Rusiya səfiri: "Ermənistan və Qarabağ erməniləri bizim üçün çox vacibdir"

      Rusiya səfiri:    "Ermənistan və Qarabağ erməniləri bizim üçün çox vacibdir"
  11 Oktyabr 2023    Oxunub:1323
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin başçılıq etdiyi nümayəndə heyəti erməni köçkünlərin ehtiyaclarını qiymətləndirmək, qubernator Robert Qukasyan ilə bir sıra məsələləri müzakirə etmək üçün Zəngəzura səfər edib.
AzVision.az xəbər verir ki, Kopırkin səfərin nəticələri ilə bağlı erməni mediasına açıqlamasında yerli xalq haqqında xoş ifadələr işlədib.

"İrəvanla hərbi qardaşlıq ənənələrimiz yox olmayıb"- Kopırkin
"Hazırda Ermənistanda və Zəngəzur bölgəsində baş verənlər Rusiya üçün çox vacibdir. Ermənistan və erməni xalqı, o cümlədən "Dağlıq Qarabağ" erməniləri də bizim üçün vacibdir. Onlar bizə yad deyillər. İki xalq bir-birinə sıx bağlıdır. Bu xalqın yaşadığı vəziyyəti və ağrıları özümüzünkü kimi qəbul edirik. Kim nə deyir desin, Rusiya hər şeylə maraqlanır. O, öz əməlləri ilə göstərdi, göstərir və göstərəcək ki, bu bizə çox mühüm ölkə və xalqdır. Hansı ki, ölkəmiz onunla əsrlər boyu əlaqələr qurub və gələcəkdə də qurmaq niyyətindədir", - səfir deyib.

Kopırkin əmin edib ki, Rusiya rəhbərliyi Zəngəzurun problemlərinə böyük diqqət yetirir və Moskva ilk növbədə humanitar xarakterli məsələlərə diqqət ayıraraq, onların həllinə kömək etməyə hazırdır.

Yerli hakimiyyət orqanları ilə müzakirə olunan digər mühüm məsələ Qafanda Baş Konsulluğun açılması olub. Kopırkin göstərdiyi köməyə və konstruktiv yanaşmaya görə Zəngəzur rəhbərliyinə təşəkkür edib.

Onun sözlərinə görə, mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin görüşü zamanı Ermənistan tərəfi Rusiya konsulluğunun açılması təşəbbüsünü bəyənib.

"Bu, yeni və çox vacib məqamdır. Bizim burada çalışan, açılışa hazırlaşan qabaqcıl diplomatlar qrupumuz var", - səfir qeyd edib.

Rusiya nümayəndə heyətinin səfərinin digər məqsədi regionda fəaliyyət göstərən rus hərbçilər, 102-ci hərbi bazanın tabor qrupu, sərhədçilər ilə təmaslar olub.

Diplomat qeyd edib ki, bu insanlar çətin vəziyyətdə Ermənistan sərhədlərinin sabitliyini və təhlükəsizliyini qorumaq üçün çox işlər görürlər: "Rusiya hərbçilərinin və sərhədçilərinin mövcudluğu əvəzsiz rol oynayır. Xüsusən də, vəziyyətin çox gərgin olduğu bir vaxtda "Zəngəzur dəhlizi” ilə bağlı çox danışılır. İnsanlar "Dağlıq Qarabağ"dan sonra nələrin olacağını anlamağa çalışırlar. Təbii ki, insanlara daha çox etimad qazandırmağa kömək edən istənilən hərəkət və addımlar çox vacibdir”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Səfir   Zəngəzur   Qarabağ  





Xəbər lenti