Pan Gi Mun İlham Əliyevə salam göndərdi

Pan Gi Mun İlham Əliyevə salam göndərdi
  11 İyun 2014    Oxunub:1004
Azərbaycan Respublikasının Birləşmiş Milətlər Təşkilatı yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev etimadnaməsini BMT-nin baş katibi Pan Gi Muna təqdim edib.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən verilən məlumata görə, görüşdə səfir Y.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını baş katibə çatdırıb və ölkəsinin BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıdığını vurğulayıb, qurumun Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə istinad edərək, BMT-nin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Səfir Yaşar Əliyev bir sıra vacib sahələrdə, xüsusilə multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulayıb.

O, həmçinin, Azərbaycanın beynəlxalq səviyyədə sülhpərvər siyasətinin göstəricisi kimi 2015-ci ildə ilk Avropa Oyunlarının və 2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini də baş katibin diqqətinə çatdırıb.

BMT-nin Baş katibi Pan Gi Mun salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib və ölkəmizin daha da inkişafı naminə yorulmaz fəaliyyətində dövlətimizin başçısına uğurlar arzulayıb.


Teqlər:





Xəbər lenti