İsrail yerüstü əməliyyata niyə başlamır?

   İsrail yerüstü əməliyyata niyə başlamır?
  24 Oktyabr 2023    Oxunub:10049
“Hzırda Qəzzanı uzaqdan görürsünüz, amma tezliklə içəridən də görəcəksiniz”. İsrailin müdafiə naziri Yoav Qalant Cənub Hərbi Dairəsinə səfəri zamanı yüksək rütbəli komandirlərə belə demişdi. Baş nazir Benyamin Netanyahu hərbçilərin əhval-ruhiyyəsini yoxlamaq üçün Qəzza zolağı ilə həmsərhəd bölgələrə səfəri zamanı oxşar fikir səsləndirmişdi. Amma İsrailin yerüstü əməliyyatının nə zaman başlayacağı haqda hələ də dəqiq məlumat yoxdur.
İsrail hərbçiləri və siyasətçiləri dəfələrlə bəyan ediblər ki, HƏMAS-ın Qəzza zolağında hakimiyyətinə son qoymaq və onun hərbi infrastrukturunu məhv etmək üçün hər şeyi edəcəklər. Mütəxəssislərin fikrincə, bunu yalnız hava zərbələrinin köməyi ilə etmək mümkün deyil. Ordunun Mərkəzi Dairəsinin keçmiş komandanı, ehtiyatda olan general-mayor Qadi Şamni “Kan REKA” radiostansiyasına müsahibəsində deyib ki, Qəzza zolağında təkcə quru əməliyyatı aparmaq kifayət deyil, bu ərazi tam silahsızlaşdırılmalıdır.


Bu məqsədə nail olmaq üçün İsrail Misirlə Qəzza arasındakı zolağa qayıtmalıdır. Qəzza zolağına qaçaqmalçılıq yolu ilə silah və sursatın daşındığı əsas yol buradan keçir. İsrail bu ərazini 2005-ci ildə Qəzzadan geri çəkilmə planının tərkib hissəsi olaraq tərk edib.

Bunlara baxmayaraq, HƏMAS-ın oktyabrın 7-də İsrail ərazisinə hücumundan dərhal sonra elan edilən quru əməliyyatı hər dəfə təxirə salınır. Təcili səfərbərlik nəticəsində 360 min israillinin orduya çağırılmasına baxmayaraq (son onilliklər ərzində bu, rekord rəqəmdir) əməliyyat keçirilmir. Hətta “Walla” veb-saytının hərbi analitiki Amir Buhbut bəzi əsgərlərin evlərinə buraxılmağa başladığını bildirib. Hərçənd, evə buraxılanlara döyüş hazırlığı vəziyyətində qalmaları tapşırılır: onları istənilən vaxt geri qaytara bilərlər. “Walla”nın yazdığına görə, bu hal narazılığa səbəb olur, çünki insanlar heç nəyi dəqiq planlaşdıra bilmirlər.


Vəziyyət cəmiyyətin əhval-ruhiyyəsinə də təsir edir. Əhali ordunun niyə hərəkətə keçmədiyini başa düşmür və HƏMAS-ın axırına çıxılmayacağından qorxur.

“Walla” saytı əməliyyatın təxirə salınmasının bir neçə səbəbini göstərir. Bunlara Qəzza sektorunda mülki əhalinin itkilərini minimuma endirmək üçün ABŞ da daxil olmaqla, beynəlxalq təzyiqlər, həmçinin “Hizbullah” hərəkatının şimaldan İsrailə mümkün genişmiqyaslı hücumuna hazırlıq daxildir.

Yerüstü əməliyyat məsələsini ABŞ prezidenti Co Bayden də İsrailin hərbi rəhbərliyi ilə müzakirə etmişdi. Böyük Britaniyanın baş naziri Rişi Sunakın İsrailə səfəri zamanı İsrail ordusunu əməliyyata başlamaqdan çəkindirdiyi iddia edilir.

İsrailli jurnalist Ron Ben İşay “Ynet” saytında İsrailin Qəzza ilə bağlı beş döyüş və beş strateji hədəfi özündə əks etdirən mümkün fəaliyyət planını şərh edib. Birincisi plan israillilərin sektorun şimal hissəsinə hərbi nəzarətini əhatə edir. Qəzza şəhərinin özünün də daxil olduğu bu ərazi HƏMAS-ın əsas hərbi infrastrukturunun yerləşdiyi yer olduğundan vacibdir. Sektorun cənubunda İsrail daha dəqiq üsullardan istifadə edərək işləyəcək. Eyni zamanda, şimal sərhədində “Hizbullah” və onunla müttəfiq olan digər silahlı qruplarla qarşıdurmalar davam edəcək.

Mövzu ilə bağlı bu yazı da maraqlıdır:
Hər şey belə başladı: Birinci yəhudi-ərəb müharibəsi, yaxud İsrail necə yaranmışdı

Məqsəd sektorun demilitarizasiyası və Qəzzanın ideoloji-dini deyil, mülki-peşəkar idarəçiliyinin yaradılması olmalıdır. Qəzzanın xarici dünya ilə əlaqə üçün öz limanı olacaq. İsrail də öz növbəsində sektorla sərhədi gücləndirəcək və 1-3 km enində təhlükəsizlik zonası yaradacaq. İsrail ordusu Qəzza zolağında qalmayacaq, lakin "terrorçuları isti izlərlə təqib etmək" üçün ora daxil olmaq hüququnu özündə saxlayacaq.

Hərbi vəziyyət üzrə kabinetin üzvü Benni Qantsın sözlərilə desək, “Cənubda, lazım gələrsə şimalda və ya başqa yerlərdə müharibə aylarla çəkə bilər, lakin bərpa illərlə davam edəcək”. Keçmiş müdafiə naziri qeyd edib ki, İsrailin məqsədi təkcə HƏMAS-ı məğlub etmək deyil, ölkənin silahlılar tərəfindən dağıdılmış cənubunu “cənnətə” çevirməkdir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti