KORKUT qorxudacaq: Türkiyənin yeni HHM sisteminin özəllikləri - Ədalət Verdiyevin yazısı

      KORKUT qorxudacaq:    Türkiyənin yeni HHM sisteminin özəllikləri -    Ədalət Verdiyevin yazısı
  12 Sentyabr 2023    Oxunub:4045
KORKUT Hava Hücumundan Müdafiə (HHM) kompleksi dünyadakı anoloqlarından fərqlənir. Kompleks desant daşımaq imkanlarına malik FNSS ZMA-30 platformasında qurulmuş 35 mm.-lik ATOM ağıllı qəlpəli sursatından istifadə edir. KORKUT Türkiyənin hava hücumundan müdafiə qabiliyyətini daha da artıracaq.
Özüyeriyən çoxlüləli HHM kompleksi 4 kilometr atəş məsafəsinə malikdir. O, alçaq hündürlükdə hava hücumundan müdafiə ehtiyaclarını qarşılamaq üçündür. Türkiyənin Müdafiə Sənayesi Nazirliyi (SSB) ilə ASELSAN arasında 19 may 2016-cı ildə imzalanmış müqaviləyə əsasən istehsal olunur. İlk partiyası elə həmin il silahlanmaya qəbul edilib. 2022-ci ilin dekabr ayına qədər Türkiyə Silahlı Qüvvələrinə 9 ədəd KORKUT kompleksi çatdırılıb.


Hazırda KORKUT kompleksi 3 Silah Sistemi Vasitəsindən və 1 Komanda İdarəetmə Vasitəsindən ibarətdir. Kompleksi pilotsuz uçuş aparatlarına (PUA), helikopterlərə, "hava-yer" və qanadlı raketlərə qarşı təsirlidir. ASELSAN tərəfindən Türkiyə Quru Qoşunları Komandanlığına çatdırılması davam edən KORKUT-dan Suriya və Liviyadakı döyüş əməliyyatlarında aktiv istifadə edilir.

Komanda və İdarəetmə Vasitəsi (KKA)

Komanda və Nəzarət Vasitəsi 3D axtarış radarı ilə hədəfin aşkarlanması və izlənilməsini həyata keçirir. O, həmçinin lokal hava məkanının mənzərəsini yaradır, təhdidləri qiymətləndirir və Silah Sistemi Vasitələrinə hədəflər təyin edir.

Komanda və İdarəetmə Vasitəsində ASELSAN-ın mobil axtarış radarından istifadə edilir. Bu radar X-diapazonlu yayım tezliyinə, 75+ kilometr əhatə məsafəsinə, 25 kilometr qırıcı təyyarə aşkarlama məsafəsinə və aktiv fazalı anten arxitekturasına malikdir.


Kompleksin xüsusiyyətləri

• Zirehli mexanikləşdirilmiş bölmələrlə birgə tapşırıqların icrası;
• 3 ədəd Silah Sistemi Vasitəsinin eyni mərkəzdən paralel idarə edilməsi;
• 3D axtarış radarı ilə hədəfin aşkarlanması və izlənilməsi;
• Yerli aerofotoşəkil yaratmaqla təhlükənin qiymətləndirilməsi və silahların yerləşdirilməsi proseslərinin həyata keçirilməsi;
• Yüksək səviyyəli komanda və idarəetmə elementləri ilə koordinasiyalı fəalliyyət;
• İnteqrasiya edilmiş IFF (Identification friend or foe - dost/düşmən tanıma) sistemi;
• Müxtəlif ehtiyaclara uyğunlaşdırıla bilən idarəetmə funksiyaları və müxtəlif interfeyslər.


KORKUT-un Silah Sistemi Vasitəsinin xüsusiyyətləri

• Hərəkətdə ikən atəş aça bilən və hədəflərə kilidlənən silah qülləsi;
• Atəşə nəzarət radarı və E/O sensorları ilə inteqrasiya olunmuş platforması ilə dəqiq hədəf izləmə imkanı;
• 35 mm KDC-02 tipli ikilüləli silah sistemi ilə yüksək atəş gücü (dəqiqədə 1100 atış);
• İki müxtəlif növ sursatın eyni vaxtda yüklənməsi imkanı;
• Avtomatik Zolaqsız Sursat Qidalanma Mexanizmi (OSMBM);
• Qəlpəli sursatların istifadəsi ilə hava hücumundan müdafiə vəzifələrinin müəyyən edilməsi;
• Kompleks fırlanan qanadlı vasitələr, "hava-yer" raketləri, qanadlı raketlər və pilotsuz uçuş aparatlarına qarşı effektivdir;
• Yüksək imkanlara malik komanda-idarəetmə koordinasiyası;
• Qabaqcıl atəşi idarəetmə alqoritmləri.


Texniki xüsusiyyətləri

Kompleksin atıcı qurğusunun texniki xüsusiyyətləri tam açıqlanmır. Açıq mənbələrdən məlum olanlar bunlardır:
• İstehsalçı: ASELSAN, FNSS (şassi hissəsi);
• Sursatı: 35 mm-lik ATOM;
• Lülə sayı: 2 ədəd;
• Atəş məsafəsi: 4 km;
• Uzunluğu: 7 m;
• Eni: 3.9 m;
• Hündürlüyü: 2.2 m;
• Maksimum sürət: 65 km/saat.


Nəticə

Nəzərə alsaq ki, Türkiyənin müdafiə sənayesinin əsas məqsədi yaxın, orta və uzaq mənzilli HHM sistemlərində xarici asılılıqdan tam qurtulmaqdır, yaxınmənzilli KORKUT kompleksinin yaradılmasının məqsədləri barədə suallar avtomatik aradan qalxır. KORKUT-un 65 km/saat sürətə malik özüyeriyən şassiyə malik olması sabit sistemlərlə müqayisədə üstün manevr imkanları təmin edir. Umumilikdə 400 ədəd mərmi daşıma qabiliyyətinə malik özüyeriyən platformanın üzərinə ehtiyaclara uyğun olaraq əlavə STINGER və IGLA-S kimi qısamənzilli idarə olunan raketlərin quraşdırılması imkanı isə KORKUT-u analoqları arasında qorxunc liderə çevirir.


ASELSAN-ROKETSAN-TÜBİTAK-SAGE əməkdaşlığı nəticəsində yaradılan SİPER adlı uzaqmənzilli HHM sistemlərinə aid layihənin bu il tamamlanması və Türkiyə Silahlı Qüvvələrinin arsenalına qəbul edilməsi, "Hisar-A" və "Hisar-O" Hava Hücumundan Müdafiə sistemlərinin modernləşdirilməsinin başa çatdırılması və s. mühüm nailiyyətlərdir. Bütün bunlar Türkiyənin cənab Rəcəb Tayyib Ərdoğanın uğurlu siyasəti nəticəsində PUA sahəsində əldə etdiyi möhtəşəm uğurların yaxın illərdə HHM sistemlərinə də sirayət edəcəyini göstərir. Biz isə qardaş ölkə olaraq bu nailiyyətlərdən qurur duyur, yerli müdafiə sənayemizin də Türkiyədən olan silah mühəndislərindən nümunə götürməsini və qardaşlarımızla sinxron çalışmasını arzu edirik.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Türkiyə   Silah  





Xəbər lenti