və digər sahələrdə də əməkdaşlığı genişləndirmək niyyətindəyik. Çünki Azərbaycan gözəl və inkişaf edən bir ölkədir".
Azəpbaycan və Böyük Britaniya parlamentləri arasında münasibətlərə toxunan deputat qeyd edib ki, iki ölkənin parlamentləri arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur: "Eyni zamanda, Avropa Azərbaycan Cəmiyyəti Böyük Britaniyada Azərbaycanla bağlı ciddi təbliğat işləri aparır".
ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan Lord Kilkluney hesab edir ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bir maneədir: "Çünki Minsk qrupuna ABŞ, Rusiya və Fransa nəzarət edir. Bu üç ölkə Azərbaycana opponentlik edən ölkədir. Çünki 20 ildir ki, münaqişə öz həllini tapa bilmir".
Münaqişənin həlli ilə bağlı hansı yeni formatın zəruriliyinə gəlincə, Lord Kilkluney bildirib ki, hələlik bu barədə konkret fikir bildirmək çətindir: "Bu sahədə konkret fikir bildirmək üçün zamana ehtiyac var" (Trend).
Teqlər: